Neft qiymətləri yenidən yüksəlib
Dünya bazarlarında neftin qiyməti artmaqda davam edir. Son məlumatlara görə, “Brent” markalı neftin bir bareli 67,74 dollar, yüngül neftin isə 63,54 dollar səviyyəsində təklif olunur. Analitiklər qiymət artımını bazardakı tələb-təklif balansı, geosiyasi gərginliklər və hasilat qərarları ilə izah edirlər. Lakin qiymətlərin uzun müddət sabit qalıb-qalmayacağı hələ də qeyri-müəyyəndir.
Mövzu ilə bağlı iqtisadiyyatçı Elçin Rəşidov “İnformator.az” saytına bildirib ki, OPEK adətən iki istiqamətdə qərarlar qəbul edir:
“Birincisi, qiymət kəskin düşəndə hasilatı azaltmaqdır. Bu yolla bazarda təklif məhdudlaşdırılır və qiymət yenidən yüksəlir. Bu cür qərarlar OPEK üzvlərinin hamısı vasitəsilə kollektiv şəkildə qəbul olunur və icra edilir, çünki təşkilatın əsas məqsədi üzv ölkələrin maraqlarını qorumaqdır. İkinci istiqamət isə əks prosesdir. Bəzən qeyri-OPEK ölkələri bazara yeni oyunçular kimi daxil olur və rəqabət artır. Bu halda OPEK bazar payını qorumaq üçün hasilatı müvəqqəti olaraq artırır. Belə addımlar da kollektiv razılaşma ilə atılır: “Bəzən üzv ölkələrdən biri hasilatı artıranda, digərləri də geri qalmamaq üçün eyni addımı atır. Nəticədə bazarda təklif artır və yeni rəqiblərin pay qazanması çətinləşir”. Onun fikrincə, geosiyasi risklər və texniki məhdudiyyətlər yaranarsa, hər bir üzv dövlətin hasilat kvotaları yenidən nəzərdən keçirilə bilər. OPEK-in əsas strategiyası məhz bu cür kollektiv və çevik qərarlara əsaslanır”.
İqtisadiyyatçı neft qiymətlərinin yüksəlməsinin Azərbaycan iqtisadiyyatına təsirini də qiymətləndirib:
“Ölkə iqtisadiyyatı hələ də neft gəlirlərindən böyük ölçüdə asılıdır. Dövlət Neft Fondu bu asılılığı müəyyən qədər azaltsa da, tam aradan qaldırmır. Fondun əsas vəzifəsi neft qiymətlərindəki dalğalanmaların dövlət büdcəsinə təsirini minimuma endirməkdir. Buna baxmayaraq, büdcənin strukturu hələ də neft gəlirlərinə həssasdır. Hasil edilən neftdən toplanan vergi əslində dövlətin öz daxilində aparılan mühasibat əməliyyatıdır: “Ölkədə neft hasilatı əsasən dövlətə məxsus şirkətlər vasitəsilə həyata keçirilir. Yəni biz özümüz hasil edir, özümüz də həmin hasilatdan vergi yığırıq. Bu səbəbdən büdcə gəlirlərinin neft qiymətlərinə həssaslığı tam aradan qalxmır. Neftin bahalaşması bir tərəfdən Neft Fonduna əlavə gəlir gətirir, digər tərəfdən isə siyasi qərarlara bağlı risklər yaradır: “Qiymətlər yüksələndə hökumət Fondun büdcəyə transfertlərini artırır, qiymətlər enəndə isə xərcləri azaldır. Bu siyasət sabitlik üçün nəzərdə tutulsa da, bəzən devalvasiya qorxusunu gücləndirir”.
Elçin Rəşidovun sözlərinə görə, manatın məzənnəsi əslində neft qiymətləri ilə birbaşa bağlı olmamalıdır, çünki Neft Fondu gəlir mənbələrini müəyyən dərəcədə təcrid edir:
“Lakin Mərkəzi Bank tam üzən məzənnə rejiminə keçmədiyi üçün bazarda devalvasiya riski qalır. Bu risk bank sektoruna da təsir edir: “Dollarla kreditlərin faiz dərəcələri nisbətən aşağı, manatla olan kreditlərin isə xeyli yüksəkdir. Banklar potensial devalvasiyadan ehtiyat etdikləri üçün manatla kredit verməkdə risk görürlər. Bu da sahibkarların ucuz maliyyə resurslarına çıxışını çətinləşdirir və qeyri-neft sektorunun inkişafını ləngidir. Azərbaycanın qeyri-neft sektorunda adambaşına düşən məhsuldarlıq hazırda həm Ermənistan, həm də Gürcüstanla müqayisədə geri qalır. Əmək bazarında da struktur problemlər mövcuddur: “Uzunmüddətli işsizlik artır, bir çox vətəndaş ixtisasına uyğun rəqabətli iş tapa bilmir. Nəticədə əmək bazarı struktur baxımından zəifləyir və bu, sosial sabitliyə mənfi təsir göstərir. ABŞ Prezidenti Donald Trampın enerji siyasəti qlobal enerji keçidini, xüsusən də yaşıl enerjinin inkişafını ləngidir: “Enerji keçidi sürətlənmədiyi üçün hazırda neft qiymətləri əsasən tələb-təklif balansı və geosiyasi risklər fonunda formalaşır. Uzunmüddətli perspektivdə isə bərpa olunan enerji mənbələrinə tələbat artacaq və neftə olan ehtiyac azalacaq. Lakin böyük iqtisadiyyatlar – xüsusən də Çin – ənənəvi enerjidən imtinanı ləngitsə, bu, qlobal bazarda neft ehtiyatlarının daha sürətlə tükənməsinə səbəb ola bilər”.
Mələk Hüseynova
