Milli Məclisin sədri Özbəkistan Senatının sədri ilə Buxarada görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Buxara şəhərinə səfəri çərçivəsində Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb. Görüşdə Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyədə olduğu, dövlət başçılarının siyasi iradəsi sayəsində strateji tərəfdaşlığın davamlı şəkildə genişləndiyi vurğulanıb. Parlamentlərarası əməkdaşlıq, qarşılıqlı səfərlər və beynəlxalq parlament platformalarında birgə fəaliyyət yüksək qiymətləndirilib. Həmçinin İkinci Asiya Qadınlar Forumunun əhəmiyyəti qeyd olunub.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Sahibə Qafarovanın Buxara səfəri çərçivəsində Özbəkistan Senatının sədri ilə görüşü Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin təkcə ikitərəfli siyasi dialoq səviyyəsində deyil, eyni zamanda parlament diplomatiyası müstəvisində də dərinləşdiyini göstərir:
“Son illərdə iki ölkə arasında möhkəmlənən strateji tərəfdaşlıq əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün real siyasi zəmin formalaşdırıb. Parlamentlərarası əməkdaşlıq ilk növbədə qanunvericilik təcrübəsinin mübadiləsi, komitələr səviyyəsində birgə işçi qruplarının yaradılması və sosial-iqtisadi islahatların koordinasiyası sahələrində dərinləşdirilə bilər. Bundan əlavə, gender və gənclər siyasəti, eləcə də regional sosial layihələr kimi yumşaq güc elementləri parlament diplomatiyasının mühüm istiqamətləri kimi çıxış edir. Məsələn, İkinci Asiya Qadınlar Forumu bu əməkdaşlığın sosial ölçüsünün genişləndiyini nümayiş etdirir. Azərbaycan və Özbəkistanın strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətləri türk dünyası daxilində inteqrasiyanı gücləndirməklə yanaşı, Avrasiya məkanında yeni əməkdaşlıq oxunun formalaşmasına şərait yaradır. Enerji, nəqliyyat və ticarət sahələrində koordinasiyanın artması həm Xəzər hövzəsində, həm də Mərkəzi Asiya ilə Cənubi Qafqaz xətti üzrə geosiyasi güc balansına təsir göstərən amillərdəndir. Hər iki ölkənin çoxvektorlu xarici siyasət yürütməsi regionda böyük güclərin təsirinin balanslaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Orta Dəhliz və digər nəqliyyat-kommunikasiya layihələri Mərkəzi Asiya ilə Cənubi Qafqazı bir-birinə daha sıx bağlayaraq yeni inteqrasiya modeli yaradır. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada artan rolu bu əməkdaşlığı regional inkişaf üçün katalizatora çevirir. Ümumilikdə, Buxara görüşü strateji tərəfdaşlığın institusional dərinləşməsinin növbəti mərhələsi kimi qiymətləndirilə bilər və regionda yeni əməkdaşlıq modelinin formalaşmasına xidmət edir”.
Mələk Hüseynova