Mətbuat tariximizin canlı yaddaşı:
Azərbaycan jurnalistikasının formalaşmasında və milli mətbuat tariximizin elmi əsaslarla araşdırılmasında misilsiz xidmətləri olan görkəmli alim, Əməkdar jurnalist, müəllimlərimizin müəllimi Şirməmməd Hüseynovun anadan olmasından 101 il ötür. O, təkcə mətbuat tariximizin deyil, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti ideyalarının ardıcıl və prinsipial tədqiqatçısı kimi yaddaşlarda qalır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında BDU-nun Milli Mətbuat Kafedrasının dosenti Aygün Əzimova bildirib ki, bir pedaqoq kimi böyük bir jurnalist ordusunu yetişdirən maarifpərvər ziyalının, "Mətbuatın rolunu, vəzifəsinin əhəmiyyətini öyrənmək üçün onun tarixini nəzərdən keçirmək lazımdır" söyləyən tədqiqatçı-alim-professor Şirməmməd Hüseynovun vətəninə, millətinə təmənnasız xidməti, elmi axtarışları bugünkü və gələcək nəslə örnək olacaq ömür yolunun əsas qayəsini təşkil edir:
“Şirməmməd müəllimin ömür yolu bütövlükdə bir məktəbdir. Fizika-riyaziyyat müəllimliyindən (Şəki) dəqiqliyi, dürüstlüyü, obyektivliyi və təmizliyi özündə cəmləşdirən pedaqoq-jurnalist fəaliyyətinə və "tarixin qaranlıq qalan" səhifələrində həqiqət axtarışına çıxan elmi araşdırmalarınadək bu fəaliyyət təkcə gələcək alimlər üçün deyil, həm də mətbuat sahəsində çalışacaq jurnalist kadrlar üçün bir yol xəritəsi olub.
Şirməmməd müəllimdən bizə qalacaq bir dərs var: "Keçmişimizi öyrənmək, dərk etmək, ondan faydalanmaq və ibrət dərsi götürmək". Bu, həmçinin Şirməmməd müəllimin fəaliyyətinin əsas amalı olmaqla bərabər, müstəqillik dövründə yeni elmi mühit üçün də aşıladığı əsas prinsip olub. Ötən əsrin 80-ci illərindən Azərbaycan mətbuatının açılmayan səhifələrinə, sovet ideoloji qadağalarına görə tədqiqatlardan kənarda qalan mətbu orqanlara, onun ideoloji tələblərlə öyrənilən şəxsiyyətlərinə, təhrif olunan faktlara yeni prizmadan tarixi-müqayisəli təhlil əsasında yanaşan tədqiqatçı-alim yüz əlli il tarixinin öyrənilməsində və tədqiq edilməsində böyük rol oynayıb. "Tarixi keçmişimizi, kökümüzü dəqiq və dürüst öyrənməyin ən mötəbər mənbələrindən biri-zamanın kollektiv yaddaşı hesab edilən" (Ş.H) mətbuatı tariximizin "ağ ləkələrinin" aradan qaldırılması üçün zəngin mənbə, əvəzsiz məxəz kimi qiymətləndirən Ş.Hüseynovun araşdırmaları bu gün bizim mənəvi xəzinəmizdir”.
Aygün xanım Şirməmməd müəllimdən öyrəndiyi ən vacib məsələlərdən olan tarixi həqiqətləri və gerçəklikləri, dövrün fakt, hadisə və problemlərini təhrifsiz, yeni müstəvidə obyektiv araşdırmaq bu gün onlarında əsas və müqəddəs vəzifəsi kimi qəbul olunduğunu vurğulayıb:
“Müəllimlə bir kafedrada çalışmağın özü də bir universitetdir. 27 il bir kafedrada çalışmaq, onun elmi düçüncələrindən, fikir və əqidəsindən bəhrələnmək özümüzü harada və necə görməyimizdə böyük rol oynıb. Bu gün bizlər adları və yazdıqları qadağan edilmiş istiqlal mücahidlərinin milli azadlıq və ədalət uğrunda mübarizələrini alimin "Milli haqq və ədalət axtarışında" arayır, mənəvi irsimizin açılmamış səhifələrini açmaqla tarixi yaddaşımızı "Mənəvi irsimiz və gerçəklikdə” vərəqləyir, Vətən tariximizi "Mətbu irsimizdən səhifələr”də mənimsəyir, bugünkü günümüzün reallıqları ilə tarixi keçmişimiz arasında əlaqələri və bağları "Müstəqilliyin çətin yolu...Reallıqlar, düşüncələr”də öyrənirik. Stolüstü kitablarımıza və dərs prosesində müraciət etdiyimiz vəsaitlərə çevrilən bu tədqiqatlarda tarixi sənədlər, uzun illər yasaq altında saxlanan arxiv materialları əsas yer tutur.
