00:00:00
Yazar
Zəhra Həsənova
18.05.2026 22:01 41 2 dəq oxuma
Siyasət

Müasir dünyada urbanizasiya ilə bağlı problemlər getdikcə daha qlobal xarakter alır - ŞƏRH

Müasir dünyada urbanizasiya ilə bağlı problemlər getdikcə daha qlobal xarakter alır - ŞƏRH

Bu baxımdan “UN-Habitat” nümayəndələrinin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda səsləndirdiyi fikirlər yeni mərhələnin başladığını göstərir. Ekspertlər hesab edir ki, növbəti onillik artıq strategiyaların deyil, onların real icrasının dövrü olmalıdır.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirir ki, “Yeni Şəhər Gündəliyi”nin növbəti onillikdə icrasının sürətləndirilməsi beynəlxalq münasibətlər sistemində şəhərlərin siyasi çəkisini artıracaq:


“ Əvvəllər əsas qərarverici aktorlar yalnız dövlətlər hesab olunurdusa, indi böyük şəhərlər də qlobal siyasətdə təsir imkanları əldə edir. Urbanizasiya, iqlim təhlükəsizliyi və resurs çatışmazlığı kimi məsələlər artıq milli sərhədləri aşdığı üçün dövlətlər arasında əməkdaşlıq məcburi xarakter alır. Bu proses dövlət siyasətində sosial rifah, ekoloji təhlükəsizlik və rəqəmsal idarəetmə modellərinin prioritetə çevrilməsinə səbəb olacaq. Eyni zamanda, şəhərlərin dayanıqlılığı geosiyasi rəqabətin yeni göstəricilərindən birinə çevrilə bilər. Urbanizasiya ilə bağlı problemlər gələcəkdə siyasi sabitlik üçün ciddi çağırışlar yarada bilər. Xüsusilə, böyük şəhərlərdə sosial təbəqələşmənin dərinləşməsi populizmin, radikal çağırışların və etiraz meyillərinin artmasına səbəb ola bilər. İqlim dəyişikliyi nəticəsində yaranan daxili miqrasiya isə həm iqtisadi yükü artıracaq, həm də sosial inteqrasiya problemləri yaradacaq. Bu baxımdan urbanizasiya artıq yalnız şəhərsalma məsələsi deyil, dövlətlərin milli təhlükəsizlik strategiyalarının bir hissəsinə çevrilir. Bakı kimi inkişaf edən şəhərlər qlobal şəhərsalma və dayanıqlı inkişaf siyasətində “regional diplomatiya platforması” rolunu oynaya bilər. Paytaxtımız son illərdə beynəlxalq tədbirlərə ev sahibliyi etməklə özünü yalnız iqtisadi deyil, siyasi və strateji mərkəz kimi də təqdim edir. Şəhərin nəqliyyat-logistika imkanları, rəqəmsal transformasiya layihələri və yaşıl enerji gündəliyi onu region üçün nümunəvi urbanizasiya modelinə çevirə bilər. Politoloji baxımdan Bakı kimi şəhərlərin güclənməsi dövlətin yumşaq güc potensialını artırır və beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Bu isə Azərbaycanın regional və qlobal proseslərdə mövqeyinin daha da möhkəmlənməsinə xidmət edə bilər”.

Ədilə Hüseynzadə

#baki #dünyada #urbanizasiya #getdikcə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər