00:00:00
Yazar
Aysel Mirzəyeva
19.02.2026 21:16 28 2 dəq oxuma
Siyasət Özəl

"Nə ABŞ, nə də İran uzunmüddətli müharibəyə hazırdır" - ŞƏRH

"Nə ABŞ, nə də İran uzunmüddətli müharibəyə hazırdır" - ŞƏRH

ABŞ ordusu son 24 saat ərzində Yaxın Şərqdə əlavə 50 ədəd F-35, F-22 və F-16 qırıcı təyyarəsi yerləşdirib. Nəşr ABŞ-nin yaxın həftələrdə İranda hərbi əməliyyata başlamasını mümkün hesab edir.

 

Mövzu ilə bağlı politoloq Aytən Qurbanova “İnformator.az”a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatlarının son bir neçə həftə ərzində Yaxın Şərqə kifayət qədər hərbi texnika cəlb etməsi ABŞ-İran münasibətlərindəki gərginliyin müharibə ilə nəticələnəcəyi ehtimalını daha çox gündəmə gətirən və müzakirələrə səbəb olan əsas istiqamətlərdəndir:

 

“ABŞ-İran danışıqlarında, xüsusilə də nüvə proqramının ləğv olunması istiqamətində Amerika Birləşmiş Ştatlarının ortaya qoyduğu tələblərin İran tərəfindən heç bir halda qəbul edilməməsi və danışıqların uğursuz nəticələnməsi onu deməyə əsas verir ki, hərbi qarşıdurma ehtimalı heç bir halda istisna edilmir. Amma iki dövlət arasında uzunmüddətli müharibənin olması, yaxud hər hansı bir formada bunun real addımlarla müşayiət edilməsi düşünürəm ki, bir qədər reallıqdan uzaq yanaşmadır. Nə ABŞ, nə də İran heç bir halda uzunmüddətli müharibəyə hazırdır. Danışıqlar prosesinin davam etdirilməsi və keçirilən iki raund görüşlər də onu deməyə əsas verir ki, hər iki tərəf qismən də olsa güzəştə getməklə müharibə və hərbi eskalasiyanın başvermə ehtimalından yayına bilər. Digər bir istiqamətdə bədbin ssenarinin reallaşdığını və müharibənin baş verdiyini düşünsək, bu, region üçün kifayət qədər dağıdıcı nəticələrə səbəb ola bilər. Bu, həm Yaxın və Orta Şərqin təhlükəsizlik arxitekturasının yenidən formalaşmasına, həm də qüvvələr balansının tamamilə dəyişməsinə gətirib çıxara bilər”.


Həmçinin şərhçi qeyd edib ki, indiyə qədər Orta Şərqdə baş verən münaqişələr, dondurulmuş münaqişələr və ya danışıqlar prosesinin davam etdiyi müəyyən dövrlərdə aktiv fazaya keçən qarşıdurmalarla müqayisə oluna bilməyəcək həddə genişmiqyaslı hərbi əməliyyatlara çevrilə bilər:

 

“Bu da nə region dövlətləri, nə də qlobal aktorlar üçün arzuediləndir. Xüsusilə indiki məqamda beynəlxalq münasibətlər sisteminin transformasiya dövründən keçdiyi bir vaxtda təhlükəsizliklə bağlı belə ciddi problemin yaranması və Körfəz ölkələrinin maraqlarının hədəf alınması həm dünya neft bazarında, həm qlobal iqtisadi münasibətlər çərçivəsində, eyni zamanda beynəlxalq münasibətlər sistemində yeni yanaşmaların və qarşıdurmaların ortaya çıxmasına səbəb ola bilər”.


Günel Əlili

#azərbaycan #gündəm #i̇ran #hazırdır" #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər