Naxçıvanın muxtar statusu ləğv edilir?
“Ölkəmizdə ciddi hadisə baş verib- qəbul edilmiş yeni qanunlara, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən dəyişikliklərə görə, Naxçıvanın muxtariyyəti “de-fakto” ləğv edilib. Növbəti addım kimi, çox güman, Azərbaycan Konstitusiyasına da dəyişikliklər etmək lazım olacaq ,bunun üçün referendum lazımdır”.
Bu fikirləri REAL Partiyasının sədri Natiq Cəfərli səsləndirib.
Mövzu ilə bağlı siyasi şərhçi Şakir Ağayev “İnformator.az”a açıqlamasında bildirib ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanın digər bölgələri ilə eyni statusda olmalıdır:
“Bu, olduqca vacib məsələdir. Məlumdur ki, Naxçıvanın statusu vaxtilə Sovet dövründə müəyyən edilib. Həmin dövrdə Qars və Moskva müqavilələri mövcud idi və bu sənədlər Naxçıvanın statusuna müəyyən təsir göstərirdi. Lakin bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Ölkə tam müstəqil dövlətdir. Naxçıvan da Azərbaycanın ayrılmaz bir hissəsidir. Buna görə də o, yalnız Azərbaycan qanunları çərçivəsində fəaliyyət göstərməli və ölkənin digər bölgələri ilə eyni hüquqi statusa malik olmalıdır. Naxçıvanın mövcudluğu da yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında təmin edilməlidir. Zəngəzur dəhlizi açıldıqdan və Naxçıvan Azərbaycanla quru əlaqəsi qurduqdan sonra, bölgənin həm siyasi, həm də iqtisadi baxımdan daha da güclənəcəyi gözlənilir. Bu əlaqə Naxçıvanı uzun illər davam edən blokadadan çıxaracaq və inkişaf imkanlarını genişləndirəcək. Azərbaycanda siyasi islahatlar davam etməlidir. İdarəetmə sistemi daha da təkmilləşdirilməlidir. Bu istiqamətdə müəyyən addımlar artıq atılıb. Prezidentin səlahiyyətli nümayəndələri institutu yaradılıb. Bu model gələcəkdə bütün ölkə üzrə tətbiq oluna bilər. Eyni zamanda, köhnəlmiş icra hakimiyyəti strukturları ləğv edilə bilər. Azərbaycan Ermənistanla sülh müqaviləsini tam imzaladıqdan sonra, bu islahatların daha da genişlənməsi mümkündür. Bu proseslər Naxçıvan da daxil olmaqla bütün ölkə ərazisində tətbiq oluna bilər. Yeni idarəetmə institutları yaradıla, əhali sayının artması fonunda parlamentdə deputatların sayı artırıla bilər. Digər mütərəqqi islahatların keçirilməsi də istisna edilmir”.
Lalə Qurbanlı
