00:00:00
Yazar
Admin User
04.02.2026 17:15 64 3 dəq oxuma
Sosial

Məsuliyyətlə gənclik arasında qalan bir nəsil

Məsuliyyətlə gənclik arasında qalan bir nəsil

Abituriyentlərin blok və buraxılış imtahanları yaxınlaşır. Bu dövrdə gənclər arasında stress səviyyəsi yüksəlir.

 

Mövzu ilə əlaqəli "İnformator.az” abituriyentlərin və mütəxəssislərin fikirlərini öyrənib. 

 

Blok və buraxılış imtahanlarına hazırlaşan abituriyent Ayşə Mustafayeva yuxusuz gecələrlə üz-üzədir:

 

“Açığı, qarışıq hisslər içindəyəm. Bir tərəfdən gəzmək, bir az əylənmək istəyirəm, hava almaq, başımı boşaltmaq yaxşı gəlir. Amma nə vaxt çölə çıxsam və ya sadəcə bir saat heç nə etməsəm, içimdə qəribə bir basqı yaranır. Elə bil vaxtımı boşa verirəm. Hazırlıq var, çatdırmalı olduğum dərslər var. Nəticədə yuxusuz gecələr, bitməyən düşüncələrlə cəbhə boyu savaşıram. Ona görə tam rahat ola bilmirəm. Gəzirəm, amma beynim ordadır, “indi oxumalıydın” deyir. Günahkarlıq hissi də yaranır. Yəni istirahət edirəm, amma tam istirahət kimi olmur”.

 

Digər həmsöhbət olduğumuz abituriyent Əsəd Əsədov  isə məktəbdə vaxt itirməsindən şikayətlənir:

 

“Oğlanlar çayxanaya gedəndə mən gedə bilmirəm. Bir tərəfdən vaxt itirmək kimi gəlir, bir tərəfdən də ailəmin əziyyəti gözümün önünə gəlir. Elə olur ki, bəzi dostlar “gəl bir az dolaşaq” , - deyə məni yoldan çıxarmağa çalışırlar, amma risk etmək istəmirəm. Bəzən gələcəyim haqqında da düşünə bilmirəm. Yaşım azdır, amma üzərimə düşən məsuliyyətlər böyükdür. Həmyaşıdlarım kimi rahat oyun oynamaq, başımı qatmaq istəyirəm, amma eyni zamanda məktəb və hazırlıq vaxt tələb edir. Nəticədə nə dərsi rahat oxuya bilirəm, nə də asudə vaxtı həqiqətən yaşaya bilirəm”. 

 

Bəs psixoloqlar məsələyə necə yanaşırlar?

 

"İnformator.az”a açıqlamasında psixologiya üzrə fəlsəfə doktoru, Orvita Psixoloji Reabilitasiya Mərkəzi və Orvita Autizm Evinin təsisçisi və direktoru, Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının İdarə Heyətinin üzvü Ramidə Oktayqızı bildirib ki, abituriyentlərin psixoloji vəziyyəti bu dövrdə həmişə gərgindir, çünki onların qarşısına bir öhdəlik qoyulur: həm müəllimlərin verdiyi tapşırıqları yerinə yetirmək, həm də valideynlərin istək və arzularını təmin etmək:

 

“Bu, çox çətin bir seçim prosesidir. Burada həm valideyni məmnun etmək, müəllimi razı salmaq, dərsdən və təlimdən gələn öhdəlikləri yerinə yetirmək, eyni zamanda öz arzu və istəklərini həyata keçirmək tələb olunur. Abituriyentlik dövrü yeniyetməlik dövrünə təsadüf etdiyi üçün gənclər daha çox əyləncəyə meyllidirlər. Öz həmyaşıdları ilə gülmək, gəzmək, asudə zamanı səmərəli keçirmək istəsələr də, məcburən təhsil və hazırlıqlara vaxt ayırırlar. Bu səbəbdən valideynlər uşaqların abituriyent dövrünü dar bir çevrədə, türmədəymiş kimi yaşamasına icazə verməməli, onların asudə vaxtının düzgün təşkilinə və yaxın ərazilərdə hazırlıq kurslarının təmin olunmasına diqqət yetirməlidirlər. Eyni zamanda valideynlər psixoloji basqı göstərməkdən çəkinməlidirlər. Davamlı olaraq övladlarına “niyə oxumursan?”, “niyə telefona baxırsan?” kimi suallar vermək psixoloji gərginliyi artırır və hətta tükənmişlik sindromuna səbəb ola bilər.

 

Valideynlər övladları üçün ortaq şərait yaratmalı, onlarla daim söhbət etməli və lazım olduqda psixoloji dəstək almaqdan çəkinməməlidirlər. Psixoloqla söhbət abituriyentlərin gərginliyini azaldır və onların daha motivasiyalı və həvəsli hazırlaşmasına zəmin yaradır”.

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər