00:00:00
Yazar
Güllər Gülhüseynova
28.08.2026 19:57 289 3 dəq oxuma
Siyasət

Möhsün Rzai: ABŞ təxribat törətsə, tarixə düşəcək zərbə endirəcəyik

Möhsün Rzai: ABŞ təxribat törətsə, tarixə düşəcək zərbə endirəcəyik

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə görüşüb.

 

Rzai ABŞ-yə etimad etmədiklərini və Vaşinqtonun dəfələrlə diplomatiyaya və danışıqlara xəyanət etdiyini bildirib.

 

“ABŞ İrana qarşı hər hansı təxribat törətməyə başlasa, onların hərbi və iqtisadi maraqlarına elə bir zərbə vuracağıq ki, tarixə düşəcək”, – deyə Rzai xəbərdarlıq edib.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və İran arasında gərginlik davam edir:

 

“Son günlərdə durum daha da kritik həddə çatıb. Buna paralel olaraq üstəlik İsrail və Türkiyə arasında da durum gərginləşir. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzainin Qətərin Baş naziri ilə görüşündə səsləndirdiyi "ABŞ təxribat törətsə, tarixə düşəcək zərbə endirəcəyik" bəyanatı, həm real hərbi hazırlığın nümayişi, həm də klassik bir çəkindirmə mesajıdır. Hansı zərbəni vura biləcəkləri zaman və zəminə bağlı olaraq mümkün yaxud mümkünsüz ola bilər. Hazırkı geosiyasi şəraiti və tərəflərin atdığı addımları təhlil etdikdə hərbi qarşıdurma riskini və bu bəyanatın mahiyyətini bir neçə yöndən, fərqli faktorlarla izah etmək olar. Belə ki, bu açıqlamanın çəkindirmə xarakterli olması daha çox reallığı əks etdirir. İran ABŞ-nin iqtisadi təzyiqlərinə və Hörmüz boğazı ətrafındakı hərbi mövcudluğuna cavab olaraq, Vaşinqtona müharibənin hər iki tərəf üçün çox ağır iqtisadi və hərbi nəticələr doğuracağını xatırlatmış olur. Eyni zamanda bunu sadəcə boş bir hədə kimi də qəbul etmək sadəlövhlük olardı. İran regional münaqişə fonunda Hörmüz boğazı üzərində nəzarəti artırıb, gəmilərin keçidinə məhdudiyyətlər tətbiq edir və sahilyanı müdafiə sistemlərini raketlər və dronlarla döyüş hazırlığı vəziyyətinə gətirib. Yəni, bəyanat əslində real hərbi rıçaqlara əsaslanır”.

 

Politoloq həmçinin bunu da qeyd edib ki, hazırda tərəflər arasında genişmiqyaslı bir müharibənin başlaması ehtimalı aşağıdır, lakin lokal toqquşma və gərginlik riskləri yüksəkdir:

 

“ABŞ rəsmiləri regionda genişmiqyaslı hərbi əməliyyatları bərpa etmək niyyətində olmadıqlarını, əsas diqqəti sanksiyalar və iqtisadi təzyiqlərə yönəltdiklərini açıq şəkildə bildirirlər. Vaşinqton birbaşa müharibədən qaçmağa çalışır, lakin İran tərəfindən ilk hücum olarsa, cavab zərbələri endirəcəyini də istisna etmir. Tehrandakı Pezeşkian hökuməti və hərbi elita hərbi ritorikanı yüksək tutsa da, əslində münaqişəni genişləndirmək niyyətində olmadıqlarını bəyan edirlər. İran hazırda gərginlikdən daha çox sanksiyaların yumşaldılması və dondurulmuş aktivlərin sərbəst buraxılması üçün diplomatik danışıqlarda rıçaq qazanmaq məqsədilə istifadə edir. Pərdəarxası və vasitəçilərlə, Pakistan və Qətər vasitəsilə gərginliyin azaldılması və Hörmüz boğazının təhlükəsizliyi barədə təmaslar və diplomatik manevrlər hazırda davam edir. Hər bir halda Möhsün Rzainin mesajını, ABŞ-nin İrana yönəlik iqtisadi blokadasını yarmaq və mümkün hərbi zərbələrin qarşısını almaq üçün nəzərdə tutulmuş strateji çəkindirmə addımı kimi qiymətləndirə bilərik. Hər iki tərəf böyük bir müharibənin gətirəcəyi dağıdıcı fəsadları anladığı üçün yaxın perspektivdə irimiqyaslı hərbi qarşıdurma real görünmür, lakin Hörmüz boğazı ətrafında lokal insidentlərin və gərginliklərin yaşanması bu gedişlə qaçılmaz olacaq”.

 

Güllər Gülhüseynova

#azərbaycan #düşəcək #möhsün #təxribat #törətsə #
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər