00:00:00
Yazar
Nərmin Həşimova
14.04.2026 20:31 16 6 dəq oxuma
Maraqlı

“Millət atalarına” xidmət göstərən “ziyalılarımız”

“Millət atalarına” xidmət göstərən “ziyalılarımız”

“Tarixin müxtəlif mərhələlərində ədəbiyyat bu və ya digər dərəcədə dövrün, epoxanın səsi olub, mövzu, ideya və problematika baxımından zamanla səsləşib. Ancaq tarixin heç bir mərhələsində ədəbiyyat hələ 20-ci illərdə (əslində bu proses Azərbaycan ədəbiyyatındakı 1920-ci illərin ortalarından başlayaraq 1980-ci illərin sonuna kimi davam edib – Q.D) olduğu kimi, hakim sinfin, yaxud partiyanın, eləcə də dövlət ideologiyasının ruporuna bu dərəcədə çevrilməyib”.


Yuxarıda qeyd etdiyimiz bu illər ərzində Leninə, Stalinə və daha neçə-neçə “millət atalarına” həsr edilmiş milyonlarla “əsər”lərində şairlərimiz, yazıçılarımız hətta alimlərimiz bu “millət ataları”nın qarşısında özlərini süpürgəçi kimi təqdim etməkdən “şərəf” duyduqlarını gizlətməyiblər. (Nə qədər acınacaqlı bir fakt).
 
“İnqilab və mədəniyyət” jurnalının 1934-cü ildə çap olunan 4-cü sayında ədəbiyyatşünas alim Əkrəm Cəfərin “Dahi Stalinə” həsr etdiyi şeiri oxuyarkən alimin yaradıcılığına və şəxsiyyətinə olan fikirlərim alt-üst oldu. Stalinin qarşısında “SÜPÜRGƏÇİ” olmağından qürur duyduğunu bəyan edən alim yazırdı:
           İnsanların içində,
           Görünməmək üçün,
           Nə burjuy, nə dilənçi,
           Olacağam o rəhbərin,
           Qarşısında süpürgəçi.

 
Yaradıcılığa şeirlə başlayan Əkrəm Cəfər bu şeiri yazanda Moskvada ali təhsil alırmış və şeiri də “Cavidə açıq məktub” adı ilə 1930-cu ildə qələmə alıb. Hələ ədəbi aləmdə yenicə addım atan Ə.Cəfər nəinki ədəbi mühitdə, hətta cəmiyyətdə öz yeri və mövqeyi ilə yetərincə tanınan böyük şəxsiyyət, istedadlı yazar, mütəfəkkir filosof-şair Hüseyn Cavidə “məsləhət” verərək pafoslu bir müraciətlə “şeirlərim şeirlərinlə vidalaşdı, gedib girdilər komsomola!”,-deyə Cavid əfəndiyə yeni poetik yol təklif edirdi. Komsomol təfəkkürlü “gənc şair” Hüseyn Cavidi “köhnə şair” adlandıraraq gözündəki köhnə eynəyi endirməsini tələb edir və zərərli, yanlış poetik yoldan çəkilməyi tövsiyə edirdi?!
 
Ə.Cəfərin bu “məsləhət və tövsiyələrini” alqışlayan Mehdi Hüseyn həmin jurnalın 1931-ci il iyul-avqust tarixli, 7-8-ci saylarında “Uyğunlaşma və xırda burjua mütərəddidliyi əleyhinə” adlandırdığı məqaləsində yazırdı: “…Əkrəm Cəfər Moskvadan Cavidə “Açıq məktub” göndərmiş və ondan ayrıldığını bildirmişdir. Bu hadisə özü-özlüyündə müsbət bir hadisədir”.
 
Dahi Caviddən ayrılmağı müsbət hadisə sayan Mehdi Hüseyn yenə həmin jurnalın 1934-cü il mart-aprel tarixli, 3-4-cü saylarında dahi şairə belə bir məsləhət verirdi: “…Cavid bir qədər də Marksın, Engelsin, Leninin şah əsərlərini oxumalı və həyata açıq gözlə baxmalıdır”.
 
