00:00:00
Yazar
Admin User
07.11.2025 18:14 98 4 dəq oxuma
Sosial

Məleykə Abbaszadə: Əlillik dərəcəsi olan qazilərə təhsili və karyerası üçün dəstək göstərilir

Məleykə Abbaszadə: Əlillik dərəcəsi olan qazilərə təhsili və karyerası üçün dəstək göstərilir

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Zəfər Günü" ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olan şəxslərin ailə üzvlərinə və qazilərə mənəvi dəstək verilir

 

Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, DİM-in sədri Məleykə Abbaszadə vurğuladığı kimi, əlillik dərəcəsi olan qazilərin təhsili və karyerasının dəstəklənməsi onların cəmiyyətə inteqrasiyası və sosial ədalətin təmin olunması baxımından mühüm addımdır:

 

“Məleykə Abbaszadənin sözlərindən belə nəticə çıxır ki, dövlət yalnız mənəvi deyil, praktiki dəstək də göstərir, qazilərin təhsil almaq imkanı genişlənir. Bu da onların gələcəkdə peşəkar inkişafına şərait yaradır. Eyni zamanda şəhid ailələrinə mənəvi dayaq olmaq cəmiyyətin həmrəyliyini gücləndirir. Belə təşəbbüslər ümumilikdə sosial ədalət və bərabər imkanlar təmininə yönəlmiş mühüm sosial siyasət nümunəsidir. Qazilərə və şəhid ailələri üzvlərinə göstərilən təhsil dəstəyi Azərbaycanda bir neçə dövlət proqramları və xüsusi mexanizmlər vasitəsilə həyata keçirilir. “YAŞAT” Fondu vasitəsilə dəstək var ki, qazilərin və şəhid ailələrinin sosial, o cümlədən təhsil ehtiyaclarını qarşılayan əsas dövlət qurumlarından biridir. Buraya həm vətəndaşlar, həm də dövlət qurumları məbləğlər yatırırlar. Fond, qazilərin ali təhsil müəssisələrinə qəbulu üçün hazırlıq kurslarını maliyyələşdirir, təhsil haqlarının ödənilməsi üçün köməklik göstərir, peşə və ixtisasartırma kurslarında iştirakına dəstək verir. Həmçinin xaricdə müalicə və təhsil məqsədli maddi yardımlar da ayırır.

 

Qazilərin və şəhid ailə üzvləri üçün dövlət sifarişli yerdə oxumaq imkanı genişləndirilib. Bir çox hallarda bu kateqoriyadan olanlar ödənişdən azad olunurlar. Onlara psixoloji-pedaqoji proqramlarla dəstək olunur. DİM də qazilər üçün peşə yönümlü ixtisas seçimi və karyera planlaşdırılması ilə bağlı məsləhət xidmətləri təqdim edir. Həmçinin əlillik dərəcəsi olan namizədlərin imtahan şəraiti onların vəziyyətinə uyğunlaşdırılır. Qazilərin əmək bazarına inteqrasiyası məqsədilə müxtəlif peşə məktəblərində qısa müddətli təlimlər və sertifikat proqramları təşkil olunur. Bu proqramlar vasitəsilə qazilər praktiki bacarıqlara yiyələnərək yeni iş imkanları qazana bilirlər. Bəzi təhsil müəssisələri də qazilər üçün endirimlər və təqaüd proqramları təqdim edir. Qeyri-hökumət təşkilatları, fondlar, məsələn, ASAN Könüllüləri Karyera İnkişaf Mərkəzi də qazilərin karyera yönümlü layihələrinə dəstək verir.

 

Qazilərin dəstək proqramlarından faydalanma mexanizmi çox vaxt aydın olmur. Qazilər və şəhid ailə üzvləri təhsil, sosial və psixoloji dəstək üçün birbaşa YAŞAT Fonduna müraciət edə bilərlər. Müraciət üçün rəsmi saytdan www.yashat.gov.az istifadə edə bilərlər. YAŞAT Fondunun regional ofislərinə və ASAN xidmət vasitəsilə müraciət etmək mümkündür. Eləcə də onlayn formada “Müraciət et” bölməsindən sənədləri göndərə bilərlər.

