“New START müqaviləsinin bitməsi dünyada təhlükəsizlik üçün ciddi təhdiddir”
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ni dövlət başçılarını sistematik şəkildə hədəf almaqda günahlandırıb. O, Vaşinqtonun İraqın keçmiş lideri Səddam Hüseyn və Liviya prezidenti Müəmmər Qəddafinin devrilməsində və ölümündə əli olduğunu bildirib.
Mövzu ilə bağlı siyasi şərhçi İlkin Məmmədkərimli "İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya-ABŞ razılaşmasının bitməsi dünyanı yeni təhlükə mərhələsinə aparır:
“Rusiyanın mövcud siyasəti artıq təkcə regional deyil, qlobal miqyasda ciddi təhlükə mənbəyi kimi qiymətləndirilir. Xüsusilə, bu gündən etibarən Rusiya ilə ABŞ arasında strateji hücum silahlarının məhdudlaşdırılmasını nəzərdə tutan “New START” (Yeni START) müqaviləsinin müddəti rəsmi olaraq başa çatıb. Bu müqavilənin qüvvədən düşməsi dünyada təhlükəsizlik baxımından təhdiddir. Müqavilənin bitməsi ilə nəzarət mexanizmləri faktiki olaraq aradan qalxır. Ölkələr bir-birini ağır nüvə və kimyəvi silahlarla hədəf alma potensialına malik olacaqlar. Rusiya ilə ABŞ arasında mövcud olan razılaşmanın başa çatması dövlətlərarası etimadı zəiflədir və tərəfləri qarşılıqlı şəkildə potensial hədəfə çevirir”.
Zəri Bayramlı