Əslində o illər H.Cavidə, M.Müşfiqə, Ə.Cavada, M.Cəlil belə “məsləhət və tövsiyə” verənlər yalnız Əkrəm Cəfər, Mehdi Hüseyn deyildi. Bu “məsləhətləri” ilə amansız mövqedə duranlar arasında Məmməd Cəfər, Mehdi Hüseyn, Əli Vəliyev, Əkrəm Cəfər, Məmməd Arif, Mikayıl Rəfili və Süleyman Rüstəm “tövsiyə”ləri ilə daha amansız mövqe tutanlardan idilər. (1920-30-40-cı illər mətbuatında onların belə “məsləhət və tövsiyə” xarakterli yazıları ilə yetərincə rastlaşdım).
 
Təəssüflər ki, bu “tövsiyə və məsləhətlər” XX əsrin əvvəllərində mətbuatımızda, ədəbiyyatımızda, ədəbi mühitimizdə yetərincə tanınan, seçilən, saylı-sanballı klassiklərimizin yaradıcılığına və şəxsiyyətinə qarşı aparılan amansız bir hücum idi.
 
Daim tənqiddən, həqiqətdən qaçan sovet ədəbiyyatı hakim ideologiyanın siyasətini təbliğ etmək üçün hər cür böhtana, yalana əl atırdı. “Bizə satira lazımdırmı?” deyə satiranın varlığını şübhə altına alan sovet ədəbi tənqidçiləri “Molla Nəsrəddin”i mövcud çərçivəyə salmaq üçün yersiz, haqsız tənqidlərə başladılar. Yenə də gənc yazarlardan Əli Vəliyev dahi Mirzə Cəlilə və onun “Molla Nəsrəddin”inə “məsləhətlər” verməyə başladı. Gənc yazar 1929-cu ildə “Kommunist” qəzetinin 12 noyabr tarixli sayında “Molla Nəsrəddin” məcmuəsini islah etməli” sərlövhəli məqaləsində yazırdı: “…dəfələrlə qeyd etdiyimiz kimi, “Molla Nəsrəddin”in dili bərbaddır. “Molla Nəsrəddin” məcmuəsi tədricən dilini dəyişdirməli və bugünkü ədəbi dilimizlə uyğunlaşdırılmalıdır”.
 
Təəssüf ki, iki gün sonra “Molla Nəsrəddin” jurnalında (bax: “Molla Nəsrəddin” 14 noyabr 1929-cu il) “İdarədən” imzalı və “Məcmuəmizin islahı haqqında” sərlövhəli yazı da Əli Vəliyevin “Kommunist” qəzetindəki qərəzli, həqiqətdən çox uzaq olan (çünki “Molla Nəsrəddin” jurnalı Azərbaycan mətbuatı tarixində yeganə mətbuat orqanıdır ki, onun sadə dili, üslubu başqalarına bir nümunə idi) tənqidi yazısına haqq qazandırılırdı. (Unutmaq olmaz ki, bu zaman Mirzə Cəlil jurnaldan uzaqlaşdırılmış, jurnala hərbi senzor kimi, bolşevik yazar M.S.Orubadi rəhbərlik edirdi).
 
“Kommunist”in 18 noyabr 1929-cu il tarixli sayında isə məsələ daha ciddi qoyulurdu: “…söz birdir. Məcmuə şəkil, bədii, ictimai cəhətdən, başqa sözlə üzlü və astarlı dəyişdirilməlidir”.
 
Ümumiyyətlə, “Kommunist” həmin ərəfədə “Molla Nəsrəddin” və Mirzə Cəlil yaradıcılığı haqqında təkcə bir-iki ayda 6-7 tənqidi yazılar çap edir. (Bax: 1929-cu il 21, 22, 28 noyabr, 12, 16, 19 dekabr saylarına). “Kommunist”in bu “estafetinə” “İnqilab və mədəniyyət”, “Yeni yol”, “Ədəbiyyat cəbhəsi”, “Hücum”, “Şərq qapısı” qəzet və jurnalları da qoşulmuşlar. “Şərq qapısı” qəzeti 1929-cu il 19 dekabr tarixli sayında M.Cəlilin “Şah əsəri” sayılan “Ölülər”i ciddi tənqid edərək “zəif və orta bir əsər adlandırır”dı.
 