 

Əgər məqsəd təhsil haqlarından azad olunmaq və güzəştli qəbul məsələsidirsə, birbaşa oxuduqları təhsil müəssisəsinə (universitet və ya kollecə) müraciət edə bilərlər. Eyni zamanda Elm və Təhsil Nazirliyinin təhsil güzəştləri ilə bağlı şöbəsinə də müraciət edə bilərlər. Qazilər imtahan verərkən onların əlillik dərəcəsinə uyğun imtahan şəraiti qurulur. Qazilər yeni ixtisas və peşə də öyrənə bilərlər. Dövlət Məşğulluq Agentliyinə müraciət edə bilərlər. Bu agentlik qaziləri pulsuz peşə kurslarına və yaxud da işlə təminat proqramına yönləndirir. Bunun da rəsmi saytı www.sosial.gov.az-dır. Bəzi yerlərin icra hakimiyyətləri, bələdiyyələr, eləcə də qeyri-hökumət təşkilatları da lokal təqaüd və təlim proqramları həyata keçirirlər. Qazilər bu barədə məlumatı rayon icra hakimiyyətlərinin sosial şöbələrindən öyrənə bilərlər”.

 

 

Əlavə olaraq ekspert bildirib ki, qazilərin yalnız təhsil alması deyil, təhsildən sonra layiqli məşğulluğa çıxışı dövlət siyasətinin əsas hədəflərindən biridir:

 

“Ümumiyyətlə, işə qəbul zamanı qazilərə həmişə üstünlük verilir. Azərbaycanda təhsil alan və yaxud da təhsilini bitirən qazilərin məşğulluğa yönləndirilməsi bir neçə dövlət mexanizmi və dövlət proqramları vasitəsilə həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən agentlik qazilər üçün xüsusi dəstək mexanizmləri təqdim edir. Məşğulluq proqramı çərçivəsində qazilərə iş tapmaqda yardım edilir, qazilər üçün ixtisas və peşə artırma kursları təşkil olunur. Məlum kursu uğurla bitirənlərə sertifikat və işlə təminat imkanı yaradılır. Ali və orta ixtisas sahələrində fəaliyyət göstərən karyera mərkəzləri də var. Onlar qazilərin işlə təmin olunmasına kömək edir. Təcrübə proqramları və könüllülük proqramlarına cəlb edirlər ki, qazilər praktik təcrübə qazansınlar.

 

YAŞAT Fondu ilə tərəfdaş layihələr də olur. YAŞAT Fondu qazilərin təhsildən sonra əmək bazarına inteqrasiyaları üçün müxtəlif dövlət və özəl müəssisələrlə əməkdaşlıq edir. Ümumiyyətlə, qazilər üçün xüsusi iş yarmarkaları və müsahibə görüşləri təşkil edilir, karyera yönümlü təlimlər keçirilir. Son illərdə bir çox şirkətlər sosial məsuliyyət proqramı çərçivəsində qazilərin işlə təminatına önəm verir. Dövlət orqanlarında şəhid ailələri və qazilər üçün iş yerlərinin ayrılması nəzərdə tutulur. Bu yerlər əsasən inzibati və texniki vəzifələr üzrə verilir və imtiyazlı kateqoriya kimi qeyd olunur. Dövlət Məşğulluq Agentliyi və Elm və Təhsil Nazirliyi birgə şəkildə məzunların məşğulluq bazası üzərində işləyir. Bu bazada təhsilini bitirmiş qazilərin məlumatları toplanılır və onların işlə təmin olunması həyata keçirilir. Beləliklə, qazilərin təhsildən məşğulluğa keçidi üçün həm dövlət səviyyəsində, həm də özəl sektor sahəsində çoxsaylı mexanizmlər mövcuddur”.

 

Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər