Neft bahalaşmaqda davam edir
Dünya bazarlarında neft bahalaşmaqda davam edir.
Hazırda “Brent” markalı neft 69,65 dollara, yüngül neft isə 65,28 dollara təklif edilir.
Mövzu ilə bağlı Coğrafiya üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Famil Niftiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Neft qiymətlərinin bahalaşması qlobal enerji bazarında bir neçə paralel tendensiyaya işarə edir:
“İlk növbədə, qiymət artımı iqtisadi fəallığın canlanması və enerji tələbatının yüksəlməsi ilə bağlıdır. Pandemiyadan sonrakı dövrdə sənaye istehsalı, nəqliyyat və logistika sektorunda artan enerji tələbi bazara təzyiq göstərir. Digər tərəfdən, OPEC+ ölkələrinin hasilatın həcmlərini balanslaşdırmaq məqsədilə tətbiq etdikləri kvotalar bazarda təklifin süni şəkildə məhdudlaşmasına səbəb olur və qiymətləri dəstəkləyir. Bundan əlavə, geosiyasi risklər, xüsusilə Yaxın Şərqdə gərginliklər, təbii fəlakətlər və ya hasilatçı ölkələrdə infrastruktur problemləri də qiymətlərin bahalaşmasına əlavə təsir göstərir. Nəticədə, bu proses neftin qlobal enerji sistemində hələ də əsas strateji resurs olaraq qalmaqda davam etdiyini və alternativ mənbələrin artan roluna baxmayaraq, yaxın illərdə enerji bazarının əsas dinamikasının neft üzərində formalaşacağını nümayiş etdirir. Neft qiymətlərinin artımı Azərbaycanın iqtisadiyyatı üçün qısamüddətli dövrdə daha çox müsbət təsir göstərir. Çünki dövlət büdcəsinin əsas gəlir mənbəyi neft-qaz sektorudur və qiymətlərin yüksəlməsi büdcə gəlirlərinin artmasına, valyuta daxilolmalarının çoxalmasına, xarici ticarət balansının müsbət istiqamətdə dəyişməsinə şərait yaradır. Eyni zamanda, yüksək neft qiymətləri milli valyutanın – manatın sabitliyini qorumağa, strateji valyuta ehtiyatlarını gücləndirməyə və hökumətin sosial-iqtisadi proqramları maliyyələşdirməsini asanlaşdırır. Lakin uzunmüddətli baxımdan qiymətlərin yüksək olması müəyyən mənfi təsirlərə də yol aça bilər. Belə ki, artan neft gəlirləri hökuməti qeyri-neft sektorunun inkişafını nisbətən ikinci plana keçirməyə sövq edə bilər ki, bu da iqtisadi şaxələndirmə siyasətini zəiflədər. Bundan başqa, yüksək gəlirlər daxili inflyasiya təzyiqlərini gücləndirə və iqtisadiyyatda “Holland sindromu” kimi risklərin aktuallaşmasına səbəb ola bilər. Bu baxımdan, müsbət təsirlər qısamüddətli, risklər isə daha çox uzunmüddətli xarakter daşıyır”.
Ekspert qeyd edib ki, neft qiymətlərinin artması həm hasilatçı, həm də idxalçı ölkələrin enerji siyasətinə ciddi təsirlər göstərir:
“Hasilatçı ölkələr üçün bu, əlavə maliyyə imkanları yaradır. Belə ölkələr neftdən əldə olunan gəlirlər hesabına infrastruktur layihələrini maliyyələşdirə, strateji ehtiyatlarını artıraraq iqtisadi dayanıqlılığını gücləndirə bilərlər. Lakin bu gəlirlərin düzgün idarə olunmaması iqtisadiyyatda asılılıq riskini dərinləşdirə bilər. Ona görə də hasilatçı ölkələr üçün yeni addımlar, əsasən, gəlirlərin səmərəli istifadə edilməsi, Dövlət Neft Fondları vasitəsilə uzunmüddətli sabitliyin təmin olunması və qeyri-neft sektorunun daha aktiv dəstəklənməsi istiqamətində atılmalıdır. İdxalçı ölkələr üçün isə yüksək qiymətlər enerji xərclərinin artmasına, büdcə kəsirlərinin dərinləşməsinə və inflyasiya təzyiqlərinə səbəb olur. Bu, həmin ölkələri enerji təhlükəsizliyini təmin etmək üçün bərpa olunan enerji mənbələrinə, alternativ yanacaq texnologiyalarına, enerji səmərəliliyi proqramlarına və yeni texnoloji innovasiyalara daha çox sərmayə yatırmağa məcbur edir. Xüsusilə Avropa İttifaqı və digər böyük enerji idxalçıları üçün qiymət artımı yaşıl keçid prosesini sürətləndirmək və karbon asılılığını azaltmaq üçün əlavə stimul yaradır. Ümumilikdə, neftin bahalaşması dünya enerji siyasətində həm ənənəvi enerji mənbələrinin strateji əhəmiyyətini saxladığını, həm də ölkələri daha balanslı və uzunmüddətli sabitliyə əsaslanan enerji strategiyaları qəbul etməyə vadar etdiyini göstərir”.
Nuray Əliyeva