Bu tədqiqatlarda təqdim olunan materialların ilk oxucuları və dinləyiciləri bizlər olmuşuq. Şirməmməd müəllim arxivdən topladığı materialını ilk kafedrada maraqlı mülahizələrlə şərh edərdi. Müəllimin klassiklərimiz-M. F. Axundov, M. Ə. Rəsulzadə, Ü. Hacıbəyli, Ə. Hüseynzadə, Ə. Ağaoğlu, M.B.Məhəmmədzadə və digər şəxsiyyətlərlə bağlı maraqlı tapıntıları haqqında analitik yanaşmalarında, müasirlik baxımından qiymətləndirmələrində biz onu millətinin bu gününə və gələcəyinə böyük inamı olan yorulmaz bir vətəndaş ziyalı kimi görürdük”.
Müsahibimiz eyni zamanda bildirib ki, Şirməmməd müəllim magistr tələbələrə dərs deyib:
“Tələbələr ondan ədalətli, prinsipial, obyektiv olmağı, eləcə də milli düşüncə, vətəndaşlıq mövqeyi, elmi dürüstlük və mənbəyə hörmət kimi keyfiyyətləri mənimsəmişdilər. Şirməmməd müəllim mənim nəzərimdə ideal bir şəxsiyyət olmaqla yanaşı, bu gün əldə etdiyim bütün uğurlarımın mənbəyidir. Tədris prosesində müəllimimin nəinki tədqiqatları, həmçinin dərs metodu da mənim üçün bir məktəbdir. Hər dəfə klassiklərimizin əsərlərini mənə oxutduranda “şövqlə oxu” nəsihətinin məndə yaratdığı məhəbbət mətbuat tarixinə, klassik irsə, milli mənəvi dəyərlərə olan sevgimi daha da dərinləşdirmiş, məndə bu “xəzinə”nin daha dərinliklərinə elmi yanaşmağı və müasirlik baxımından qiymətləndirmənin yollarını öyrədib. Ömrünü bu klassik mətbu irsin toplanmasına həsr etmiş Şirməmməd müəllim “mənim ölməyə nə vaxtım, nə icazəm var” söyləməklə sanki ətrafdakılarına da vaxtın məsuliyyətini dərk etməyi məsləhət görürdü. Onun hələ deyiləsi fikirləri, tamamlanmalı işləri, bugünkü nəslə ötürülməli nə qədər elmi bilikləri vardır.
“Vaxt mənim deyil, mən vaxta cavabdehəm” fəlsəfəsini ötürən bu şəxsiyyət üçün ölmək yox, yarımçıq qalmaq qorxulu idi.
Vətəndaş-alim Şirməmməd Hüseynov təkcə tədqiqatçılıq məktəbinin deyil, müəllimlik dünyasının təmizlik faktını yaratmış bir pedaqoq kimi də həmişə qəlbimizdə, düşüncələrimizdə-yanımızdadır”.
Mövzu ilə bağlı “informator.az”a danışan digər müsahibimiz Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru, əməkdar jurnalist Qərənfil Dünyamin qızı bildirib ki, elə bu gün biz Şirməmməd müəllimin Fəxri Xiyabanda məzarını ziyarət etdik:
“Şirməmməd Hüseynov Azərbaycan jurnalistika tarixində elə bir iz qoyub ki, tədqiqatları, düzgünlüyü ilə həmişə ədalətin, haqqın yanında olmağı ilə, vətənpərvərliyi təəssübkeşliyi ilə elə bir iz qoyub ki, o iz bu gün də Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində onun adına layiq davam olunur. Mən deyərdim ki, bizim fakültədəki müəllimlərin, xüsusən də milli mətbuat tarixi kafedrasındakı müəllimlərin böyük əksəriyyəti onun yetirmələriyik. Müəllim hamımıza dərs deyib, bizə hər zaman öz dəstəyini göstərib. Mənim ilk diplom işində rəhbərim Şirməmməd müəllim olub və məni ilk dəfə arxivə aparan Şirməmməd müəllim olub və o gün, bu gün mən hər dəfə arxivə gedəndə Şirməmməd müəllimi xatırlayıram ki, məni Azərbaycan mətbuatının tədqiqinə Şirməmməd müəllim istiqamətləndirib. Şirməmməd müəllimin əsərləri və onların məqalələrinin, əsərlərinin adını saysaq bir səhifə elə onun əsərlərinin, məqalələrinin adı olar”.
