Naxçıvan Ali Məclisinin İntizam komissiyasının rəhbərliyi seçilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyası çərçivəsində yaradılan İntizam komissiyasının ilk iclası keçirilib. İclasda komissiyanın rəhbər heyəti formalaşdırılıb, sədr, sədr müavini və katib vəzifələrinə seçkilər aparılıb. Qərarlar səsvermə yolu ilə qəbul olunub və komissiya fəaliyyətinə rəsmi olaraq başlayıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər həyata keçirilib:
"Həmçinin Ali Məclisin strukturunda mühüm dəyişikliklər olub. Bu göstərir ki, artıq Azərbaycanın yeni siyasi reallıqlara uyğun siyasət formalaşdırılır və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisində də struktur islahatlar qaçılmazdır. Hazırda İntizam komissiyasının formalaşması Ali Məclis daxilində nizam-intizamın gücləndirilməsi, siyasi qərarların qəbulunda səhvlərin qarşısının alınması və Ali Məclis üzvlərinin məsuliyyətli olması baxımından mühümdür.
Struktur islahatları Naxçıvanın idarə olunmasında və inkişafında da önəmli rol oynayacaq. Azərbaycan bu məsələləri konseptual və strateji yanaşma ilə həll edir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin və hökumət strukturlarının institusional inkişafına İntizam komissiyası mühüm töhfə verəcək. Komissiyanın fəaliyyəti parlament işinin səmərəliliyini artıracaq və nizam-intizam qaydalarının daha şəffaf həyata keçirilməsinə xidmət edəcək. Ümumiyyətlə, bu komissiyanın fəaliyyəti Ali Məclisin iş funksiyalarının inkişafına əhəmiyyətli təsir göstərəcək".
Reyhan Quliyeva
