Meyitdən ürək köçürülən 21 yaşlı oğlanın atası danışıb
Bakıda meyit donordan ürək köçürülən 21 yaşlı Rəşad Məmmədəliyev hazırda Mərkəzi Klinikada ciddi həkim nəzarətində saxlanılır.
“İnformator.az” xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Rəşad Məmmədəliyevin atası Abbasəli Məmmədəliyev deyib.
O bildirib ki, oğlunda ürək problemi hərbi xidmət zamanı aşkar edilib:
"Hərbi xidmətə gedərkən həkim müayinəsindən keçəndə Rəşadın səhhətində problemlər aşkarlandı. Hərbi Həkim Komissiyasında müayinə zamanı məlum olub ki, onun böyrəyində kista var.
Amma bu, ciddi problem hesab edilməyib və Rəşad hərbi xidmətə göndərilib. Hərbi xidmətdə olarkən səhhətində yenidən problem yaranıb və o, hərbi hospitala göndərilib.
Hərbi hospitalda müayinə zamanı məlum olub ki, Rəşadın ürəyində böyümə var. Rəşadda yerimə problemi, təngnəfəslik və digər əlamətlər aşkarlanandan sonra müalicələr başlandı. Təxminən 5-6 ay əvvəl bir neçə həkimə müraciət edəndən sonra Mərkəzi Klinikada Kamran Musayevin qəbulunda olduq.
Kamran Musayev əməliyyatı üzərinə götürüb və oğlum üçün donor da tapıb.Oktyabrın 23-də gecə saat 3 radələrində əməliyyat başlanılıb, günorta 11:30-da başa çatıb. Bütün xərcləri Mərkəzi Klinika öz üzərinə götürüb.
Hazırda vəziyyəti yaxşıdır, palata şəraitində həkim nəzarətində saxlanılır. Həkim nəzarəti ilə qismən hərəkət edir, özünü normal hiss edir. Hələ ki, görüşə icazə vermirlər. Telefonla qısamüddətli danışır".
