Netanyahu Nyu-Yorka səfər edəcək
İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə Nyu-Yorka səfər edəcək.
Bildirilib ki, səfər 23-25 sentyabr tarixlərində baş tutacaq.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, İsrail Baş naziri Netanyahunun ABŞ-yə səfərinin əsas məqsədi İran mövzusu və Fələstin, Qəzza məsələsi ilə bağlıdır:
“Proseslər onu göstərir ki, Netanyahu BMT kürsüsündən istifadə edərək İsrailə qarşı yönələn ittihamları rədd etmək, ölkəsinin təhlükəsizlik strategiyasını əsaslandırmaq və Yaxın Şərqdəki mövcud hərbi əməliyyatların "terrora qarşı mübarizə" olduğunu vurğulamaq niyyətindədir. Çıxışın əsas mövzusunun regional gərginliyin əsas mənbəyi kimi görülən İran və onun proksi qüvvələri olacağı gözlənilir. İsraildə yaxınlaşan seçkilər fonunda Netanyahu bu beynəlxalq çıxışı özünün güclü lider imicini bərpa etmək və daxili auditoriyaya güclü diplomatik mesajlar ötürmək üçün mühüm fürsət kimi dəyərləndirir. Nyu-York meri Zohran Mamdaninin Beynəlxalq Cinayət Məhkəməsinin orderinə əsaslanaraq Netanyahunun həbs edilməsi barədə əvvəlki çağırışlarına və şəhərdə gözlənilən kütləvi etirazlara baxmayaraq, bu səfər həm də İsrailin beynəlxalq təcriddən qorxmadığını nümayiş etdirmək xarakteri daşıyır. Beynəlxalq müstəvidə, xüsusilə Avropa və İslam ölkələri tərəfindən Fələstin dövlətinin tanınması ilə bağlı çağırışların artması Netanyahunun çıxışının həm tonuna, həm də məzmununa ciddi təsir göstərə bilər”.
Politoloq həmçinin bunu da qeyd edib ki, Netanyahu, əvvəlki illərdə olduğu kimi, qərb ölkələrini və BMT-ni Fələstin dövlətçiliyini dəstəklədiklərinə görə kəskin tənqid edə bilər:
“Bu addımları "terrorun mükafatlandırılması" kimi qələmə verəcəyi gözlənilir. Böyük ehtimalla Baş nazir beynəlxalq birliyi İsrailə qarşı ikili standartlar tətbiq etməkdə günahlandıracaq. O, BMT-nin bu çağırışlarını İsrailin legitim təhlükəsizlik hüququna təhdid kimi təqdim edəcək. Fələstin dövlətinin birbaşa tanınması əvəzinə, Netanyahu regionda ərəb ölkələri ilə münasibətlərin normallaşdırılmasını məsələn, İbrahim Sazişlərinin genişləndirilməsini Yaxın Şərqdə sülhün yeganə real yolu kimi müdafiə edə bilər. Bu məzmunlu çıxışın fonunda zalda bir çox ölkənin nümayəndələrinin etiraz olaraq zalı tərk etməsi, boykot etməsi ehtimalı yüksəkdir. Netanyahu bu çıxışı ilə beynəlxalq təzyiqlərə boyun əyməyəcəyini göstərməyə çalışacaq və ABŞ-nin cari Donald Tramp administrasiyasının dəstəyinə güvənərək Fələstinlə bağlı birtərəfli beynəlxalq qərarların İsrail üçün heç bir qüvvəyə malik olmadığını bəyan edəcək. Nəticələr isə dünyada yeni gərginliyin yaranmasına gətirib çıxara, İran və ABŞ arasında müharibə vəziyyətinin aktivləşməsinə səbəb ola bilər”.
Güllər Gülhüseynova