Nəcib, xeyirxah “İşıq”çılar
1911-ci ildə çap olunan “İşıq” jurnalının əməkdaşları yalnız publisist, jurnalist, şairə kimi fəaliyyət göstərmirdilər. Onlar həm də ölkədə baş verən ictimai, siyasi, mədəni hadisəkərin ən yaxın iştirakçıları idilər. Başda “İşıq”ın redaktoru Xədicə xanım Əlibəyova olmaqla, Nabat Nərimanova, Sona Axundova, Gövhər Şövqiyyə, Şəfiqə Əfəndizadə, Sara Vəzirova, Maral Mahmudbəyova, Həyat Çayqıraqlı, Xuraman Rəhimbəyova, Asya Axundzadə, Ümgülsüm Sadıqzadə və başqaları ölkədə maarifin, mədəniyyətin, yeniliyin inkişafı, təbliği üçün həm qələmləri, həm də əməlləri, amalları ilə mübarizə aparmışlar. Həmçinin o zaman Azərbaycanda yenicə açılan rus-tatar məktəblərinin əksəriyyətində pedaqoji fəaliyyətlə məşğul olan bu qadınlar elmi təbliğ etmək üçün xeyriyyəçiliklə də məşğul olurdular.
Əslində XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycanda maarifçilik hərəkatı elə bir mərhələyə çatmışdır ki, Azərbaycan qadınının taleyi tərəqqiyə meyil göstərən hər kəsi düşündürürdü, xüsusən də qadınları. Buna görə də onlar qadınları kütləvi şəkildə elmə, maarifə sövq etmək üçün xeyriyyə işlərinə daha çox meyil etdilər.
Bu haqda “Kaspi” qəzeti 6 avqust 1911-ci il tarixli sayında yazırdı: “Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti öz nəcib işi ilə əhalinin hüsn-rəğbətini qazanıb. Cəmiyyət öz əsas məqsədilə yanaşı, imkan daxilində ona müraciət edən hər kəsə-dinindən, milliyyətindən asılı olmayaraq, hamıya maddi yardım edir, hüquq məsələlərinə aid məsləhətlər verir, onların ehtiyacları barəsində dövlət idarələri qarşısında məsələlər qaldırır. Cəmiyyət bir neçə qız məktəbinin yaradılmasına, qızların təhsilə cəlb edilməsinə səylər göstərir”.
Cəmiyyətdə gənc müəllimlərdən Şəfiqə Əfəndizadə və Gövhər Şövqiyyənin təşəbbüsü ilə “əl əməli” dərnəyi yaradılmışdır. Burada məktəbli qızlara əl işləri ilə məşğul olmağı (toxumaq, tikməyi), uşaq tərbiyə etməyi, ailədə və cəmiyyətdə özlərini aparmağı öyrədirdilər. Sonra bu əl işlərinin sərgisi və satışı təşkil edilirdi. Sərgidən əldə olunan vəsait kasıb qızların təhsilinə, geyiminə xərclənirdi.
Əslində bu cəmiyyət 1906-cı ildə fəaliyyətə başlayan “Nəşri-maarif” və “Nicat” cəmiyyətlərinin bir qolu kimi yaranan qadın təşkilatı idi (bəzi arxiv materiallarında onu Bakı “qadın şöbəsi” kimi də adlandırırlar) ki, onun fəaliyyətini genişləndirən daha çox “İşıq”çılar oldu. Cəmiyyətin həyata keçirdiyi xeyriyyə işlərinin səsi-sorağı tezliklə bütün Qafqaza yayıldı. Çox keçmədi ki, “İşıq”ın əməkdaşlarının səyi nəticəsində təşkilat Bakı Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinə çevrildi və qadınların təşəbbüsü ilə onun Nizamnaməsi hazırlanaraq 1914-cü ildə İ.Aşurbəyovun “Kaspi” mətbəəsində çap olundu.
“İşıq”çıların fəaliyyəti nəticəsində Azərbaycan qadını qəflət yuxusundan oyanaraq cəhalətin çirkabından qurtarmağa can atırdı. Təbii ki, bunlar yeniliyi qəbul edə bilməyən köhnə fikirli insanları narahat etməyə başladı. Xüsusən də “din xadimləri”ni. Bu haqda qəzetin redaktoru yazırdı: “Ruhani atalarımızın bir neçəsi etiraz edərək qəzetimizi tənqid atəşinə tutdu. Onlardan birisi də Bakıda minbərdən camaata: “Hər kim “İşıq” qəzetini oxusa, “kafirdir”, hər kimin evində “İşıq” qəzeti olsa, ev murdardır” - buyurmuşdur: “Çünki övrət qəzetəsinin olması qiyamət nişanəsidir”,- deyə isbat etməyə çalışmışdır”.
