“Müharibəni dayandırmaq Türkiyənin əlində deyil” - ŞƏRH
Türkiyə regionda artan gərginlik fonunda İranla bağlı mümkün hərbi qarşıdurmanın qarşısını almaq üçün diplomatik səylərini artırır. Rəsmi Ankara vəziyyətin daha da kəskinləşməməsi üçün dialoq və vasitəçilik təşəbbüslərini ön plana çəkir.
Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyə hazırda Yaxın Şərqdə təsir imkanları olan əsas regional güclərdən biridir və bu baxımdan onun vasitəçilik rolu diqqət çəkir:
“Türkiyə həm NATO üzvü olaraq Qərblə əlaqələrə malikdir, həm də region ölkələri ilə o cümlədən İranla münasibətlərini tam pozmayıb. Ankara prinsip etibarilə İranın parçalanması və ya rejimin devrilməsi kimi ssenarilərə qarşı çıxır və daha çox balanslı mövqe sərgiləyir. Hətta öz ərazisində yerləşən hərbi bazalardan İrana qarşı istifadə olunmasına icazə verməməsi də bu neytral yanaşmanın göstəricisidir. Bu baxımdan Türkiyə potensial vasitəçi kimi çıxış edə bilər və müəyyən dialoq platforması yarada bilər. Lakin əsas problem ondan ibarətdir ki, İran Türkiyəyə tam etibar etmir və bu da prosesə müəyyən maneələr yaradır”.
Ekspert qeyd edib ki, hazırkı mərhələdə müharibənin qarşısını almaq olduqca çətin görünür:
“Artıq tərəflər arasında ciddi qarşıdurma yaşanıb və itkilər verilib. Bu isə prosesi emosional və prinsipial müstəviyə keçirir. İran məsələyə daha çox qan davası kimi yanaşmağa başlayıb və bu şəraitdə danışıqlara qayıtmaq çətinləşir. Müharibənin qarşısını almaq üçün ya tərəflərdən biri ciddi itki ilə geri çəkilməli, ya da güclü beynəlxalq təzyiq mexanizmi formalaşmalıdır. Məsələn, region ölkələrinin - Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, İordaniya və digərlərinin koordinasiyalı şəkildə çıxış etməsi müəyyən təsir yarada bilər. Amma hazırda belə bir vahid mövqe müşahidə olunmur. Münaqişənin uzanması region və dünya üçün ciddi risklər yaradır. Müharibənin davam etməsi xüsusilə enerji təhlükəsizliyinə təsir göstərə bilər. Fars körfəzində gərginlik və mümkün blokada enerji daşıyıcılarının daşınmasına ciddi maneələr yarada bilər ki, bu da Avropada onsuz da mövcud olan enerji böhranını daha da dərinləşdirə bilər. Digər tərəfdən, İranın regiondakı müxtəlif hədəflərə zərbələr endirməsi münaqişənin coğrafiyasını genişləndirir. Bu isə o deməkdir ki, artıq heç bir ölkə özünü tam təhlükəsiz hesab edə bilməz. Naxçıvan istiqamətində baş verən hadisələr də göstərir ki, risklər realdır və müharibənin təsirləri region ölkələrinə birbaşa sirayət edə bilər. Mövcud vəziyyətdə Türkiyənin təşəbbüsləri müəyyən əhəmiyyət kəsb etsə də, yekun nəticə tərəflərin siyasi iradəsindən asılı olacaq”.
Ayşə Müzəfərli