Məktəbəqədər təhsilin uşağın gələcək inkişafına təsiri
Məktəbəqədər təhsil yalnız uşağın bilik bazasını artırmır, həm də sosial, emosional və motor bacarıqlarının formalaşmasında mühüm rol oynayır. Erkən yaşda əldə edilən təcrübələr uşağın həyatına uzun müddətli təsir göstərə bilər və onun gələcəkdə akademik uğurlarına, davranışına və şəxsi inkişafına zəmin yaradır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib ki, məktəbəqədər təhsil müəssisələri son bir neçə ilə qədər icra hakimiyyətlərinə və yerli icra orqanlarına tabe idi:
"Amma artıq bir neçə ildir ki, Elm və Təhsil Nazirliyinin tabeliyinə keçib. Nazirliyin tabeliyinə keçdikdən sonra məktəbəqədər təhsil xüsusi proqram üzrə fəaliyyət göstərir. Bir başqa statistika odur ki, ümumtəhsil məktəblərində məktəbəqədər təhsil müəssisəsinə gəlməyən şagirdlər bir qədər zəif nəticə göstərirlər. Ona görə də hazırda çalışırlar ki, məktəbəqədər təhsil müəssisələrinin sayı artırılsın. Azərbaycanda 40%-ə qədər uşağın məktəbəqədər müəssisələrə cəlb olunması mümkündür. Elm və Təhsil Nazirliyinin başqa təşəbbüsü də var: qraflar ayırmaqla özəl təhsil müəssisələrinə valideyn vasitəsi ilə müəyyən ödənişlə uşaqların cəlb olunmasına dəstək göstərilir. Məktəbəqədər təhsilin keyfiyyətinin artırılması üçün isə xüsusi metodlar və proqramlar hazırlanır. Həm özəl, həm dövlət bağçalarına uyğun proqramlar tərtib olunur və həmin proqramlarla tədris həyata keçirilir".
Gövhər Mehyəddinova
