00:00:00
Yazar
Admin User
22.01.2026 19:39 106 2 dəq oxuma
Sosial

Məktəblərdə yeni fənnin tətbiqi planlaşdırılır

Məktəblərdə yeni fənnin tətbiqi planlaşdırılır

Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasına əsasən, 2026–2030-cu illərdə tarix, ədəbiyyat və incəsənət elementləri vahid “mədəniyyət” məzmununda birləşdirilə bilər. Məqsəd mədəniyyəti təhsilin ayrılmaz hissəsinə çevirmək, şagirdlərin milli dəyərlərə münasibətini dərinləşdirməkdir. Yeni yanaşma gənc nəslin dünyagörüşünün formalaşmasına, regional və milli irsin daha şüurlu mənimsənilməsinə xidmət edəcək.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti, Xırdalan şəhəri Veysəl Musibov adına 5 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Günel Abbasova bildirib ki, bu fənnin kurikulumu ənənə ilə yeniliyin sintezini hədəfləməlidir, yəni məqsəd ənənələrə sadiq qalmaqla gənc nəslə yalnız mədəni irsi öyrətmək deyil, mədəni düşünmə bacarığını formalaşdırmaq olmalıdır:

 

""Mədəniyyət" fənni sayəsində şagirdlər milli dəyərləri qoruyaraq müasir, açıq və tənqidi düşünən vətəndaş kimi formalaşacağı gözləntilərdəndir. Fənn mühazirə yox, təcrübə yönümlü olmalıdır deyə düşünürəm. İlkin mərhələdə məsələ layihə əsaslı öyrənmədir. Həmçinin muzey, teatr, tarixi məkanlarla əməkdaşlıq, debatlar və təqdimatlar, rəqəmsal hekayəçilik (video, podkast, təqdimat) tətbiq olunsa, fənnə qarşı şagirdlərdə maraq daha da artar.

 

Bu fənnin tətbiq olunması üçün kadr hazırlığı əsas şərtlərdəndir. Fənn üçün:

 

1. Multidissiplinar (tarix + ədəbiyyat + incəsənət) hazırlıqlı müəllimlər

 

2. Metodiki vəsaitlər və rəqəmsal resurslar

 

3. Müəllimlər üçün davamlı təlim proqramları zəruridir".

 

Mövzu ilə bağlı şagird Duyğu Mustafayeva bildirib ki, bu fənnin tətbiqi dərslərə marağımı artıra bilər:

 

"Çünki tarix, ədəbiyyat və incəsənətin ayrı-ayrılıqda deyil, bir-biri ilə əlaqəli şəkildə öyrədilməsi mövzuları daha maraqlı və anlaşılan edər. Mədəniyyətə yalnız keçmiş kimi yox, bu günümüzə və gələcəyimizə təsir edən canlı bir dəyər kimi baxmağı öyrənərik. Xüsusilə regional mədəniyyət nümunələrinin, musiqinin, ədəbiyyatın və tarixi şəxsiyyətlərin əlaqəli şəkildə təqdim olunması dünyagörüşümü genişləndirə və milli kimliyimi daha yaxşı dərk etməyimə kömək edə bilər".

 

Mövzu ilə bağlı açıqlamasında valideyn Rəqsanə Əlibəyova bildirib ki, övladımın milli-mənəvi dəyərləri məktəbdə ayrıca və sistemli şəkildə öyrənməsini çox vacib hesab edirəm:

 

"Bu, uşaqların kim olduqlarını, hansı mədəniyyətə və tarixə sahib olduqlarını dərk etmələri baxımından mühüm rol oynayır. Qloballaşma dövründə milli dəyərlərin qorunması və düzgün ötürülməsi üçün məktəbin rolu böyükdür. Əgər bu fənn müasir yanaşma ilə, uşaqları yormadan və düşünməyə təşviq edəcək formada tədris olunarsa, həm tərbiyəvi, həm də maarifləndirici baxımdan çox faydalı olar".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər