Moskva xətti ilə qızışdırılan qüvvələr hərəkətə keçdi-Ermənistanda seçki öncəsi ara qarışır
Ermənistanda seçki öncəsi həm daxili siyasi qarşıdurma, həm də xarici təsir uğrunda mübarizə daha da qızışır. Zelenskinin İrəvanla bağlı bəyanatından sonra Moskvanın regiondakı siyasətini sərtləşdirdiyi iddia olunur. Bu fonda Paşinyana qarşı revanşist və Kremlə yaxın qüvvələrin aktivləşməsi, Qarabağ mövzusunun yenidən gündəmə gətirilməsi və Ermənistanın Rusiya-Qərb arasında seçim qarşısında qalması ölkədəki siyasi gərginliyi artırır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramlı bildirir ki, Ermənistanda revanşist və Rusiyaya yaxın qüvvələrin aktivləşməsi daxili siyasi balansı daha da həssas vəziyyətə gətirə bilər:
“Çünki Paşinyan hakimiyyəti son illərdə Qərblə münasibətləri genişləndirməyə çalışsa da, ölkə daxilində Rusiyanın təhlükəsizlik çətirindən imtina edilməsinin riskli olduğunu düşünən ciddi siyasi və ictimai qruplar qalmaqdadır. Bu qüvvələrin fəallaşması seçkiöncəsi küçə etirazlarını, hakimiyyətə təzyiqləri və siyasi qütbləşməni artıra bilər. Eyni zamanda Qarabağ mövzusunun yenidən emosional şəkildə gündəmə gətirilməsi daxili auditoriyanı səfərbər etmək üçün istifadə oluna bilər. Zelenskinin İrəvanla bağlı açıqlamalarından sonra Moskvanın Ermənistan siyasətində daha sərt və nəzarətçi xəttə keçməsi mümkündür. Kreml Cənubi Qafqazda təsir imkanlarını itirmək istəmir və buna görə də Ermənistanda özünə yaxın siyasi dairələri, media resurslarını və ictimai təsir mexanizmlərini daha aktiv şəkildə işə sala bilər. Moskva üçün əsas məqsəd Ermənistanın tam şəkildə Qərb orbitinə keçməsinin qarşısını almaq və İrəvanı təhlükəsizlik baxımından yenidən Rusiyadan asılı vəziyyətdə saxlamaqdır. Ermənistanın bir tərəfdən Qərbə inteqrasiya cəhdləri, digər tərəfdən isə Rusiyanı tam qarşısına almamaq siyasəti regionda qeyri-müəyyən təhlükəsizlik mühiti yaradır. Bu ziddiyyət həm Ermənistan daxilində siyasi sabitliyi zəiflədə, həm də Cənubi Qafqazda geosiyasi rəqabəti dərinləşdirə bilər. Əgər İrəvan balans siyasətini qoruya bilməsə, region böyük güclərin təsir mübarizəsinin daha açıq mərhələsinə keçə bilər. Bu isə həm kommunikasiyaların açılması prosesinə, həm də uzunmüddətli sülh perspektivlərinə birbaşa təsir edən amildir”.
Ədilə Hüseynzadə