Mobil tətbiqlər bizi gizlicə izləyirmi?
Gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən mobil tətbiqlər bizə rahatlıq, sürət və ünsiyyət vəd edir. Bir kliklə sifariş verir, mesajlaşır, bank əməliyyatları aparır və şəxsi anlarımızı paylaşırıq.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən İKT üzrə ekspert Elvin Abbasov qeyd edib ki, mobil tətbiqlərin istifadəçini xəbərsiz izləməsi texniki cəhətdən tamamilə realdır və bu, çox vaxt tətbiqin daxilinə yerləşdirilən gizli izləmə kodları (tracker) vasitəsilə həyata keçirilir:
“Bir çox tətbiq fonda (background) aktiv qalaraq GPS vasitəsilə yerləşmə koordinatlarını, hərəkət sürətinizi və hətta qoşulduğunuz Wi-Fi şəbəkələrini qeyd edir. Həmçinin, bəzi tətbiqlər cihazın akselerometr və giroskop sensorlarından istifadə edərək sizin nə zaman yeridiyinizi, nə zaman nəqliyyatda olduğunuzu və ya telefonun masanın üzərində hansı vəziyyətdə durduğunu analiz edərək davranış modelinizi formalaşdırır. Bir mövzunu axtardıqdan dərhal sonra qarşınıza ona uyğun reklamların çıxması təsadüf deyil, "Məlumat Brokerləri" və reklam şəbəkələri arasındakı sürətli məlumat mübadiləsinin nəticəsidir. Siz bir saytda və ya tətbiqdə axtarış etdikdə həmin məlumat sizin unikal reklam ID-nizlə (IDFA və ya AAID) əlaqələndirilir və saniyələr ərzində onlarla reklam şirkətinə satılır. Bu proses "Real-Time Bidding" adlanır və tətbiqlər arasındakı bu ortaq izləmə sistemi sayəsində rəqəmsal profiliniz hər bir tətbiq tərəfindən tanınır, nəticədə sanki "bizi dinləyirlər" təəssüratı yaranır. Təhlükəsizliyi təmin etmək üçün tətbiqin funksionallığına birbaşa aidiyyəti olmayan icazələrdən qətiyyətlə imtina etmək tövsiyə olunur. Xüsusilə "Həmişə icazə ver" (Always allow) seçimi olan məkan (location) çıxışlarını "Yalnız istifadə zamanı" rejimindən dəyişmək, mikrofon, kamera və kontakt siyahısına girişi məhdudlaşdırmaq vacibdir. Həmçinin, tətbiqlərə "Digər tətbiqlər üzərində görünmə" və ya "Bildirişləri oxuma" icazəsini vermək risklidir, çünki bu yolla onlar digər tətbiqlərdəki fəaliyyətinizi və gələn mesajların məzmununu izləyə bilərlər”.
Banu Məmmədova
