Niyə yeməkdən sonra yuxulu oluruq?
Yeməkdən sonra gələn yuxu hissini hamımız bilirik. Enerji verməsi lazım olan qidaların yuxumuzu gətirməsi bizə qəribə görünə bilər. Bəs heç düşünmüsünüzmü niyə?
Triptofan: yeməkdən sonra yuxululuq üçün "adi şübhəli" kimyəvi maddədir. Süd məhsulları, hinduşka əti, soya, donuz və əsasən karbohidratlar olan bir çox qidalarda olan triptofan orqanizmdə baş verən biokimyəvi reaksiyalar nəticəsində serotonin istehsalı üçün lazım olan maddədir. Serotonin sinir hüceyrələri arasında sinir mesajlarının ötürülməsinə kömək edir. Bədəndəki digər funksiyaları ilə yanaşı, serotonin də əhvalımızı tənzimləyir. Buna görə depressiyanın müalicəsində istifadə olunur.
Depressiyanın müalicəsində iki sinir hüceyrəsinin birləşdiyi bölgədə (sinaps adlanır) serotonin miqdarını artıraraq depressiya əlamətlərinin qarşısı alınmağa çalışılır. Serotonin də orqanizmdə melatonin istehsalı üçün lazım olan bir maddədir. Melatonin bizim yuxu-oyanma dövrümüzü tənzimləyən əsas hormondur. Depressiya zamanı rahat yata bilməyən insanların olduğunu bilirik. Müalicə zamanı xəstələrin dərman istifadəsinə bağlı yuxu problemləri də tənzimlənir. Triptofan serotonin istehsalı üçün lazımlı bir maddə olduğundan, depressiyanın müalicəsi zamanı yuxu pozğunluğunun yaxşılaşmasının əsas səbəbi olduğu düşünülür. Yeməkdən sonra qidalarda olan triptofanın təsiri buna bənzəyir.
Yeməkdən sonra yuxulu olmağımızın başqa bir səbəbi qan şəkərinin qəfil düşməsi və yüksəlməsidir. Çünki qəbul etdiyimiz qidalarda karbohidratlar və triptofan birlikdə olarsa, karbohidratlar triptofanın beyinə çatmasını asanlaşdırır və bu da qarşısıalınmaz yuxu istəyinə səbəb olur.
Xüsusilə səhərlər yuxululuqdan şikayət edirsinizsə, aşağıdakı qidalardan istifadə etmək faydalı olacaq:
Yulaf əzməsi: Güclü bir karbohidrat qaynağı olmasına baxmayaraq, yulaf enerjiyə çevrilməkdə yavaşdır və qan şəkərinin qəfil düşməsinə və ya yüksəlməsinə səbəb olmayacaq, bu da bizi canlı tutacaqdır.
Badam: Zəngin vitamin B6 və maqnezium qaynağı olan badam səhər yeməyinin əvəzolunmaz qidası ola bilər. Maqneziumun məşq zamanı maddələr mübadiləsi üçün lazım olduğunu da vurğulamaq lazımdır.
Yumurta: Zülalla zəngin olan yumurta günə düzgün başlamaq üçün ideal qidalardan biridir.
Mənbə: https://bilimgenc.tubitak.gov.tr/makale/yemek-yedikten-sonra-neden-uykumuz-gelir
Tərcümə etdi: Aydan Qasımova
