00:00:00
Yazar
Güllər Gülhüseynova
04.09.2026 18:35 160 4 dəq oxuma
Siyasət

Netanyahu: İsrailin əsas məqsədi İranda hakimiyyət dəyişikliyidir

 

 

Netanyahu: İsrailin əsas məqsədi İranda hakimiyyət dəyişikliyidir

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkənin əsas xarici siyasət vəzifəsi İranda hakimiyyətin dəyişdirilməsidir və yaxın gələcəkdə buna nail olmaq tamamilə mümkündür.

 

Netanyahu bu barədə müdafiə naziri İsrael Kats, Baş Qərargah rəisi Eyal Zamir və ordu rəhbərliyi ilə görüşündə bildirib.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, İran və İsrail arasında davam edən ziddiyyətlər və müharibə vəziyyəti təkcə bu iki ölkə üçün deyil, bütövlükdə region üçün ciddi təhlükə yaradır və genişmiqyaslı iqtisadi fəsadlara yol aça bilər:

 

“İsrailin Baş naziri Benyamin Netanyahunun İranda hakimiyyət dəyişikliyini əsas hədəf elan etməsi Tel-Əvivin Tehranla onilliklərdir davam edən “kölgə müharibəsi”ni və regional qarşıdurmanı tamamilə yeni mərhələyə- rejim dəyişikliyi mərhələsinə keçirmək niyyətindən xəbər verir. Netanyahu bu siyasəti İranın regional təsirini aradan qaldırmaq və İsrailə yönələn təhlükəni kökündən zəiflətmək niyyəti ilə əsaslandırır. Netanyahunun ordu rəhbərliyi ilə görüş zamanı səsləndirdiyi bu bəyanat strateji, psixoloji və hərbi resursların səfərbər edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. İsrail artıq yalnız HƏMAS, Hizbullah və Husilər kimi İranın regiondakı müttəfiq və proksi qüvvələri ilə mübarizə aparmaqla kifayətlənmir, bu şəbəkəni maliyyələşdirən və dəstəkləyən mərkəzi -başqa sözlə, “ilanın başını” hədəf aldığını nümayiş etdirir. Tel-Əviv Tehran rejiminin hərbi və iqtisadi infrastrukturunu zəiflətməklə yanaşı, ölkə daxilindəki etiraz potensialını yenidən aktivləşdirməyə və rejimə qarşı kütləvi etirazlar üçün əlverişli şərait yaratmağa çalışır. Netanyahu dəfələrlə İran xalqına müraciət edərək onları rejimə qarşı çıxmağa çağırıb. Bu yanaşma ABŞ-də Donald Tramp administrasiyasının Tehrana qarşı “maksimum təzyiq” və hərbi çəkindirmə siyasəti ilə də müəyyən mənada paralellik təşkil edir. İsrail hesab edir ki, İrandakı mövcud teokratik rejim dəyişmədən ölkənin nüvə silahı əldə etmək imkanlarının qarşısını tam və uzunmüddətli şəkildə almaq çətindir”.

 

Politoloq həmçinin bunu da qeyd edib ki, teokratik rejimin süqutu və ya İranda dünyəvi, Qərblə daha yaxın münasibətlərə üstünlük verən bir hakimiyyətin formalaşması Yaxın Şərqdə fundamental geosiyasi dəyişikliklərə səbəb ola bilər:

 

“İranın regiondakı geniş təsir şəbəkəsi böyük ölçüdə Tehrandan gələn maliyyə, logistika və silah dəstəyindən asılıdır. Hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə Livandakı Hizbullah, Qəzzadakı HƏMAS və Yəməndəki Husilər əsas himayədarlarından məhrum olaraq ciddi şəkildə zəifləyə və ya fəaliyyət imkanlarını əhəmiyyətli dərəcədə itirə bilərlər. Eyni zamanda, Suriya və İraqdakı İran yönümlü silahlı qruplaşmaların təsiri də minimuma enə bilər. Belə bir ssenaridə İsraillə Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri arasında münasibətlərin normallaşması prosesi, eləcə də İbrahim razılaşmaları çərçivəsində əməkdaşlığın genişlənməsi sürətlənə bilər. İran təhdidinin azalması fonunda regionda yeni təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərinin formalaşması da mümkündür. Şübhəsiz ki, bu proseslərin regional güc mərkəzlərindən biri olan Türkiyənin iştirakı və mövqeyi də mühüm rol oynaya bilər. Qlobal neft daşımalarının əsas arteriyalarından biri olan Hörmüz boğazında hərbi gərginliyin azalması enerji təhlükəsizliyinə müsbət təsir göstərə bilər. Eyni zamanda, İrana qarşı sanksiyaların aradan qaldırılması ölkənin zəngin neft və qaz resurslarının dünya bazarına daha geniş inteqrasiyasına şərait yarada bilər. Bu isə qlobal enerji qiymətlərinə və bazarlardakı təklif balansına ciddi təsir göstərə bilər. Digər tərəfdən, belə bir dəyişiklik ABŞ-nin Yaxın Şərqdəki siyasi və təhlükəsizlik təsirinin daha da güclənməsinə səbəb ola bilər. Bu halda Moskva və Pekin regiondakı mühüm strateji tərəfdaşlarından birini və Qərbə qarşı istifadə etdikləri əhəmiyyətli geosiyasi rıçaqlardan birini itirə bilərlər. Həmçinin Rusiyanın Ukraynadakı müharibə çərçivəsində İrandan əldə etdiyi hərbi dəstəyin zəifləməsi və ya tamamilə dayanması ehtimalı yarana bilər”.

 

 

“İranda daha dünyəvi və praqmatik xarici siyasət yürüdən hakimiyyətin formalaşması Azərbaycan-İran münasibətlərində mövcud gərginliyin azalmasına da imkan yarada bilər. Bu, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Zəngəzur dəhlizi kimi regional nəqliyyat layihələrinin təhlükəsizliyi və inkişafı baxımından əlavə imkanlar yarada bilər. Belə bir vəziyyətdə Ermənistanın regionda arxalandığı siyasi və iqtisadi dayaqlardan birinin zəifləməsi İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətlərdə daha kompromisli mövqe tutmasına da təsir göstərə bilər. Lakin rejim dəyişikliyinin heç də həmişə hamar və idarəolunan proseslə müşayiət olunacağına zəmanət yoxdur. Hakimiyyət keçidi xaosla müşayiət olunarsa, İranda daxili qarşıdurma, vətəndaş müharibəsi və hətta etnik zəmində parçalanma riski yarana bilər. Bu isə regionda milyonlarla insanın köçkün vəziyyətinə düşməsinə, yeni qeyri-sabitlik ocaqlarının yaranmasına və təhlükəsizlik böhranının daha geniş coğrafiyaya yayılmasına səbəb ola bilər. Odur ki, İranda hakimiyyətin birmənalı şəkildə dəyişdirilməsindən daha çox, siyasi sistemin islah edilməsi və institusional balansın gücləndirilməsi daha optimal variant kimi qiymətləndirilə bilər. Bu baxımdan Prezident institutunun səlahiyyətlərinin artırılması, icra hakimiyyətinin gücləndirilməsi və ölkədə siyasi qərarvermə mexanizmlərinin daha çevik və effektiv qurulması mümkün islahat istiqamətlərindən biri ola bilər”,-deyə, politoloq bildirib.

 

Güllər Gülhüseynova

#hakimiyyət #netanyahu: #i̇randa #yeni #i̇srailin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər