“Moskva Qərbi çəkindirici güc kimi qəbul etmir”
Rusiya Prezidenti Vladimir Putin yalnız ABŞ lideri Donald Trampdan qorxur, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, bu açıqlamalar reallığı tam əks etdirmir:
"Ukrayna cəbhəsində Vladimir Putin demək olar ki, geniş beynəlxalq qarşıdurma şəraitində hərbi əməliyyatlar aparır. NATO-nun bir çox ölkəsi Ukraynaya dəstək versə də, mövcud vəziyyət Rusiyanın hələ də müəyyən hərbi üstünlüyə malik olduğunu göstərir. Əgər bu belə olmasaydı, döyüş meydanında təşəbbüs Rusiyanın əlində olmazdı. Müşahidələr göstərir ki, Rusiya qoşunları Ukraynada müəyyən istiqamətlərdə irəliləyiş əldə edir və bu gün sülh razılaşması imzalansa, Moskva özünü qalib mövqedə təqdim etməyə çalışa bilər. Bu fonda Putinin Donald Trampdan çəkindiyi barədə fikirlər inandırıcı görünmür. Çünki müharibə əvvəlki siyasi kurs üzrə davam etdirilir və Trampın hakimiyyətə qayıdışından sonra da bu istiqamətdə ciddi dəyişiklik müşahidə olunmur".
Müsahibin sözlərinə görə, daha real görünən məqam Avropanın Putin üçün çəkindirici faktor kimi qəbul edilməməsidir:
"Vladimir Zelenskinin səsləndirdiyi fikirlərin tam reallığı əks etdirdiyini demək çətindir. Əgər Avropa ciddi hərbi-siyasi maneə hesab olunsaydı, Ukrayna ərazisində bu miqyasda müharibə aparılmazdı. Rusiya-ABŞ münasibətlərinin mövcud vəziyyəti də Ukraynadakı hərbi proseslərə təsir göstərən mühüm amillərdən sayılır və bu münasibətlərin yaxın dövrdə ciddi şəkildə dəyişəcəyi ehtimalı zəif görünür. Putinin uzun illər hakimiyyətdə qalması və bu müddətdə Gürcüstan müharibəsi, 2014-cü ildə Ukraynada baş verən hadisələr, eləcə də sonrakı müharibə mərhələləri göstərir ki, Moskva Qərb ölkələrini çəkindirici güc kimi qəbul etməyə meylli deyil".
Qəmər Kazımzadə
