00:00:00
Yazar
Elmira Ağayeva
08.05.2026 20:50 104 2 dəq oxuma
Siyasət

Neft qiymətləri yüksəlir, ABŞ təzyiqləri artırır – ŞƏRH

Neft qiymətləri yüksəlir, ABŞ təzyiqləri artırır – ŞƏRH

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İrana qarşı iqtisadi təzyiqləri gücləndirmək məqsədilə İraqın neft nazirinin müavini Əli Maaric əl-Bəhədliyə sanksiya tətbiq edib.

 

 

Qurumun açıqlamasına görə, Əl-Bəhədli vəzifə səlahiyyətlərindən sui-istifadə edərək İran rejimi və onun regiondakı tərəfdaş qruplarının xeyrinə neftin gizli yollarla satışına yardım edib.

 

 

Mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, məsələ yalnız iqtisadi deyil, həm də siyasi təsir mexanizmi kimi qiymətləndirilməlidir:

 

 

“Burada söhbət təkcə İran iqtisadiyyatına qarşı tətbiq edilən sanksiyalardan getmir. Bu, ümumilikdə ölkəyə qarşı həyata keçirilən təzyiq siyasətinin bir hissəsidir. Məhz buna görə də Xarici Aktivlərə Nəzarət İdarəsi iqtisadi sanksiyalarla yanaşı, sui-istifadə hallarının qarşısının alınması, qaçaq enerji ixracı və üçüncü ölkələr vasitəsilə İran neftinin satışına nəzarət edir.

 

 

Əsas məsələ İrana iqtisadi sanksiya tətbiq etmək deyil. Çünki bu sanksiyalar uzun illərdir davam edir. Burada əsas diqqət qeyri-rəsmi gəlirlərin qarşısının alınmasına yönəlib. Həmin vəsaitlər regionda geosiyasi balansın pozulmasına, müəyyən qruplaşmaların maliyyələşdirilməsinə və təhlükəsizlik risklərinin artmasına səbəb ola bilər. Buna görə də ABŞ bu istiqamətdə nəzarəti gücləndirir”.

 

 

Ekspertin sözlərinə görə, hazırda dünya bazarında neft qiymətlərində artım müşahidə olunur:

 

 

“Atəşkəsə baxmayaraq, neft qiymətlərində ciddi eniş yoxdur. Əksinə, qiymətlər yüksəlməkdə davam edir. Bəzi neft ixrac edən ölkələr bazarı tənzimləmək məqsədilə hasilatı artırırlar. Bununla yanaşı, ixrac prosesində şəffaflığın azalması da qiymət artımına təsir göstərir.

 

 

Neftin daşınması, sığortalanması və təhlükəsiz şəkildə çatdırılması kimi amillər əlavə risklər yaradır. Burada əsas məsələ qeyri-qanuni gəlirlərdir. Bu vəsaitlər vasitəsilə müəyyən qruplaşmalara maliyyə dəstəyi göstərilə bilər. Həmin qruplar isə sonradan ABŞ üçün təhlükə mənbəyinə çevrilə bilər.

 

 

Məhz buna görə ABŞ-nin müxtəlif qurumları İranın yalnız iqtisadiyyatına deyil, ümumilikdə regional təsir imkanlarına qarşı genişmiqyaslı təzyiq siyasəti həyata keçirirlər. İranın neft siyasəti və qeyri-rəsmi üsullardan istifadə etməsi regiondakı gərginliyi daha da artırır”.

 

 

Nuray Əliyeva

#ABŞ #İran #siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər