Milli ideologiya və milli mətbuat
Deməli, doğrudan da, türkün türkdən savayı dostu yoxdur. Bu dostluğu, bu qardaşlığı daima yaşatmaq, qorumaq üçün klassiklərimizin bizə miras qoyub getdikləri böyük türkçülük, turançılıq, azərbaycançılıq ideologiyasını yaşatmalı və təbliğ etməliyik. “ İdeologiya xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindəndir. O, xalqın kimliyini əks etdirən təfəkkür, adət və inanclar sistemidir”.
Təbii ki, milli ideologiyanın yaranması uzun müddət təbii-tarixi prosesin məntiqi nəticəsi və ifadəsidir. Və bu da danılmaz bir faktdır ki, milli ideologiyanın yaranması, formalaşması prosesində milli mətbuatımızın rolu böyük və danılmazdır. Ona görə də mətbuatın mədəni millətlərin tərəqqisində, ictimai şüurun inkişafında müstəsna rol oynadığını nəzərə alan klassiklərimiz onu xalqın “görən gözü, eşidən qulağı, danışan dili” adlandırmışlar. Heç də təsadüfi deyil ki, milli şüurun oyanması, inkişaf tarixi də milli mətbuatımızın yaranma və inkişaf tarixi ilə eyni vaxta düşür. Bu isə XX əsrin ilk iki on illiyində daha geniş vüsət aldı. Dahi Mirzə Cəlilin azərbaycançılıq və Əli bəy Hüseynzadənin türkçülüyü əsasında formalaşaraq Azərbaycan ideologiyası üç təməl üzərində bərqərar oldu: türkçülük, islamçılıq və Azərbaycançılıq.
Beləliklə, XX əsrin ilk on illikləri bütün sahələrdə olduğu kimi, ictimai həyata, məfkurə cəbhəsinə də dirçəliş gətirmişdir. Ölkədə yeni fikirli, tərəqqipərvər ziyalılar təbəqəsi yaranırdı. Onlar imperiyanın və dünyanın müxtəlif təhsil ocaqlarında təhsillərini başa vuraraq vətənə dönüb, mədəniyyəti, demokratik ruhlu ideyaları yayırdılar. Bu böyük ideyalara qovuşmaq üçün isə, ilk növbədə, millətin tarixini, mənəvi dəyərlərini təbliğ edir, maarifi, yeniliyi yayırdılar. Nəticədə, yeni üsullu və milli məktəblər yarandı, ictimai və siyasi dərnəklər, partiyalar fəaliyyətə başladı, milli demokratik ruhlu mətbuat orqanları çapa başladı. Bütün bunlar isə “Azərbaycanın ictimai gerçəkliyi üçün mədəni-mənəvi və iqtisadi-siyasi intibahın” qaçılmaz olduğuna gətirib çıxardırdı. Xüsusilə, mətbuat şəbəkəsinin genişlənməsi o dövr demokratik ideyaların, milli azadlıq hərəkatının fəallaşmasına şərait yaratdı, ictimai fikirdə millilik, türkçülük məsələləri ön plana keçdi. Əsərlərində milli özünüdərk, milli özünəqayıdış, milli mənlik və s. problemləri irəli sürən ziyalı ordusu yaratdı.
H.Zərdabi, F.Köçərli, N.Vəzirov, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ə.M.Topçubaşov, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, H.Vəzirov, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları, M.Ə.Rəsulzadə, M.B.Məhəmmədzadə, F.Ağazadə, H. Ağayev, C.Cabbarlı və başqaları xalqını bu cəhalətdən qurtarmaq, azadlığa qovuşdurmaq üçün bütün varlıqları ilə mübarizəyə başladılar. Təbii ki, imperiya ziyalıların bu fəaliyyətini xoşlamırdı. Ona görə də milli hərəkatın inkişafını zəiflətmək üçün müsəlman əhalisinin müxtəlif sosial təbəqələri arasında münaqişələr törətməyə, onları bir-birinə qarşı qoymağa çalışdı və qismən buna nail də oldu. O zaman bunun üçün daha çox din xadimlərindən istifadə etdilər. Çarizm onların əli ilə milli-demokratik hərəkatı boğmağa çalışaraq, müxtəlif vasitələrlə din tərəfdarlarını millətçilər üzərinə qaldırır, onların arasına nifaq salırdı. Çünki milli hərəkata münasibətdə din xadimləri ilə çarizmin mövqeyi mahiyyət etibarı ilə bir-birindən o qədər də fərqlənmirdi. Dinçilər sosial-siyasi prosesdə milli təmayülün güclənməsinə islam dünyasının parçalanmasının əsas səbəblərindən biri kimi baxırdılar. Azərbaycandakı milli inkişafa qənim kəsilən, imperiyanın ən sadiq nökəri olan Varontsov-Daşkov bu vəziyyətdən istifadə edərək bildirirdi ki, “din xadimləri Rusiya dövlətinin yardımı ilə təhsil görməli və hökumət əleyhinə təbliğat aparmaq əvəzinə, onların hökumət eleyhinə alət olmaları təmin edilməlidir”.
Hələ o vaxt, “sapı özümüzdən olan baltalar” haqqında dahi Üzeyir Hacıbəyli “İrşad” qəzetinin 7 mart 1907-ci il tarixli sayında “Dərin quyular” sərlövhəli məqaləsində yazırdı: “Biz müsəlmanlar arasında quyular qazmaq üçün Rusiya hökuməti bir o qədər də zəhmət çəkmədi, çünki bizim aramızda şərir əllər əvvəldən quyu qazıb hazır qoymuşlar. O quyunu ancaq bir qədər də dərinləşdirmək və lazım olsa, digər bir quyu qazmaq kifayət idi. Rusiya hökuməti onu da elədi, bunu da”.
