00:00:00
Yazar
Aysel Mirzəyeva
07.04.2026 20:35 25 2 dəq oxuma
Siyasət

"Münaqişələrin uzanması region və dünya üçün əlavə risklər yaradır” - ŞƏRH

"Münaqişələrin uzanması region və dünya üçün əlavə risklər yaradır” - ŞƏRH

Donald Tramp müasir silahların gücündən danışaraq bildirib ki, hazırkı texnologiyalarla bir ölkə qısa müddətdə tamamilə məhv edilə bilər. O, qlobal təhlükəsizlik məsələlərinin daha ciddi mərhələyə keçdiyini vurğulayıb.

 

Mövzu ilə bağlı politoloq Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, Donald Trampın bu tip açıqlamaları ilk dəfə deyil və buna bənzər bəyanatlar əvvəllər də səsləndirilib:

 

“Son dövrlərdə ABŞ rəhbərliyinin bu cür sərt ritorikaya tez-tez müraciət etməsi diqqət çəkir. Belə açıqlamalar artıq müəyyən mənada adi hal kimi qəbul olunur. Son həftələrdə də ABŞ rəhbərliyindən buna bənzər sərt bəyanatların şahidi olmuşuq. Amma hesab edirəm ki, ‘bütün ölkə bir gecədə məhv edilə bilər’ kimi ifadələr daha çox siyasi ritorika xarakteri daşıyır və praktik baxımdan çox da real görünmür. Çünki hər hansı bir ölkənin qısa müddətdə tamamilə məhv edilməsi barədə danışmaq beynəlxalq hüquq normaları və müasir beynəlxalq münasibətlər sistemi ilə uyğun gəlmir. Bu baxımdan belə açıqlamaların arxasında ciddi siyasi planların dayandığını düşünmürəm”.

 

Ekspert qeyd edib ki, hazırda dünyada onsuz da kifayət qədər gərgin geosiyasi vəziyyət mövcuddur və bu cür bəyanatlar mövcud vəziyyəti köklü şəkildə dəyişmir:

 

“Ölkələr arasında gərginlik artıq kifayət qədər yüksək səviyyədədir. Ona görə də, belə açıqlamaların əlavə ciddi təsir yaradacağını düşünmürəm. Hazırda əsas diqqət regionlarda davam edən münaqişələrə və onların necə inkişaf edəcəyinə yönəlib. Xüsusilə Yaxın Şərqdə baş verən proseslər beynəlxalq siyasətin əsas mövzularından biridir. Bəzi dairələr müəyyən münaqişələrin qısa müddətdə həll olunacağını düşünsə də, reallıq fərqli ola bilər. Bəzi siyasi dairələr münaqişələrin qısa müddətdə bitəcəyini düşünürdü, amma görünən odur ki, proseslər daha uzunmüddətli xarakter ala bilər. Bu baxımdan qarşıdakı dövrdə vəziyyətin necə inkişaf edəcəyini indidən dəqiq proqnozlaşdırmaq çətindir. Münaqişələrin nəticəsi yalnız hərbi proseslərlə deyil, həm də siyasi və diplomatik addımlarla müəyyən olunacaq. Mövcud vəziyyətdə tərəflərin qələbə və ya məğlubiyyətindən danışmaq hələ tezdir. Beynəlxalq qarşıdurmaların nəticələri çox zaman uzun müddətdən sonra müəyyən olunur. Ona görə də, indiki mərhələdə hansı tərəfin üstün olacağını qəti şəkildə söyləmək çətindir. Amma bir məsələ aydındır ki, münaqişələrin uzanması region və dünya üçün əlavə risklər yaradır”.


Ayşə Müzəfərli

#azərbaycan #gündəm #risklər #yaradır”
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər