00:00:00
Yazar
Banuçiçək Məmmədova
08.05.2026 21:39 28 3 dəq oxuma
Siyasət

Nikol Paşinyan: “Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil”

Nikol Paşinyan: “Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil”

Ermənistanın Baş naziri Nikol Paşinyan Ukrayna müharibəsi ilə bağlı səsləndirdiyi son açıqlama ilə diqqət çəkib. O bildirib ki, Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq mövqedən çıxış etmir. Paşinyanın bu fikirləri regionda dəyişən siyasi balans, Ermənistan–Rusiya münasibətləri və İrəvanın Qərbə yaxınlaşması fonunda müzakirələrə səbəb olub.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, Nikol Paşinyanın “Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil” açıqlaması son illərdə Ermənistan xarici siyasətində formalaşan strateji dönüşün açıq siqnallarından biri kimi qiymətləndirilə bilər:

 

“Uzun müddət Rusiyanın təhlükəsizlik çətiri altında mövcud olmuş Ermənistan xüsusilə 2020-ci il Qarabağ müharibəsindən sonra Moskvaya əvvəlki qədər etibar etmədiyini nümayiş etdirməyə başlayıb. Paşinyanın bu tip açıqlamaları həm daxili auditoriyaya, həm də beynəlxalq tərəfdaşlara ünvanlanmış mesaj xarakteri daşıyır. O göstərmək istəyir ki, Ermənistan artıq bütün geosiyasi məsələlərdə avtomatik şəkildə Rusiyanın yanında dayanan ölkə kimi görünmək istəmir və özünü daha müstəqil aktor kimi təqdim etməyə çalışır.
Ermənistanın xarici siyasətində baş verən dəyişikliklərin əsas səbəblərindən biri Paşinyanın Qərb yönümlü siyasətidir. Paşinyan Ermənistanı Rusiyanın asılılığından qurtarmaq üçün alternativ təhlükəsizlik və siyasi tərəfdaşlar axtarışını sürətləndirib. Alternativ qismində isə Qərb çıxış edir və təbii ki, onların da Paşinyandan Rusiya ilə məsafə saxlamaqla bağlı gözləntiləri var. Bu gözləntiləri doğrultmaq üçün Paşinyanın atdığı addımlar isə Rusiyada təbii qıcıq doğurur. 
Rusiya–Ermənistan münasibətlərində son illərdə bir neçə kritik gərginlik xətti yaranıb. Birincisi, Ermənistan KTMT-ni faktiki olaraq passiv və təsirsiz təşkilat kimi təqdim etməyə başlayıb. Paşinyan bir neçə dəfə açıq şəkildə bildirib ki, təşkilat Ermənistanın təhlükəsizlik gözləntilərini doğrultmayıb. İkincisi, İrəvan Avropa İttifaqının müşahidə missiyasını Ermənistan ərazisinə yerləşdirməklə Moskvanın regiondakı eksklüziv təsir imkanlarını zəiflətməyə çalışdı. Rusiya bunu Qərbin Cənubi Qafqaza nüfuz cəhdi kimi qiymətləndirdi. Digər mühüm məqam isə Ermənistanın son dövrdə ABŞ və Fransa ilə müdafiə və təhlükəsizlik sahəsində əlaqələri genişləndirməsidir. Xüsusilə Fransa ilə hərbi əməkdaşlıq Moskvanın narahatlığını artırıb. Rusiya mediasında və siyasi dairələrində Paşinyan hakimiyyətinə qarşı sərt ritorikanın artması da bu gərginliyin açıq göstəricisidir. Bununla yanaşı, Ermənistanın tam şəkildə Rusiyadan uzaqlaşdığı fikrini söyləmək də hələ tezdir. Çünki ölkənin iqtisadi, enerji və təhlükəsizlik infrastrukturu böyük ölçüdə hələ də Rusiya ilə bağlıdır. Ermənistanda Rusiyanın hərbi bazası fəaliyyət göstərir, enerji sektorunda ciddi şəkildə Rusiya təsiri qalır və Ermənistan iqtisadiyyatının müəyyən hissəsi Rusiya bazarından asılıdır. Buna görə Paşinyan ehtiyatlı addımlar atmaq məcburiyyətindədir. O, bir tərəfdən Qərbə inteqrasiya siqnalları verir, digər tərəfdən isə Moskva ilə tam qarşıdurmadan yayınmağa çalışır. Məsələn Ermənistan artıq uzun müddətdir ki, KTMT tədbirlərində və bu qurumun maliyyələşməsində iştirak etmədiyi halda KTMT-dən çıxamq haqqında da qərar vermir. Ermənistanın Qərblə yaxınlaşmasının regiondakı siyasi balansa təsirinə gəldikdə isə bu yaxınlaşmanın balansı dəyişmək potensialı var. Əgər İrəvan Qərb strukturları ilə daha dərin siyasi və təhlükəsizlik əməkdaşlığı qura bilsə, bu, Ermənistan üzərində və o camlədən də Cənubi Qafqazda Rusiyanın ənənəvi dominant rolunun zəifləməsinə gətirib çıxara bilər. Xüsusilə Avropa İttifaqı və ABŞ regionda daha fəal iştirak etməyə çalışır. Bu vəziyyət Azərbaycan, Türkiyə, İran və Rusiya arasında yeni strateji hesablamalara səbəb olur. İran Qərbin sərhədlərinə yaxınlaşmasını təhlükə kimi görür, Rusiya isə regionda təsirini itirmək istəmir. Azərbaycan isə daha çox praqmatik və çoxşaxəli balans siyasəti yürütməyə çalışır. Ümumilikdə isə Paşinyanın Ukrayna ilə bağlı açıqlaması Ermənistanın geosiyasi orientasiyasında dəyişən prioritetlərin ifadəsidir. Bu dəyişiklik birdən-birə baş verən proses deyil, son illərdə təhlükəsizlik böhranları, regional müharibələr və beynəlxalq münasibətlər sistemində yaranan yeni reallıqlar fonunda formalaşan strateji transformasiyanın tərkib hissəsidir”.

 

Banuçiçək Məmmədova

#azərbaycan #baki #deyil” #məsələsində #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər