00:00:00
Yazar
Aysel Mirzəyeva
03.03.2026 21:39 18 2 dəq oxuma
Siyasət

Münaqişənin uzanması ABŞ-nin imicini riskə atırmı?

Münaqişənin uzanması ABŞ-nin imicini riskə atırmı?

ABŞ Prezidenti Donald Tramp bildirib ki, indiyədək ABŞ İrana qarşı ciddi zərbə endirməyə başlamayıb və “böyük dalğa” hələ qarşıdadır, tezliklə daha güclü hücumların olacağı gözlənilir.

 

Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin bu şəkildə İrana zərbə endirməsi ən azı danışıqlar prosesinin uğursuz nəticələnməsini və İrana müharibə elan etmədən anidən bu şəkildə hərəkətə keçilməsini beynəlxalq hüquqa uyğun saymır:

 

“Bu İranın dövlət kimi suveren hüquqlarının pozulmasıdır. Ola bilər ki, İrandakı rejim beynəlxalq hüquqa məhəl qoymur, özü qanunsuz və avtoritar rejimdir. Bütün bunlar hüquqi müstəvidə həllini tapmalı olan məsələlərdir. Amma İranın dövlət kimi hüquqlarının tapdalanması da başqa bir nüansdır ki, ABŞ-İsrail tərəfi burada İranın dövlət və dövlət təhlükəsizliyini nəzərə almadan addım atıblar. Beləcə beynəlxalq hüququ pozdular. Münaqişənin uzanması ABŞ qlobal liderliyinin imicinə mənfi təsir göstərəcək. Amma müharibə uzanmasa belə, hazırda Donald Trampın həyata keçirdiyi müəyyən addımlar var: Venezuela Prezidenti’nin qaçırılması, İrana bu şəkildə zərbələr endirilməsi, Qrenlandiyanı təcavüzkar şəkildə istəmək, Kanadanı, Meksikanı 51-ci, 52-ci ştat kimi təqdim etmək-bütün bunlar ABŞ-nin bir vaxtlar qurduğu demokratiyanın həm banisi, həm qoruyucusu imicinə zərbə vurur”.

 

Həşim Səhrablı qeyd edib ki, bu gün Amerika deyəndə artıq heç kimin ağlına demokratiya və demokratiyanı qoruyan ölkə gəlmir:

 

“Bu gün Amerika deyəndə Rusiyadan fərqli olmayan, təcavüzkar bir yanaşma ağlımıza gəlir. Niyə? Çünki Avropa özü də indi sual qarşısındadır ki, görəsən Qrenlandiyaya hücum ediləcək yoxsa yox? Amma münaqişə uzanarsa, ABŞ imic baxımından daha pis vəziyyətə düşə bilər. Çünki münaqişənin uzanması onu tələb edəcək ki, ABŞ nəticə əldə etmək üçün daha kəsərli hücumlar etsin. Bu da onu daha radikal, qəddar yollara əl atmağa sövq edə bilər və olan qalan imicini də tamamilə məhv edə bilər. Çin və Rusiya əvvəldən İranın tərəfində çıxış edirdilər və onların mövqeləri dəyişməyib. Bu təbii ki, İranın haqlarından ziyadə, Çin və Rusiyanın maraqlarından irəli gəlir, çünki qlobal liderlik uğrunda mübarizə gedir. Yeni dünya düzəni qurulur və burada həm Çin, həm Rusiya, həm ABŞ yeni düzənin əsas supergücü olma yarışına daxil olublar. Ona görə də, Çin də, Rusiya da hesablayır ki, İranı müdafiə etməklə əslində onlar ABŞ-nin bu potensialına və gələcəkdəki supergüc statusuna zərbə endirə bilərlər. Onlar sona qədər İranı gizli şəkildə dəstəkləməyə davam edəcəklər. Amma Amerikada beyinlərlə idarə olunan bir ölkə olduğu üçün çox da bu bataqlıqda qalmayacaq. Onlar qısa müddət ərzində ya məqsədlərinə çatacaqlar, ya da İranda məqsədlərinə tam mənada çata bilməyəcəklər. O halda ortaq bir yol tapıb oradan çıxacaqlar”.


Nuray Əliyeva

#xəbər #yeni #atırmı? #uzanması #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər