00:00:00
Yazar
Asiman Vəliyeva
30.03.2026 19:54 32 2 dəq oxuma
Siyasət

Müasir müharibədə PUA-ların rolu necə dəyişib?

Müasir müharibədə PUA-ların rolu necə dəyişib?

Müasir müharibələrdə texnologiyanın rolu sürətlə artır və bu dəyişimin ən diqqət çəkən nümunələrindən biri pilotsuz uçuş aparatlarıdır (PUA). Əvvəllər əsasən kəşfiyyat məqsədilə istifadə olunan bu vasitələr artıq birbaşa hücum gücünə çevrilib. Son münaqişələr göstərir ki, PUA-lar həm döyüş taktikasını, həm də müharibənin gedişatını ciddi şəkildə dəyişdirir.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev bildirib ki, elm və texnologiya inkişaf etdikcə müharibə və silahlı mübarizə metodları da inkişaf edir:


“Son illərdə baş verən müharibələrdə ən geniş tətbiq olunan yeni texnologiyalardan biri müxtəlif təyinatlı pilotsuz uçan aparatların (PUA) istifadəsidir. Bir çox ölkələr, o cümlədən Azərbaycan və Türkiyə bu sahədə böyük nailiyyətlər əldə ediblər. Xatırlatmaq lazımdır ki, PUA-ların genişmiqyaslı döyüş əməliyyatlarında tətbiqi ilk dəfə məhz Azərbaycan geniş şəkildə həyata keçirib. Əvvəllər pilotsuz uçan aparatları əsasən kəşfiyyat, müşahidə və izləmə məqsədilə istifadə olunurdusa, bu gün artıq onlar vasitəsilə həm raketlər buraxmaq, həm də onların özünü döyüş başlığı kimi istifadə edərək hədəflərə zərbə endirmək mümkündür. Türkiyənin istehsal etdiyi zərbə tipli pilotsuz aparatların qanadlı raketlər buraxmaq imkanı da mövcuddur. PUA-ların tətbiqinin bir çox üstünlükləri var. Birincisi, onların idarə edilməsi uzaq məsafədən həyata keçirilir və bu zaman pilot hazırlığına sərf olunan vəsait pilotlu aviasiya ilə müqayisədə xeyli az olur. İnsan həyatı riski demək olar ki, aradan qalxır. Bəzən 25-50 min dollar dəyərində olan PUA və ya onun buraxdığı təxminən 20 min dollarlıq raket vasitəsilə milyonlarla dollar dəyərində olan zirehli texnika, hava hücumundan müdafiə sistemləri, raket qurğuları, reaktiv yaylım atəşi sistemləri və artilleriya vasitələri sıradan çıxarıla bilir. PUA-ların tətbiqi əslində yeni deyil. Bu qurğular artıq on illərdir mövcuddur. Lakin 2015-ci ildən sonra onların müharibələrdə istifadəsi daha geniş vüsət alıb və bu sahə sürətlə inkişaf edir. Hazırda inkişaf istiqamətlərindən biri də böyük pilotsuz aparatların kiçik ölçülü mini-dronlar buraxmasıdır. Bu sahədə Türkiyə və ABŞ mühüm nailiyyətlər əldə ediblər.

 

Eyni zamanda, avtonom enmə və qalxma imkanına malik dronlar artıq dəniz platformalarına enə bilirlər. Türkiyə bunu dəfələrlə nümayiş etdirib və bu istiqamətdə lider ölkələrdən birinə çevrilib.

 

Gələcək müharibələrdə robot əsgərlərin, sürü dronlarının və yüksək hündürlükdə fəaliyyət göstərən pilotsuz aparatların tətbiqi nəticəsində insan itkilərinin azalacağı, lakin eyni anda daha çox hədəfin sıradan çıxarılacağı gözlənilir”.

 

Gövhər Mehyəddinova

#necə #pua-ların #dəyişib? #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər