00:00:00
Yazar
Admin User
09.02.2026 09:27 372 3 dəq oxuma
Siyasət

“Nüvə danışıqları qırmızı xətləri aşmır”

“Nüvə danışıqları qırmızı xətləri aşmır”

İranın Xarici İşlər Naziri Abbas Əraqçinin “Əl-Cəzirə” kanalına verdiyi açıqlamalar Tehranın ABŞ ilə aparılan danışıqlardakı qırmızı xətlərini bir daha açıq şəkildə ortaya qoydu. Nazirin sözlərinə görə, müzakirələr yalnız nüvə proqramı ilə məhdudlaşıb, raket proqramı isə danışıqlar mövzusu deyil. İran uranın zənginləşdirilməsini öz suveren hüququ hesab edir və bunun dinc məqsədlərlə aparıldığını təsdiqləyəcək razılaşmaya hazır olduğunu bildirir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, İranın Xarici İşlər Naziri Abbas Əraqçinin “Əl-Cəzirə” kanalına verdiyi açıqlamalar Tehran və Vaşinqton arasında aparılan nüvə danışıqlarının mahiyyətini açıq şəkildə göstərir:

 

“Əraqçinin danışıqlarda raket proqramının müzakirə mövzusu olmaması ilə bağlı dedikləri İranın strateji və daxili siyasət baxımından sərt “qırmızı xətlərini” qorumaq niyyətinin təzahürüdür. İranın danışıqları yalnız nüvə məsələsi ilə
məhdudlaşdırmaq israrı bir neçə əsas səbəbdən qaynaqlanır. İlk növbədə, bu, Tehran üçün 2015-ci il Nüvə Razılaşması təcrübəsindən çıxardığı dəsrsdir deyə bilərik. O vaxt razılaşma yalnız nüvə sahəsini əhatə edirdi və müəyyən qədər effektiv oldu. Lakin ABŞ-nin razılaşmadan çıxması İranın beynəlxalq dialoqa etimadını ciddi şəkildə zəiflətdi. Bu baxımdan Tehran üçün danışıqların digər sahələrə, xüsusilə raket proqramına genişlənməsi hərbi-siyasi imkanların müzakirəyə açılması kimi qəbul olunur. Eyni zamanda, raket proqramı İranın daxili siyasi konsensusu baxımından “qırmızı xətt”dir. Hər hansı güzəşt rejim daxilində zəiflik kimi qiymətləndirilə və daxili legitimliyə ciddi zərbə vura bilər. Bu səbəbdən Tehran yalnız nüvə proqramını müzakirə etməkdə israr edir, çünki bu, həm xarici, həm də daxili riskləri minimuma endirən taktiki seçimdir.
İranın uranın zənginləşdirilməsini “toxunulmaz hüquq” kimi təqdim etməsi isə həm texniki, həm də simvolik mənaya malikdir. Tehran bunu Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsindən irəli gələn suveren hüquq kimi əsaslandırır və vurğulayır ki, mülki məqsədlər üçün zənginləşdirmə beynəlxalq hüquqa zidd deyil. Eyni zamanda, uranın zənginləşdirilməsi İran üçün elmi-texnoloji müstəqillik, Qərb təzyiqlərinə müqavimət və regional güc statusunun simvoludur. Bu baxımdan zənginləşdirmədən imtina təkcə texniki addım deyil, həm də siyasi kapitulyasiya kimi qəbul olunur və rejimin təhlükəsizlik doktrinasına ciddi təsir göstərə bilər. Tehran belə hesab edir ki, bu hüququndan geri çəkilmək gələcəkdə daha geniş tələblərin əsasını qoyar.
Mövcud formatda danışıqların real nəticə vermə ehtimalına gəldikdə isə bəli bu qismən mümkündür, lakin uzunmüddətli və tammiqyaslı razılaşma şansı zəifdir. ABŞ və onun regional müttəfiqləri İranın raket proqramı və regional təsirini əsas təhlükə mənbəyi kimi qiymətləndirdiyindən bu mövzular masadan kənarda qaldıqca razılaşmanın Vaşinqton üçün yetərli hesab edilməsi çətin olacaq. Xüsusilə də İsrailin bu istiqamətdə israrlarını nəzərə aldıqda. Digər tərəfdən, tərəflər müəyyən texniki və kommersiya sahələrində müvəqqəti razılaşmaya gələ bilər, məsələn, zənginləşdirmə səviyyəsinin müəyyən hədlərlə məhdudlaşdırılması və beynəlxalq nəzarətin gücləndirilməsi qarşılığında gərginliyin qismən yumşaldılması mümkündür. Bu isə ABŞ və İran arasında tam razılaşma deyil, daha çox qarşıdurmanın kəskinləşməsinin qarşısını alan kövrək balans rolunu oynayır. Ümumi olaraq qedy edim ki, İran bu şəkildə mövqe ilə danışıqları uzatmaq, riskləri minimuma endirmək və maksimum fayda əldə etmək niyyətindədir. Hazırkı formatda razılaşma mümkün olsa da, bu, böyük diplomatik dönüş yox, müvəqqəti və qismən balans olacaq. Regional risklər isə danışıqların nəticəsindən asılı olmayaraq gündəmdə qalacaq və ABŞ ilə İran arasında siyasi və strateji münasibətlərdə gərginliyi tam olaraq aradan qaldırmayacaq”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər