Normal görünən depressiya: gülən üzlərin gizli səssizliyi
Gündəlik həyatında aktiv olan, işləyən, sosial şəbəkələrdə gülən, ətrafına “hər şey qaydasındadır” mesajı verən minlərlə insan var. Amma bu görünən normallığın arxasında çox vaxt dərin bir daxili boşluq, izah olunmayan yorğunluq və səssiz depressiya gizlənir. Cəmiyyət “güclü ol” deyə-deyə insanları danışmaqdan uzaqlaşdırır, problemləri isə görünməz edir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Nizami Orucov bildirib ki, bu gün tez-tez rastlaşdığımız hallardan biri də “funksional” və ya “maskalanmış” depressiyadır:
“İnsan gündəlik həyatını davam etdirir, işləyir, gülür, sosial mühitdə aktivdir, amma daxilində uzun müddətdir bir çökmə yaşayır. Bu, cəmiyyətdə çox vaxt fərq edilmir, çünki insan “normal” görünür. Uzun müddət davam edən gizli depressiya insanın emosional resurslarını tədricən tükədir. Əvvəlcə sadəcə yorğunluq kimi hiss olunan vəziyyət zamanla maraq itkisinə, emosional keyləşməyə və özünə qarşı laqeydliyə çevrilə bilər. İnsan hiss etməyi “söndürür”, çünki hiss etmək ağır gəlir. Bu da son mərhələdə ani emosional partlayışlara, panik tutmalara, psixosomatik ağrılara və daha dərin depressiv epizodlara yol aça bilər”.
Psixoloq onu da vurğulayıb ki, duyğular artıq bədən vasitəsilə danışmağa başlayanda bu, təhlükəli mərhələdir:
“Yəni səbəbsiz baş ağrıları, boğulma hissi, davamlı sıxıntı, yuxu pozuntuları, tez-tez əsəbiləşmə və ya heç nəyə reaksiya verməmək ortaya çıxanda. İnsan “mən belə olmalı deyiləm” deyə-deyə özünü zorlayırsa, amma daxildə daimi gərginlik qalırsa, bu artıq basdırmanın sağlam olmadığını göstərir. Xüsusilə də insan əvvəllər sevindiyi şeylərdən zövq almırsa, özünü daim yüklənmiş, boş və ya səbəbsiz narahat hiss edirsə. Bu, zəiflik deyil, əksinə psixikanın kömək çağırışıdır. Daxili səsi susdurmaq yox, dinləmək lazımdır”.
Banu Məmmədova
