Məişət problemi yaradıcı ailələrdə ilhamı zəiflədə bilər
Məişət qayğıları yaradıcı ailələrdə ilhamın qarşısına çıxan ilk maneədir. Bu yük qadın və kişi üçün fərqli formalarda özünü göstərir: qadın çox vaxt evin görünməyən məsuliyyətini daşıyır, kişi isə dolanışıq təzyiqi altında yaradıcılıqla təminat arasında sıxışır. Hər iki tərəf üçün ortaq sual dəyişmir: gündəlik həyatın ağırlığı yaradıcılığa nə qədər yer buraxır? Bu sualın cavabı yaradıcı ailələrin gündəlik həyatında, görünməyən kompromislərdə və itirilən ilham anlarında gizlənir.
Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində psixoloq Əsmayə Hüseynzadə bildirir ki, məişət qayğıları yaradıcı ailələrdə psixoloji tarazlığı ən çox pozan faktorlardan biridir, çünki yaradıcılıq daxili sakitlik, diqqət və emosional balans tələb edir:
“Maddi sıxıntı, vaxt çatışmazlığı və gündəlik məsuliyyətlər isə bu balansı pozaraq stress, gərginlik və tükənmişlik yaradır. Nəticədə yaradıcı ailə üzvləri ya öz potensialını tam reallaşdıra bilmir, ya da yaradıcılığı bir növ “yarımçıq proses” kimi yaşamağa məcbur qalır. Bu hal ailədaxili münasibətlərə də mənfi təsir göstərir və emosional uzaqlaşma yarada bilir. Yaradıcılığı məişət qayğılarından ayırmaq üçün ilk növbədə psixoloji sərhədlər formalaşdırmaq vacibdir. Fərd anlamalıdır ki, yaradıcılıq onun həyatında əlavə yük deyil, psixoloji ehtiyacdır. Bunun üçün vaxt bölgüsü aparmaq, ailə daxilində açıq ünsiyyət qurmaq və qarşılıqlı anlayış yaratmaq əsas şərtlərdəndir. Eyni zamanda yaradıcı insan özünü günahlandırmamalı, istirahət və yaradıcılıq üçün vaxt ayırmağı haqlı ehtiyac kimi qəbul etməlidir. Balans məhz bu psixoloji qəbuldan başlayır.”
Mövzu ilə bağlı “İnformator.az"a danışan incəsənətlə daimi məşğul olan rəssam Mərziyə Kərimli bildirir ki, məişət qayğıları təkcə fiziki yox, emosional enerji də tələb edir:
“Gün boyu ev, ailə və iş arasında qalanda yaradıcılıq üçün lazım olan daxili sakitlik itir. Bəzən yaradıcı olmaq istəyirsən, amma düşüncələrin hələ də görülməyən ev işlərində qalır. Bu da ilhamı zəiflədir və yaradıcılığı gecikdirir. Bu tarazlıq asan qurulmur və daim yenidən formalaşdırılır. Mən daha çox kiçik zaman aralıqlarında yaradıcılığa yer ayırıram. Eyni zamanda ailə üzvlərimlə ünsiyyətdə olmağa, yaradıcılığın mənim üçün nə qədər vacib olduğunu izah etməyə çalışıram. Tam balansdan danışmaq çətindir, amma ən azı yaradıcılığı tam itirməmək üçün mübarizə aparıram. Çünki yaradıcılıq mənim üçün sadəcə məşğuliyyət yox, özümü ifadə yoludur".
Ədilə Hüseynzadə