Əlavə olaraq müsahib bildirib ki, Məmməd Əmin Rəsulzadə irsini Şirməmməd müəllim çox gözəl tədqiqata cəlb edib:
“Əsərlərini beş cild də hazırlayıb çap etdirib və Üzeyir Hacıbəyli ilə Əhməd bəy Ağaoğlu ilə Cəlil Məmmədquluzadə, Faiq Nemanzadə ilə və bütün demək olar bizim klassiklərimizin böyük əksəriyyəti ilə bağlı Şirməmməd müəllimin tədqiqatları var və o tədqiqatlarda həqiqətən bir özünə məxsusluq hiss edilir. Hətta professor Cahangir Məmmədlinin belə bir sözü var ki, Şirməmməd Hüseynov məktəbi onun tədqiqatlarında xas olan xüsusiyyətləri onun məktəbində doğrudan da hiss edilir, onun əsərlərində hiss edilir. Bu gün Azərbaycan mətbuatımızın tarixinin 150 yaşı var. Əgər biz nəsə tədqiq eləmişiksə, mətbuatla bağlı nə deməyə qadir olmuşuqsa, təbii ki, bunun üçün ilk dəfə ilk olar. Məmməd Hüseynova borcluyuq, çünki bayaq dediyim kimi, Şirməmməd müəllim həqiqətən özündən sonra burada həm bir məktəb qoyub gedib, həm də böyük bir tədqiqatçı nəslini yetişdirib, mətbuat tarixçilərini yetişdirib. Allah ona rəhmət eləsin, yeri cənnətlik olsun”.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru, Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli bildirib ki, Şirməmməd müəllim ilk növbədə Azərbaycan ictimai fikir tarixini araşdıran görkəmli tədqiqatçılardan biridir:
“Onun araşdırmalarında Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Ömər Faiq Nemanzadə kimi böyük tarixi şəxsiyyətlərin irsi sistemli şəkildə öyrənilərək ortaya qoyulub. Şirməmməd müəllimin digər tədqiqatçılardan əsas üstünlüyü ondadır ki, o, təkcə elmi araşdırmalarla kifayətlənməyib, eyni zamanda publisistika və jurnalistika fəaliyyəti ilə də məşğul olub. Gənclik illərində müxbir kimi çalışıb, qəzet redaktoru olub və jurnalistikanın içində yetişib. Bu səbəbdən onun dünyagörüşü, tədqiqat üsulları və hadisələrə yanaşması birbaşa şəxsi təcrübəyə əsaslanıb. O, 1950-ci illərin ortalarında Moskva Dövlət Universitetinin aspiranturasında təhsil alıb və orada dissertasiya müdafiə edib. Buna görə də Azərbaycan mətbuat tarixini dərindən və mükəmməl bilib. Onun Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, xüsusən parlament fəaliyyətinə dair hazırladığı üçcildlik əsərlər bu gün də ciddi tarixi mənbə kimi böyük əhəmiyyət daşıyır. Ümumilikdə, Şirməmməd müəllim gördüyü işlərlə demək olar ki, bir elmi institutun fəaliyyətini təkbaşına həyata keçirib. Onun apardığı transliterasiyalar, yazdığı məqalələr və kitablar son dərəcə dəyərli elmi mənbələrdir. Eyni zamanda, Şirməmməd müəllim Azərbaycanda jurnalistika təhsilinin görkəmli təşkilatçılarından biri olub. Uzun illər Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Mətbuat tarixi kafedrasının müdiri kimi fəaliyyət göstərib. Şəxsiyyəti, davranışı və yüksək mənəvi keyfiyyətləri ilə sözün əsl mənasında böyük bir elmi məktəbin əsasını qoyub. Xüsusilə son illərdə olduqca səmərəli çalışaraq Cümhuriyyətin banisi Məmməd Əmin Rəsulzadənin əsərlərini beş cilddə, Üzeyir Hacıbəylinin irsini isə iki cilddə nəşr etdirib. Bundan əlavə, Azərbaycan mətbuat tarixi, ictimai fikir, Bakı tarixi və nəşriyyat işi ilə bağlı hazırladığı kitablar olduqca qiymətli mənbələrdir”.
Əlavə olaraq müsahib bildirib ki, Rəsulzadənin əsərlərini beş cilddə, Uzeyir Hacıbəylinin irsini isə iki cilddə nəşr etdirib:
“Bundan əlavə, Azərbaycan mətbuat tarixi, ictimai fikir, Bakı tarixi və nəşriyyat işi ilə bağlı hazırladığı kitablar olduqca qiymətli mənbələrdir. Şirməmməd müəllim şəxsiyyət etibarilə də son dərəcə parlaq insan idi və hər birimiz üçün böyük ustad nümunəsi sayılıb. O, millətə təmənnasız xidmətin ən parlaq örnəklərindən biridir. Tədqiq etdiyi Zərdabi, Məmməd Əmin Rəsulzadə, Üzeyir bəy kimi böyük şəxsiyyətlərin mənəvi davamçısı idi və bu ideyaları özündən sonra gələn nəsillərə miras qoyub gedib. Biz onun məzarını ziyarət etdik. Orada yazılmış bir fikir onun həyat fəlsəfəsini açıq şəkildə ifadə edir: "Ata-babalarımız bizə bütöv bir Azərbaycan qoyub bu dünyadan köçüblər. Bizim borcumuz da bu vətəni gələcək nəsillərə sağlam şəkildə əmanət etməkdir." Bunun üçün sözlə deyil, əməldə böyük vətənpərvər olmaq lazımdır. Şirməmməd müəllim də məhz bu vətənpərvərliyin ən parlaq nümunəsini göstərib. Allah rəhmət eləsin!"
Banu Məmmədova
Səadət Əlizadə
