“NATO hazırda yalnız logistika və təhlükəsiz keçid məsələlərini müzakirə edir”-ŞƏRH
NATO üzvləri Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı mümkün missiyanın yaradılmasını müzakirə edir. Alyans daxilində məsələ ilə bağlı yekdil mövqe olmasa da, blokadanın davam etməsi halında dəstəyin arta biləcəyi bildirilir.
Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, NATO-nun hazırda əsas diqqəti Hörmüz boğazında logistika və təhlükəsizliyin təmin olunmasına yönəlib:
“Hazırda NATO daxilində əsas müzakirə mövzusu Hörmüz boğazında gəmilərin təhlükəsiz və maneəsiz hərəkətinin təmin edilməsidir. Burada söhbət daha çox logistika, beynəlxalq daşımaların təhlükəsizliyi və ticarət marşrutlarının qorunmasından gedir. NATO qüvvələrinin bölgədə mümkün iştirakı əsasən gəmilərin təhlükəsiz keçidinin təmin olunması, mina təmizləmə əməliyyatları və kommunikasiya xətlərinin qorunması ilə əlaqələndirilir”.
Politoloq qeyd edib ki, alyans daxilində İran məsələsinə münasibətdə vahid mövqe formalaşmayıb:
“NATO üzvlərinin hamısı İranla bağlı eyni mövqedən çıxış etmir. Bir sıra üzv ölkələr alyansın birbaşa şəkildə bölgədəki münaqişəyə qoşulmasının tərəfdarı deyil. Əksinə, əksər dövlətlər regionda gərginliyin azalmasını və diplomatik yollarla sabitliyin təmin olunmasını dəstəkləyirlər. Buna görə də NATO daxilində məsələ ilə bağlı yekdil qərar yoxdur.ABŞ NATO-ya bu məsələ ilə bağlı rəsmi müraciət etməyib .NATO dəfələrlə bəyan edib ki, ABŞ alyansın İranla bağlı mümkün hərbi prosesə qoşulması istiqamətində rəsmi müraciət daxil olmayıb. Hazırda məsələ daha çox müzakirə mərhələsindədir və yekun qərardan danışmaq tezdir”.
Ayşə Müzəfərli