Naxçıvanda Poçt və Telekommunikasiya üzrə yeni mərkəz yaradılır
Naxçıvan Muxtar Respublikasında poçt və telekommunikasiya sahəsinin idarə olunması məqsədilə yeni qurum yaradılır. Belə ki, “Naxçıvanpoçt” MMC, “Naxçıvan Telekom” MMC və “Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxs birləşdirilərək “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC təsis olunur.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aparat rəhbəri Əziz Hümbətov bildirib ki, əvvəla, yeni qurumun yaradılması ilə birlikdə bu sahələr üzrə planlı və sistemli yanaşma formalaşacaqdır:
"Yəni poçt və rabitə xidmətləri ayrı-ayrılıqda yox, vahid strategiya ilə inkişaf edəcək ki, bu da öz növbəsində həmin sahələrin investorlara daha cəlbedici görünməsinə, dövlətlə özəl sektor arasında əməkdaşlıq imkanlarınının artmasına yol açacaqdır. Digər tərəfdən, Naxçıvanın yerləşdiyi geostrateji mövqe ona çox böyük imkanlar yaradır. Xüsusilə, gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan təkcə nəqliyyat yox, eyni zamanda rəqəmsal rabitə və informasiya axınları üçün də vacib bir mərkəzə çevriləcəkdir. Bu isə regionun beynəlxalq poçt və telekommunikasiya şəbəkələrinə daha sürətli qoşulmasına şərait yaradacaqdır. “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi”nin yaradılması da bu baxımdan mühüm əhəmiyyətə malikdir:
-Bütün bunlar sosial və iqtisadi sahələrə də müsbət təsir göstərəcəkdir. Belə ki, rəqəmsal xidmətlər inkişaf etdikcə biznesin inkişafı üçün də geniş imkanlar yaranır, yeni iş yerləri açılır. Əhalinin internetə və digər informasiya texnologiyalarına çıxışı asanlaşır, nəticədə Naxçıvanda rəqəmsal imkanlardan həm də bütün sektorların faydalanması imkanları daha da artır.
-Yuxarıda vurğuladığımız kimi, “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi”nin yaradılması mahiyyət baxımından sadəcə bir neçə qurumun birləşməsi və bununla da yeni bir qurumun ortaya çıxması ilə məhdudlaşmır. Bu addım xidmətlərin daha keyfiyyətli olmasına, rəqəmsal inkişafın sürətlənməsinə və regionun daha rəqabətli olmasına da kömək edəcəkdir.
Bu mərkəz fəaliyyətə başlayandan sonra xidmətlərdə bir neçə müsbət dəyişiklikliyin şahidi olacağıq. İlk növbədə xidmətlər bir mərkəzdən idarə olunacaq. Yəni, poçt, telefon, internet və digər xidmətlər vahid idarəetmə ilə fəaliyyət göstərəcəkdir. Bu da işlərin daha sürətli və etibarlı həyata keçirilməsinə şərait yaradacaq. Hər üç qurumda ehtimal olunan bütün texniki problemlər daha tez həll olunacaq. Digət tərəfdən, həmin xidmətlərdən istifadə edən vətəndaşların müraciətlərinə baxılması prosesi də daha operativ olacaq. Yəni abonentlərlə əlaqə, şikayət və təkliflərin qəbulu, texniki dəstək sistemli şəkildə həyata keçiriləcəkdir. Ümumilikdə, yeni qurumun yaradılması insanların gündəlik istifadə etdiyi xidmətlərin daha rahat, sürətli və keyfiyyətli olmasına imkan verəcəkdir".
Aişə Mustafayeva