Amma artıq gec idi. “İşıq”çılar Azərbaycan qadınının gözlərini açmış, təhsilin, elmin nəyə qadir olduğunu ona göstərmişdir. Qadınların təhsil almasını daha vacib sanan “İşıq”ın əməkdaşı Şəhrəbanu Şabanzadə ilk sayda “Oxumaq lazımdır” adlı məqaləsində yazırdı:
“Elm və mərifət kəsb etmək həmişə lazım və vacibdir. Əvət, qadınlar bəşəriyyətin anası, insaniyyətin ruhu olduqları üçün hər kəsdəb əvvəl təhsili- elm etməlidirlər. Millətimizin tərəqqisi üçün oxumaq lazımdır, oxumaq!”
İstər “İşıq”ın səhifələrində, istərsə də dərs dediyi məktəblərdə qadınları oxumağa, yeniliyə sövq edən maarifpərvər qadınlardan biri də maarifçi Xuraman Rəhimbəyzadə idi. Xuraman xanım dövrünün tanınmış şairəsi və təcrübəli pedaqoqu kimi dövri mətbuatda müntəzəm çıxış edirdi.
1900-cu ildə Gəncədə dünyaya göz açan Xuraman xanımın bəxti onda gətirmişdir ki, anası Asya Axundova Gəncədə tanınmış pedaqoq idi. Xuraman da ilk təhsilini 1911-ci ildə Gəncədə fəaliyyət göstərən qız məktəbinin müdirəsi olan anasından almışdır. Lakin o, təhsilini başa vurduqdan sonra bəlli olur ki, bu təhsillə onun müəllimlik etmək hüququ yoxdur. Belə olduqda Xuraman bir il evdə Hüseyn Cavid, Abdulla Sur və Yusif Əfəndidən dərs aldıqdan sonra mədrəsə və gimnaziya müəllimləri qarşısında imtahan verərək attestat almaq hüququnu qazanır. Bundan sonra Qafqaz Təhsil İdarəsinin razılığı ilə Xuraman xanım Azərbaycan və fars dillərini tədris etməyə icazə alır. Və elə ilk dəfə Gəncə qız məktəbində fəaliyyətə başlayır. Hətta qısa bir müddətdə Xuraman xanım həmin məktəbə müdir təyin olunur və qızların təlim-tərbiyyəsinə, maariflənməsinə diqqət yetirir.
Qızları məktəbə cəlb etmək üçün xeyriyyə cəmiyyətlərinin tədbirlərində, mətbuat səhifələrində fəal çıxışlar edir, onları elmə sövq edirdilər. Bunun üçün daha münasib “İşıq” jurnalını seçir. Bütövlükdə qadın dünyasına, həyatına həsr edilən jurnal Xuraman xanımın ən sevimli mətbuat orqanına çevrilir. Şeirləri ilə yanaşı, publisistik məqalələrini də burada çap etdirir. Bu baxımdan, “Oxumaq hər an lazımdır” sərlövhəli məqaləsi çox qiymətlidir. Burada müəllif anaları məktəbə cəlb etmək üçün həm də bir pedaqoq kimi bu işin səmərəli cəhətlərini onlara başa salırdı.
“Mədəniyyətin əsas tərbiyədir” başlıqlı məqaləsində də ailədə, cəmiyyətdə, övladların tərbiyəsi məsələsində ananın böyük rol oynadığını vurğulayır və qeyd edirdi: “Ana tərbiyəsi görməmiş şəxs darülfün qurtarsa da, mədəni olmayacaq”. Xuraman xanımın bu mövzuda olan məqalələri ona görə maraqlı və cəlbedici idi ki, o bu məsələlərə bir pedaqoq kimi yanaşır, tövsiyələrini verir, yol göstərirdi. Cavan olmasına baxmayaraq, uşaq tərbiyəsinə aid məqalələrində çox maraqlı, dəyərli fikirlər irəli sürürdü.
