Milli mətbəx yoxsa fast-food?
Son illərdə sürətli həyat tərzi insanların qidalanma vərdişlərini ciddi şəkildə dəyişib. Milli mətbəximiz zəngin və sağlam olmasına baxmayaraq, fast-food restoranlarının artması bu ənənələri arxa plana keçirir. Xüsusilə gənclər ev yeməklərindən çox hazır və tez hazırlanan qidalara üstünlük verirlər. Bu dəyişiklik təkcə sağlamlıqla deyil, həm də mədəni kimliyin qorunması ilə bağlı narahatlıq yaradır.
Mövzu ilə bağlı aşpaz Arzu Şərifova "İnformator.az" saytına açıqlamasında bildirib ki, milli yeməklərə marağın azalmasının bir neçə səbəbləri var:
"Milli yeməklərə marağın azalması bir neçə sosial və iqtisadi amillə bağlıdır. Qloballaşma nəticəsində xarici mətbəxlər gündəlik həyatımıza daha sürətlə daxil olur, şəhər həyatının tempi isə uzun müddət hazırlanan ənənəvi yeməklərə ayrılan vaxtı azaldır. Bəzi hallarda milli yeməklər “köhnə dəb” kimi qəbul edilir və müasir həyat tərzinə uyğunlaşdırılmır. Bu da xüsusilə gənc nəsildə onlara olan marağı zəiflədir.
Fast-food gənclər üçün daha cəlbedici görünür, çünki sürətli, əlçatan və nisbətən ucuzdur. Reklamlar və sosial şəbəkələr fast-food-u müasirlik, azadlıq və sosiallaşma ilə əlaqələndirir. Üstəlik, bu yeməklərin təqdimatı və dadının standart olması gənclərdə asılılıq yarada bilir. Milli yeməklər isə bəzən kifayət qədər vizual və marketinq baxımından cazibədar təqdim olunmur.
Ailədə ev yeməyi mədəniyyətinin zəifləməsi əsasən valideynlərin iş həyatında daha çox vaxt keçirməsi ilə bağlıdır. Birlikdə yemək hazırlamaq və süfrə arxasında toplaşmaq ənənəsi getdikcə azalır. Hazır yeməklər və çatdırılma xidmətləri ev yeməyini ikinci plana keçirir, bu da ailədaxili ünsiyyətin və ənənələrin ötürülməsinin zəifləməsinə səbəb olur.
Milli mətbəxin təbliğində media mühüm rol oynaya bilər. Televiziya proqramları, sosial media layihələri, kulinariya bloqları və sənədli filmlər vasitəsilə milli yeməklərin tarixi, hazırlanma üsulu və mədəni dəyəri gənclərə maraqlı formada təqdim edilə bilər. Media milli mətbəxi yalnız yemək kimi yox, mədəni irsin bir hissəsi kimi göstərdikdə onun dəyəri daha yaxşı anlaşılır.
Bu proses uzunmüddətli dövrdə mədəni kimliyə mənfi təsir göstərə bilər. Milli yeməklər unudulduqca, onlarla bağlı adətlər, ailə ənənələri və tarixi yaddaş da zəifləyir. Nəticədə cəmiyyət öz mədəni köklərindən uzaqlaşa, qlobal mədəniyyət içində fərqliliyini itirə bilər. Buna görə milli mətbəxin qorunması təkcə qida məsələsi deyil, mədəni kimliyin qorunması baxımından da böyük əhəmiyyət daşıyır".
Ayisə Şərifova