1920-30-40-cı illər Azərbaycan da ictimai-siyasi, (xüsusən də siyasi) iqtisadi vəziyyətin ziddiyyətli bir zamanı. Hər vəchlə respublikanı mərkəzə bağlayan bolşevik təfəkkürlü “millət xadimləri” və onların istəklərini can-başla hərtərəfli yerinə yetirən sadə qulları. Bu sadiq qullar “böyük qardaşlarına” xidmətləri nəticəsində daha çox respublikanın ziyalı elitasına, xüsusən də yazarlarına zərbələr vurdular. Bolşevik diktaturasının yaratdığı xof, qorxu, təhdid və təzyiq yazarlarımızın, dahi şəxsiyyətlərimizin yaradıcılığına çox pis təsir göstərdi. Ədəbi mühakimələr, siyasi təzyiqlər, məsləksiz, əqidəsiz “yazarların” ədəbi mühitdəki yerdəyişmələri, cəbhələrə bölünmələri Azərbaycan ədəbi mühitində dəhşətli bir mənzərə yaratdı. Və nəticədə “ədəbi məfkurələrin müxtəlifliyi və ədəbi kriteriyaların dəyişməsi, sənət nəzəriyyələrinin zorən əvəzlənməsi yeni bir ədəbi şəraitin yetişməsini şərtləndirdi”. Keçmiş ədəbi ənənə üslubundan imtina edildi, xalqa xidmət adı ilə “proletar ədəbiyyatı kütləviləşdi”. Atalar demiş: “Ara qarışdı, məssəb itdi”.
 
Burada ədəbiyyatımızda, mətbuatımızda həmişə dahi olaraq qalan Mirzə Cəlilin “Dəli yığıncağı” əsəri yadıma düşdü. (Doğrudan da dahi Mirzə Cəlili nə qədər tənqid edilsə də, şəxsiyyətinə, yaradıcılığına kölgə salınsa da bu ancaq qayadan bir çınqıl qoparmağa bənzəyir. “İllər, əsrlər keçsə belə Mirzə Cəlil yaradıcılığı, şəxsiyyəti dahi olaraq qalacaq”). Hansı dövrü, hansı məkanı təsvir etməsindən asılı olmayaraq əsərdəki köhnəpərəstliyin tənqidi ilə yanaşı azadfikirliliyin buxovlanması reallığını onu əks etdirirdi ki, cəmiyyət o dərəcədə dəyişmişdi ki, “dəlilər”lə ağıllıların yeri dəyişik düşmüş və “ağıllılar” dəliləri müalicə etmək üçün həkim çağırmışlar. Sovet dövründə qələmə aldığı bu əsərdə ədib əslində oxucusuna təlqin edirdi ki, bu cəmiyyətdə həqiqəti, ədaləti görən və göstərən insanlar dəli, çirkin, rəzil əməllərlə məşğul olanlar isə ağıllı hesab olunur.
 
Elə “ağıllıların” özlərinin yazdığı kimi: “Ədəbiyyatımızı bolşevikləşdirmək, onu həqiqi proletar ədəbiyyatı etmək üçün bütün bu yollarda və cəbhələrdə amansız, şiddətli, rəhmsiz bir mübarizə və mücadilə aparmağa başlamalıyıq”.
 
Bu mübarizə, mücadilə bizlərdən dahi Cavidləri, Müşfiqləri, Cavadları, Cəlilləri aldı. Əvəzində isə təpədən-dırnağa bolşevik təfəkkürlü Ordubadiləri, Mehdi Hüseynləri, Əli Vəliyevləri, Süleyman Rüstəmləri, Məmməd Cəfərləri, Məmməd Arifləri və daha hansı “arifləri” bəxş etdi ki, bütün yaradıcılıqları boyu “böyük qardaşlarının” sadiq qulları oldular.


BDU-nun professoru Qərənfil Dünyaminqızı

#millət #ziyalı #xidmət #mətbuat
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər