Mobil telefonlardakı məlumatlar necə təhlükəyə çevrilir?
Mobil telefonunda saxlanılan bəzi SMS-lər, bank kartları, şəkillər, sənədlər sonradan problemə çevrilə bilər. Onlardan istifadə etməklə vətəndaşlara məxsus hesablardan pul çəkilir, şəxsin adından müxtəlif konversiya əməliyyatları icra edilir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında marketinq və süni intellekt alətləri üzrə təlimçi Abdulla Abdullayev bildirib ki, naməlum mənbələrdən tətbiq yükləməkdən çəkinmək lazımdır:
“Telefonu mütəmadi yeniləmək də çox önəmlidir, çünki təhlükəsizlik boşluqları əsasən köhnə versiyalarda qalır. Bank tətbiqləri üçün ayrıca qoruma ayarları aktiv edilməlidir. Ehtiyat nüsxələrin düzgün qurulması da sonradan ciddi problemlərin qarşısını alır.
İki mərhələli doğrulama sadəcə şifrə ilə kifayətlənməyən təhlükəsizlik üsuludur. Hesaba giriş zamanı əlavə kod tələb olunur. Bu kod adətən telefona gəlir və ya xüsusi tətbiqdə yaranır. Şifrə oğurlansa belə, ikinci mərhələ olmadığı halda hesab açılmır. Praktik olaraq, bu üsul hesab oğurluqlarını ciddi şəkildə azaldır. Xüsusilə, bank, e-poçt, sosial media hesablarında 2FA artıq seçim yox, zərurətdir.
Məncə, əsas problem texnologiyada deyil. Problem odur ki, insanlar hələ də rəqəmsal təhlükəsizliyə gündəlik vərdiş kimi baxmır. Halbuki bu, artıq şəxsi gigiyena səviyyəsində düşünülməlidir”.
Səadət Əlizadə
