"Nə eşidiriksə, onu da danışırıq"
Dil bir xalqın kimliyinin, dövlət müstəqilliyinin və mənəvi bütövlüyünün rəmzidir. Dilmizi qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur. Bəs bu gün dilimizin qorunması üçün hansı addımlar atılmalıdır? Mövzu ilə bağlı BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova "İnformator.az"a açıqlamasında bildirir:
"Dilin saflığı, mediada Azərbaycan dilindən düzgün istifadənin vəziyyəti, yeni sözlərin dilə daxil olması və sosial şəbəkələrdə yayılmış dil vərdişləri bu gün cəmiyyətin ən aktual, bəlkə də ən yaralı məsələlərindən biridir. Bu, sadəcə linqvistika mövzusu deyil; milli kimlik, mədəni yaddaş və cəmiyyətin intellektual inkişafı ilə birbaşa bağlı olan strateji məsələdir".
Media eksperti hesab edir ki, bu problemin həlli üçün birtərəfli fəaliyyət yetərli deyil.
“Hamımız birləşməliyik. İlk növbədə normativ baza gücləndirilməli, dil sahəsində institusional nəzarət daha çevik və təsirli olmalıdır”.
Aynur Nəsirovanın sözlərinə görə, aidiyyəti qurumlar mütəxəssislərlə birlikdə termin yaradıcılığını daha operativ şəkildə həyata keçirməli, yeni sözlər vaxtında Azərbaycan dilinə uyğunlaşdırılmalıdır. Əks halda yaranan boşluqlardan istifadə edənlər dilə nəzarətsiz formada yeni sözlər daxil edir və bu, zamanla ana dilinin təbii sistemini zədələyir.
“Dil inkişafdan qalmamalıdır. Yeni sözlər, mənaların genişlənməsi, üslubi dəyişikliklər dilin təbii qanunauyğunluqlarıdır. Bizim məqsədimiz xarici sözləri qadağan etmək deyil, onları fonetik və leksik sistemimizə uyğunlaşdırmaqdır".
Medianı auditoriyanın danışığını formalaşdıran başlıca amillərdən biri adlandıran Aynur Nəsirova problemi doğuran səbəbləri və çıxış yollarını da sadalayır.
"Dil mədəniyyətinin formalaşmasına birbaşa təsir edən sahə mediadır. Aparıcıların nitqi, verilişlərin dili, xəbərlərin tərtibi - bütün bunlar auditoriyanın danışıq modelini formalaşdırır".
“Nə eşidiriksə, onu da danışırıq. Oxu vərdişinin zəifliyi, auditoriyalarda “sonuncu dəfə hansı bədii əsəri oxumusunuz?” sualına düşən sükutun da vəziyyətin acı mənzərəsini göstərir" deyə Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri əlavə edir.
Aynur Nəsirova sosial şəbəkələrdəki yazı texnikasının da ciddi problemə çevrildiyini vurğulayır.
"Qısaltmalar, orfoqrafik xətalar, üsluba zidd ifadələr gənclər arasında normal hal kimi qəbul olunur. Halbuki, gündəlik yazışmada belə ana dilinin imkanlarından istifadə edilməli, dil normaları qorunmalıdır".
Media ekspertinin fikrincə, problemə rəqəmsal platformalarda, mobil tətbiqlərdə, süni intellektdə və axtarış sistemlərində də xüsusi diqqət ayrılmalıdır.
“Azərbaycan dili bu sistemlərdə təkmilləşdirilməsə, gələcəkdə proses daha da çətinləşəcək. Medianın təsiri danılmazdır. Əgər jurnalistlər dil qaydalarını mütəmadi pozursa, onun nəticəsini ictimaiyyətin danışığında görürük. Ona görə də ilk mərhələdə hər bir media qurumunun daxilində dilə nəzarət edən monitorinq qrupu yaradılmalıdır. Tələffüz, vurğu, qrammatika, uyğunsuz ifadələr və lazımsız xarici sözlərin istifadəsi məhz bu yolla qarşısı alına bilər".
ARB24 TV-nin direktor müşaviri ARB24 TV nümunəsini diqqətə çatdırır. Bildirir ki, artıq 4 ildən çoxdur ki, şirkət daxilində demək olar ki, bütün verilişlər hərtərəfli monitorinq edilir, nöqsanlar tutulur, həlli üçün real işlər görülür.
"Bunun nəticə verdiyini tam əminliklə deyə bilərəm. Mediada dil və nitq mədəniyyəti üzrə mütəmadi təlimlər keçirilməli, dil qaydaları daim redaktor və aparıcıların diqqətində saxlanmalıdır".
Aynur Nəsirova onu da əlavə edir ki, media kodekslərində dil mədəniyyəti ayrıca normativ öhdəlik kimi qeyd olunmalı, pozuntular üçün daxili məsuliyyət mexanizmi hazırlanmalıdır. Operativlik heç bir halda dəqiqliyin və keyfiyyətin qarşısında üstün tutulmamalıdır.
"Bununla yanaşı, jurnalistlər üçün praktik dil resursları əlçatan olmalıdır: onlayn terminoloji bazalar, operativ lüğətlər, dil qaydaları tətbiqləri media işçisinin ixtiyarında olmalıdır. Hətta hər redaksiya öz daxilində də belə bir baza formalaşdıra bilər. Dilçilər, media mütəxəssisləri, nəzəriyyəçilər, media kapitanları və tənqidçilər birləşə bilsə, Azərbaycan dilinin saflığını qorumaq heç də çətin olmayacaq”.
Bu gün biz dilimizi qorumaq üçün çalışmalıyıq. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan dilinin saflığının qorunması təkcə dilçi alimlərin deyil, bütün cəmiyyətin üzərinə düşən mənəvi məsuliyyətdir. Ana dili milli düşüncə tərzinin, adət-ənənələrin və dövlət müstəqilliyinin daşıyıcısı kimi hər bir azərbaycanlının qürur mənbəyidir. Azərbaycan dili əsrlər boyu böyük bir sivilizasiyanın, zəngin ədəbi-bədii irsin və mədəniyyətin daşıyıcısı olub. Azərbaycan dili yaşadıqca, Azərbaycan xalqı da əbədi yaşayacaq.
Ayan Sədi
