"Müharibə və toqquşma ehtimalı yüksək olaraq qalmaqdadır" - ŞƏRH
ABŞ ilə İran arasında uzun illərdir davam edən gərgin münasibətlər fonunda mümkün yüksək səviyyəli təmas ehtimalı yenidən gündəmə gəlib. ABŞ dövlət katibinin açıqlaması Vaşinqtonun keçmiş prezidenti Donald Trump ilə İranın ali dini lideri Ayətullah Əli Xamenei arasında görüş ehtimalı ilə bağlı müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı siyasi şərhçi Əli Orucov “İnformator.az”a bildirib ki, ABŞ prezidenti Donald Trumpla İranın Ali Dini Lideri Əli Xamenei arasında görüş üçün hələ ortam yoxdur:
“Tərəflər indiki halda daha çox müharibə ovqatına kökləniblər. İran və ABŞ nümayəndə heyətlərinin ilkin təmaslarında da ciddi irəliləyişlərə, ortaq məxrəcə gəlinməsinə nail olunmayıb. ABŞ regiona yeni hərbi qüvvələr cəmləşdirir, İran həndəvərində həlqəni daraldır. İran və ABŞ-nin mövqelərindən çəkilmələri barədə ortada heç bir niyyət və siyasi iradə hələ ki, görünmür. Əksinə, Tehran raket və nüvə proqramından geri addım atmayacağını, Vaşinqton isə güzəştə getməyəcəyini bəyan edir. Demək, müharibə və toqquşma ehtimalı yüksək olaraq qalmaqdadır. Digər tərəfdən, İsrail İran hava hücumlarının gerçəkləşdirilməsinə israr edir. Bu da İran-ABŞ danışıqlar prosesini çətinləşdirir. Əgər sanksiyaların ləğvi nüvənin zənginləşdirilməsi məsələsi ilə uzlaşdırılsa, o zaman ölü nöqtədən çıxmaq olar və növbəti raundlarda mübahisə doğuran məsələlərin həlli üçün etimad mühiti yarana bilər. Onu da nəzərə almalıyıq ki, İran tək deyil və Çin, Rusiya ilə məsləhətləşmədən strateji addımlar ata bilməz. Gərginliyin aradan qalxması üçün hər iki tərəf, xüsusən də ABŞ, maksimalist yanaşmadan imtina etməlidir. Vaşinqtonun hədəflərindən biri də hazırkı rejimi dəyişməkdir. Belə bir atmosferdə Ali Dini Liderin razılaşmaya hazır olması çətin görünür”.
Cavahir Əsgərbəyli
