“Neftin qiyməti müharibədən əvvəlki dövrlə müqayisədə 25–30 dollar bahadır”-ŞƏRH
İran Silahlı Qüvvələri son bir həftə ərzində 30 gəminin Hörmüz boğazından icazəsiz keçməsinin qarşısını alıb.
Bu barədə İran mediası məlumat yayıb.
Qeyd edilib ki, hazırda Hörmüz boğazından gəmi hərəkəti İran tərəfi ilə razılaşdırılmış və müvafiq rüsumların ödənilməsi şərti ilə məhdud rejimdə həyata keçirilir.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, həmin bölgədən gələn məlumatların çox təzadlı olduğu ilk növbədə diqqət çəkir:
“İran bir cür bəyanat verir, ABŞ tərəfi isə tam əksini bildirir. Hər gün bir neçə gəminin keçirildiyi, İran limanlarına gedən 80 gəminin isə bu həftə ümumiyyətlə qarşısının alındığı vurğulanır. Yəni o bölgədən gələn xəbərlər bir-birini təkzib edən, ziddiyyətli məlumatlardır.
Bununla yanaşı, “Bloomberg”in açıqlamasına görə, artıq gün ərzində Hörmüz boğazından 10-12 milyon barel neft keçir. Əvvəllər bu rəqəm 20 milyon barel idi, yəni azalma var, lakin neftin daşınması tam dayanmayıb. Körfəz və İran ətrafında gərginliyin artması fonunda neft və qaz qiymətləri də yüksəlir. Bu gün 3%-dən çox artım qeydə alınıb və neft 91-92 dollara qədər bahalaşıb. Regionda gərginlik davam etdikcə qiymətlərin yüksək qalması gözləniləndir.
Lakin bu "yüksək qiymət" anlayışı nisbidir. Müharibənin ilk dövründə-yaz aylarında (mart ayında) neftin qiyməti 100 dolları ötüb.Hətta gərginliyin pik həddə çatdığı günlərdə 125–126 dollar səviyyəsi də görünüb. İndi isə qiymət 92 dollardır. Yəni pikesəbəbli qiymətlərlə müqayisədə ucuzlaşma var, lakin müharibədən əvvəlki dövrlə müqayisədə qiymətlər təxminən 25–30 dollar bahadır. Burada hər şey məsələyə hansı prizmadan baxmaqdan asılıdır”.
Nuray Əliyeva