“Arvadların başlıca vəzifələri və yaxud çocuğu nə yolla tərbiyə etməli?” məqaləsi cəmiyyətdə çox gözəl əks-səda doğurmuşdur. Yusif Vəzir Çəmənzəminli (“İşıq” jurnalında), Hüseyn Cavid (“İqbal” qəzetində), Şəfiqə xanım Əfəndizadə (“İşıq” jurnalında) kimi dövrün tanınmış yazarları bu məqalə haqqında xoş fikirlər söyləmiş, mətbuatda çıxışlar etmişlər. Xuraman xanım Rəhimbəyova bu mövzuda “Dəbistan”, “Məktəb”, “Yeni İqbal”, “Taza həyat” mətbu orqanlarında da məqalələr çap etdirmiş, analara öz uşaqları ilə kiçik yaşlarından məşğul olmağı tövsiyə edirdi.
Ümumiyyətlə, “İşıq”ın əməkdaşları daha çox bu mövzuda yazır və həmrəy olurdular. Elə Xuraman xanımın anası şairə Asya xanım Axundzadənin də şeirləri və publisistik yazıları, əsasən, bu mövzudadır.
1905-ci ildə Xuraman xanımla birlikdə Gəncədə açılan qız məktəbində pedaqoq kimi çalışan Asya xanım ilk təhsilini evdə almış, sonra isə qızlar gimnaziyasını qurtarmışdır. Dövrün yazarları arasında daha çox mollanəsrəddinçilərə, xüsusən də Əliqulu Qəmküsar, Əli Nəzmi, Ömər Faiq Nemanzadə, Əli Razi Şəmizadə yaradıcılığına maraq göstərən Asya xanım özü də mətbuat səhifələrində qadın azadlığı, elm, yenilik məsələlərində onlarla həmrəy olduğunu bildirirdi.
Mətbuatda ilk çıxışı “İşıq” jurnalının 5-ci sayında çap olunan “Məktəb qızları” adlı şeiri olmuşdur. Şeir oxucuların xoşuna gəldiyi üçün jurnalın redaktoru Asya xanımı jurnalla əməkdaşlıq etməyə dəvət edir. Bundan ruhlanan gənc şairə “Ağlama”, “Ədəbiyyat”, “Əfqanlarım”, “Vətən naləsi” şeirlərini burada çap etdirir və Bakıda çap olunan dövrü mətbuatla əməkdaşlıq etməyə başlayır. “Dəbistan”, “Məktəb”, “Tuti”, “Arı”, “Zənbur” jurnallarında maraqlı satirik yazıları və şeirləri ilə tez bir zamanda oxucuların rəğbətini qazanır.
Dövrün tanınmış jurnalisti Şəfiqə xanım Əfəndizadə onun haqqında “İqbal” qəzetinin 78-ci sayında yazırdı: “Asya həm məqalə və şeirləri, həm də müəllimlik fəaliyyəti ilə Azərbaycan qadınını işıqlı yola yönəldə bildi. O, qadınları qəflət yuxusundan ayıltmağa, mübarizə aparmağa çağırırdı”.
Sada və aydın dildə, səmimi hisslərlə yazılan bu şeirlər qız məktəbində maraqla oxunurdu. Asya xanım qızları elm uğrunda yorulmadan çalışmağa sövq edirdi. “Qızlar və məktəb”, “Ər evi”, “Cocuqlar”, “Məktəb bizə nə verir?”, “Elm ən gözəl libas”, “Milli tərəqqi”, “Qızlarınızı oxumağa verin”, “Müəllimlərimiz”, “Qurbanlar” və onlarla şeirləri qızların təlim-tərbiyəsinə, dövrün amansızlıqlarına, elmin, maarifin gücünə həsr edilib. Asya xanım ömrünün sonuna 1927-ci ilə kimi pedaqoji fəaliyyəti ilə yanaşı, yaradıcılığını da davam etdirdi.
Azərbaycan qadınının maariflənməsi üçün əllərindən gələni əsirgəməyən “İşıq”çılar həm də dövrünün nəcib, xeyirxah xanımları idilər. Bu xeyirxahlığın nəticəsi idi ki, XX əsrin ikinci onilliyində artıq Azərbaycanın bir çox sahələrində savadlı qadınların sayı onlarla idi. Məktəb, mətbuat, səhiyyə sahələrində çalışan qadınlarımız Azərbaycan qadını azadlığının ilk alovlu carçısına çevrilmişdilər. Onların önündə “İşıq”çılar irəliləyirdi
BDU-nun professoru Qərənfil Dünyaminqızı