“Müvəqqəti də olsa, bir razılaşma əldə oluna bilər”- ŞƏRH
KİV-in məlumatına görə, ABŞ və İran arasında aparılan danışıqların ikinci raundunun yaxın günlərdə keçirilməsi gözlənilir. Görüşdə tərəflər arasında mövcud gərginlik və regional məsələlərin müzakirə olunacağı bildirilir.
Mövzu ilə bağlı politoloq Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, bu danışıqların ikinci mərhələsinin keçirilməsi gözlənilən idi və tərəflərin gərginliyi azaltmaq üçün müəyyən addımlar atacağı ehtimal olunur:
“Əslində bu danışıqların ikinci raundunun keçirilməsi gözlənilən idi. Hələ tam təsdiqlənməsə də, mövcud vəziyyət onu göstərir ki, tərəflər arasında yeni bir hərbi qarşıdurmanın başlaması ehtimalı hələlik aşağı görünür. Atəşkəs müddətinin bitməsinə bir neçə gün qalıb və bu müddət ərzində vəziyyət dəyişə bilər. Qarşıdakı günlərdə proseslərin hansı istiqamətdə inkişaf edəcəyini daha aydın görəcəyik. Danışıqlar zamanı tərəflər əsasən öz mövqelərini qorumağa və istəklərini qəbul etdirməyə çalışacaqlar. Hər biri müəyyən məsələlərdə üstün mövqedə görünmək istəyəcək. Lakin hesab edirəm ki, tam şəkildə istədiklərini əldə etmək çətin olacaq. Buna görə, tərəflərin müəyyən kompromisə getməsi zəruridir. Əks halda gərginliyin yenidən artması ehtimalı qalacaq”.
Politoloq qeyd edib ki, danışıqlarda əsas müzakirə mövzularından biri Hörmüz boğazı məsələsi olacaq:
“Hazırda tərəflər arasında həllini tapmayan əsas problemlərdən biri məhz Hörmüz boğazı ilə bağlı məsələdir. Bu məsələ təkcə ABŞ və İran üçün deyil, bütün dünya üçün böyük əhəmiyyət daşıyır. Çünki qlobal enerji daşımalarının mühüm hissəsi bu marşrutdan keçir. Avropanın böyük dövlətləri də bu boğazın açıq qalmasını istəyir və bunun üçün ciddi səylər göstərirlər. ABŞ və İran arasında fikir ayrılıqları uzun illərdir davam edir və bu münasibətlərin qısa müddətdə dəyişməsi real görünmür. ABŞ və İran arasında fikir ayrılıqları 1979-cu ildən etibarən davam edir və artıq onilliklərdir ki, bu münasibətlər gərgin olaraq qalır. Bu səbəbdən tərəflərin yaxın müttəfiq dövlətlərə çevrilməsi real görünmür. Son qarşıdurmalar da İran cəmiyyətində ABŞ və onun müttəfiqlərinə qarşı daha sərt mövqenin formalaşmasına səbəb olub. Danışıqların nəticəsi regiondakı siyasi vəziyyətə də təsir göstərə bilər. Əgər tərəflər arasında müəyyən razılaşma əldə olunarsa, bu regiondakı gərginliyin azalmasına müsbət təsir göstərə bilər. Çünki bölgədə sabitliyin təmin olunması ABŞ və İran arasında münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyindən asılıdır. Hesab edirəm ki, tərəflər arasında ən azı müvəqqəti razılaşmanın əldə olunması mümkündür və bu da regionda gərginliyin müəyyən qədər azalmasına səbəb ola bilər”.
Ayşə Müzəfərli