Mobil telefonları virusdan necə qorumalıyıq?
Müasir dövrdə mobil telefonlar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrildikcə, bu cihazların kibertəhlükəsizliyi də xüsusi önəm qazanır. Zərərli viruslar və proqramlar telefonlarda saxlanılan şəxsi məlumatlar üçün risk yaradır.
Mövzu ilə bağlı İT mütəxəssisi Eyvaz Kərimov “İnformator.az”a açıqlamasında bildirib ki, viruslardan qorunmaq üçün istifadəçilər ən son antivirus proqramlarından istifadə etməlidir:
“Əsas üsul ehtiyatlı istifadədir. Tanımadığımız saytlardan proqram və fayl yükləməməliyik, telefon və kompüterin sistem yeniləmələrini vaxtında etməliyik, antivirus proqramı qurub aktiv saxlamalıyıq. Pulsuz Wi-Fi şəbəkələrinə qoşularkən diqqətli olmalıyıq, pirat proqramlardan istifadə etməmək çox vacibdir. İstifadəçilər arasında daha çox üstünlük verilən və etibarlı sayılan bir sıra antivirus proqramları mövcuddur. Bunlara Kaspersky, Bitdefender, ESET NOD32, Avast və AVG, Windows əməliyyat sistemi üçün nəzərdə tutulmuş Microsoft Defender daxildir. Bu proqramlar real vaxtda qoruma verir, şübhəli faylları avtomatik bloklayır və mütəmadi yenilənir. Vacib olan antivirusun daim aktiv və yenilənmiş olmasıdır. Şübhəli e-poçt və linklərdən qorunmaq üçün istifadəçilərin diqqətli olması vacibdir. Tanımadıqları şəxslərdən göndərilən e-poçtları açmamaq tövsiyə olunur. Xüsusilə, “Hesabınız bağlanacaq”, “Təcili təsdiqləyin” kimi panika yaradan mesajlara şübhə ilə yanaşmaq lazımdır. Linkə klik etməzdən əvvəl göndərənin elektron ünvanı diqqətlə yoxlanılmalı, bank və şəxsi məlumatlar isə heç bir halda e-poçt və linklər vasitəsilə paylaşılmamalıdır. Virusların çoxu texniki boşluqlardan yox, istifadəçinin diqqətsizliyindən yaranır”.
Zəri Bayramlı
