Mina qurbanlarına psixoloji yardım
Mina qurbanlarının ödənişsiz psixoloji yardım alması nəzərdə tutulur. “Psixoloji yardım haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, mina partlayışlarından zərərçəkmiş şəxslər dövlət hesabına psixoloji və ixtisaslaşdırılmış tibbi yardımla təmin olunacaqlar.
Layihəyə görə, bu kateqoriyaya aid olan şəxslər psixoloji dəstək xidmətlərini ödənişsiz şəkildə ya dövlət büdcəsi, ya da icbari tibbi sığorta vəsaitləri hesabına ala biləcəklər. Məqsəd mina qurbanlarının psixoloji reabilitasiyasını gücləndirmək, onların cəmiyyətə reinteqrasiyasını sürətləndirmək və uzunmüddətli psixoloji fəsadların qarşısını almaqdır.
Mövzu ilə bağlı psixoloq Helin Şadfar “İnformator.az”a açıqlamasında bildirib ki, dövlət və qeyri-dövlət qurumlarının işi paralel və əlaqəli şəkildə aparılmalıdır:
“Mina qurbanlarının travmadan sonrakı psixoloji vəziyyətini qiymətləndirərkən təkcə diaqnostik testlərlə kifayətlənmək olmaz. Bu prosesdə üzbəüz klinik müsahibələr, davranışın müşahidəsi və etibarlı psixoloji ölçmə alətləri bir-birini tamamlamalıdır. Xüsusilə posttravmatik stress pozuntusu, depressiya və narahatlıq səviyyəsini ölçən testlər vəziyyəti daha aydın görməyə imkan verir. Bununla yanaşı, travmaya yönəlik psixoloji yanaşmalar, məsələn, koqnitiv-davranış terapiyası, EMDR və psixososial reabilitasiya üsulları həm qiymətləndirmə, həm də sağalma prosesində effektiv hesab olunur.
Düşünürəm ki, ödənişsiz psixoloji dəstək mina qurbanlarının həyat keyfiyyətinə çox ciddi təsir göstərə bilər. Bir çox insan üçün psixoloji yardım almağa əsas maneə maddi məsələdir. Dəstəyin pulsuz və əlçatan olması onların kömək istəməsini asanlaşdırır, özlərini tək hiss etməmələrinə kömək edir və gündəlik həyata yenidən uyğunlaşmalarını sürətləndirir. Bu cür dəstək emosional gərginliyin azalmasına, sosial münasibətlərin bərpasına və ümumi psixoloji tarazlığın qorunmasına şərait yaradır.
Məncə bu qruplara uzunmüddətli psixoloji dəstək göstərmək üçün dövlət və qeyri-dövlət qurumlarının işi paralel və əlaqəli şəkildə aparılmalıdır. Dövlət tərəfindən reabilitasiya mərkəzlərinin gücləndirilməsi, bölgələrdə peşəkar psixoloqların fəaliyyətinin təşkili və mobil psixoloji xidmətlərin tətbiqi olduqca vacibdir. Qeyri-dövlət təşkilatları isə dəstək qrupları, icma əsaslı proqramlar, eləcə də ailələr üçün psixoloji maarifləndirmə və təlimlər vasitəsilə bu prosesi tamamlayaraq daha davamlı edə bilər. Mənim üçün əsas məqam odur ki, bu dəstək epizodik yox, sistemli və uzunmüddətli olsun”.
Aydan Əsgərxanlı