Ü.Hacıbəyli kimi dövrün digər ziyalıları da milli mədəni birliyə qarşı çıxanları amansızlıqla ifşa edirdi. Hələ ilk saylarından öz proqramında türk millətlərinin mədəni birliyinə çalışacaqlarını bəyan edən “Həyat”çılar türk millətini geri çəkmək istəyən irticaçılara qarşı mübarizə edəcəyini də bəyan edirdi. Ə.Hüseynzadəyə görə xalqın milli şüurunun inkişafında böyük maneəyə çevrilən bu cahil qüvvələr islam ehkamlarına sadiq qalaraq, öz müsəlmançılıqlarını itirməkdən qorxur, yeniliyə, müasirləşməyə qarşı çıxırdılar.
Ümumiyyətlə, “Həyat”çılar, sözün həqiqi mənasında, ilk dəfə olaraq Azərbaycan məkanının milli düşüncə tarixinə mərhələ açmaqla yeni bir həyat gətirdilər. Unutmaq olmaz ki, Azərbaycanda türkçülük ideyaları ilk dəfə məhz bu qəzetdə formalaşmışdır. Başda Əli bəy olmaqla “Həyat”çılar səhifələrində milli kimliyi tanıtmaq, kökə qayıtmaq məqsədilə çıxışlar edərək xalqı gələcək milli azadlığı uğrunda mübarizəyə səfərbər etdilər. “Həyat”çıların bu cəsarəti çarizm üçün dəhşətli və qəfil bir zərbə oldu. Və bu zərbə daha çox Ə.Hüseynzadənin ilk dəfə bu qəzetlə türk xalqlarının həyatında hökm sürən ruslaşma və farslaşma siyasətinə qarşı çıxaraq “türkləşmək, islamlaşmaq, avropalaşmaq” prinsipini irəli sürməsində özünü büruzə verdi.
Beləliklə, XX əsrin əvvəllərində çarizmə qarşı çevrilən hərəkat Əli bəy Hüseynzadənin rəhbərliyi ilə siyasi milli ideoloji hərəkata çevrildi. “Həyat”çılar dönə-dönə təbliğ edirdilər ki, xalqı milli tərəqqi uğrunda mübarizəyə səfərbər etmək üçün hər şeydən əvvəl xalqın milli şüurunu hazırlamalı ki, baş verən hadisələrin mahiyyətini doğru-düzgün dərk etsin və nəticə çıxara bilsin. Nəticədə, türk xalqlarının şərəfli bir millət kimi yaşatmaq, azadlığını, müstəqilliyini qazanmaq tələblərindən yaranan bu ideologiya az bir zaman ərzində xalqın mədəni və siyasi hüquqlarını müdafiə edən milli ideologiyaya çevrildi. Məhz buna görə “Həyat”ın “ümumrusiya türklərinin”, o cümlədən Azərbaycan türklərinin milli oyanışında rolu danılmazdır. “İrşad”, “İqbal”,”İqdam”, “Füyuzat”, “Tazə həyat”, “Dirilik”, “Yeni iqbal”, “İstiqlal”, “Qurtuluş”, “Açıq söz”, “Azərbaycan” və s. milli ruhlu mətbuat orqanları bu ideologiya ətrafında birləşərək “Həyat”ın yolunu davam etdirdilər. Əlbəttə, milli mətbuatın inkişafı da bu prosesə təsirsiz qalmadı. Bu haqda milli istiqlalın bayraqdarı olan M.Ə.Rəsulzadə yazırdı: “Qafqazda siyasi, ictimai və milli bir fikir təşəkkül ediyordu. Əfkari ümumiyyə vücud buluyordu. Həyati milliyə üçün pək mühüm olan bir taqım məsələlər müzakirə olunuyordu. Qəzetlərin bugünkü milliyyətlər təşkilində oynadıqları rol məlumdur. Bu rolu onlar Rusiya türklüyü üçün dəxi ifa ediyorlar. Onlar xalqda həm milli duyğular oyandırıyor, həm də məqasidi-milliyyədən olan məsələləri tənvir ediyorlardı”.
Odur ki, bu dövr Azərbaycanın hər bir sahəsində ictimai, siyasi, iqtisadi, mədəni mühitdə və ictimai fikrində milli oyanış, özünüdərk, istiqlal düşüncələrinin renesans dövrü hesab olunur. Artıq bu zaman Azərbaycan xalqı gündəlik qəzetlərə, həftəlik məcmuələrə, teatrlara, milli maarif və xeyriyyə cəmiyyətlərinə, ədəbi-mədəni təşkilatlara malik idi. Bütün bunlar və onların ətrafında toplaşan ziyalılar xalqda ümumi bir şüur və iradə formalaşdırırdı. Odur ki, XX əsrin əvvəllərində Azərbaycan mətbuatında milli şüurun inkişafı, milli tərəqqi məsələləri diqqət mərkəzində idi. Azərbaycanın görkəmli jurnalist və publisistləri bu məsələlərin mahiyyətini açmaq üçün ən kiçik bir məqamı, mətləbi yaddan çıxarmamış, ona aydınlıq gətirərək xalqa aydınlaşdırmağa çalışmışlar. Məqsəd isə insanları milli ruhda tərbiyə etmək, onları tarixin sınaqlarına hazırlamaq, özünü dərk etmək, keçmişini bilmək, dostunu, düşmənini tanımaq və ən başlıcası yol verdiyi səhvləri bir daha təkrarlamamaq.
BDU-nun professoru Qərənfil Dünyaminqızı