“NATO-ya maraqlıdır ki…” - ŞƏRH
Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə Alyansın Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi, səfir Kevin Hamilton ilə görüşüb.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və NATO arasında münasibətlər yeni deyil:
“Azərbaycan müstəqillik qazandıqdan bir neçə il sonra NATO ilə əlaqələr qurulub. Bu əlaqələr qarşılıqlı maraqlara əsaslanır və inkişaf edən xətt üzrə davam edir. Münasibətlərin normal və müsbət dinamikasına baxmayaraq, Azərbaycanın NATO-ya üzv olmaq kimi bir niyyəti yoxdur və bu istiqamətdə hər hansı müzakirələr aparılmır. Azərbaycan NATO ilə müxtəlif sahələrdə, xüsusilə, beynəlxalq terrorizmə qarşı mübarizədə əməkdaşlıq edir. Bu əməkdaşlıq həm Kosovo, həm İran, həm də Əfqanıstandakı missiyalarda özünü göstərir və Azərbaycan da bu missiyalarda iştirak edib. Bu baxımdan, sözügedən görüşü xüsusi və ya fövqəladə hadisə kimi qiymətləndirmək düzgün olmaz”.
Politoloq əlavə edib ki, bu görüş regionda təhlükəsizlik balansına ciddi təsir göstərmir:
“Azərbaycanın bu istiqamətdə konkret müttəfiqləri var. Pakistan həmçinin yüksək texnoloji hərbi vasitələrin alındığı İsrail və digər ölkələrlə hərbi-texniki əməkdaşlıq mövcuddur. Məhz bu əməkdaşlıqlar Azərbaycanın hərbi potensialının formalaşmasında mühüm rol oynayır. Bu baxımdan, sözügedən görüş regiondakı təhlükəsizlik balansına təsir etmir. NATO üçün əsas maraq Cənubi Qafqazda sabitliyin təmin olunması, Azərbaycan-Ermənistan arasında sülhün əldə edilməsi və bölgədə əməkdaşlıq mühitinin inkişafıdır. Bu münasibətlər region ölkələri ilə əlaqələrə də ciddi təsir göstərmir. Belə ki, həm Gürcüstan, həm də Ermənistan NATO ilə müəyyən əməkdaşlığa malikdir. Eyni zamanda, Avropa İttifaqı ilə əlaqələr də bu prosesə müsbət təsir edən amillərdəndir. Çünki NATO həm Avropa, həm də ümumilikdə Qərb təşkilatıdır”.
Günel Əlili