00:00:00
Yazar
Nərmin Həşimova
24.04.2026 21:47 17 3 dəq oxuma
Siyasət

“Müttəfiqlərin etibarlılığı ABŞ üçün həm də siyasi dəstək və legitimlik baxımından vacibdir”- Politoloq 

“Müttəfiqlərin etibarlılığı ABŞ üçün həm də siyasi dəstək və legitimlik baxımından vacibdir”- Politoloq

“ABŞ-nin İrana zərbələri zamanı digər ölkələrin köməyinə ehtiyacı olmayıb. Vaşinqtonun yardımla bağlı hər hansı sorğusu sadəcə NATO çərçivəsindəki müttəfiqlərin nə dərəcədə etibarlı olduğunu yoxlamaq üçün bir sınaq idi".

Bu barədə ABŞ administrasiyasının rəhbəri Donald Tramp BBC-yə verdiyi müsahibədə bildirib.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən politoloq Yusif Bağırzadə bildirib ki,ABŞ–İran gərginliyinin yüksəlməsi region üçün bir neçə istiqamətdə təsir yaradır:

 

“Bunlar təhlükəsizlik risklərinin artması, enerji və ticarət marşrutlarının qeyri-sabit olması, həmçinin böyük güclər arasında dolayı qarşıdurmanın dərinləşməsidir. Xüsusilə Hörmüz boğazı kimi strateji keçidlərdə hər hansı eskalasiya qlobal neft və qaz qiymətlərinə birbaşa təsir edir. Bu isə yalnız Yaxın Şərq ölkələrini deyil, Avropa və Asiya bazarlarını da dalğalanmaya məruz qoyur. Belə vəziyyətlərdə region ölkələri adətən iki istiqamətli təzyiq altında qalır: bir tərəfdən təhlükəsizlik riskləri, digər tərəfdən isə iqtisadi qeyri-müəyyənlik.

Gərginliyin artması həm də region daxilində proksi münaqişələrin güclənməsi ehtimalını artırır. İranın müxtəlif regionlarda təsir şəbəkələri və ABŞ-nin müttəfiqlik sistemi bu qarşıdurmanın birbaşa müharibə olmadan da davam etdirilməsinə imkan verir. Bu isə sabitlik üçün daha təhlükəli ssenaridir, çünki qarşılıqlı eskalasiya nəzarətsiz şəkildə müxtəlif cəbhələrə yayıla bilər”.

 

Politoloq qeyd edib ki, NATO müttəfiqlərinin etibarlılığı məsələsi beynəlxalq münasibətlərdə kollektiv təhlükəsizlik prinsipinin mərkəzində dayanır:


“NATO-nun əsas ideyası ondan ibarətdir ki, bir üzvə hücum hamıya hücum kimi qiymətləndirilir. Lakin bu öhdəlik avtomatik və hər situasiyaya eyni şəkildə tətbiq edilmir.  NATO-nun belə vəziyyətdə ABŞ-yə yardım etməsi hüquqi yox, daha çox siyasi məsələdir. Belə ki, formal olaraq 5-ci maddə yalnız üzv dövlətə qarşı birbaşa hücum halında aktivləşir. ABŞ-nin İrana qarşı həyata keçirdiyi əməliyyatlar və bu əməliyyatlar nəticəsində İranın cavab tədbirləri isə hücum deyil. Buna görə də NATO üzvləri avtomatik şəkildə dəstək verməyə məcbur deyillər. Ümumiyyətlə, müttəfiqlərin etibarlılığı daha çox siyasi iradə, operativ koordinasiya və real böhran anlarında birlikdə hərəkət etmə qabiliyyəti ilə ölçülür. ABŞ kimi aparıcı üzv üçün bu yalnız hərbi güc deyil, həm də siyasi dəstək və legitimlik baxımından vacibdir. O ki, qaldı Trampın NATO-ya çağırışları sınaq kimi təqdim etməsi- bu daha çox Alyans daxilində liderlik və yük paylaşımı məsələsi ilə bağlı artıq bir müddətdir ki, davam edən bəyanatların davamı kimi oxunmalıdır. Bilirik ki, ABŞ uzun müddətdir ittifaq daxilində bəzi ölkələrin müdafiə xərclərinə az töhfə verdiyini iddia edir. Odur ki, indi də NATO-nun sınaqdan çıxmadığı kimi iddilarla çıxış etmək müttəfiqlərə “öhdəliklərinizi artırın” təzyiqi kimi qəbul olunmalıdır. Ümumilikdə isə bu cür vəziyyətlər NATO-nun əsas gücünü, yəni kollektiv müdafiəni yox, daha çox siyasi koordinasiya qabiliyyətini test edir. ABŞ-İran gərginliyi həm regional sabitliyi sarsıdır, həm də Qərb ittifaqı daxilində strateji fikir ayrılıqlarını daha görünən edir”.



Nurgün Qənizadə

#ABŞ #müttəfiqlik #dəstək #İran
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər