Nostalji: Keçmişin yaralayıcı izləri
Bir çox insanlar indini yaşayarkən, gələcəyi düşünərkən keçmişin əzab verici əllərindən qurtula bilmirlər. Dinlədikləri musiqilər,xatirələrlə bəzənmiş küçələr, tanış qoxular onları hər zaman keçmişin tozlu səhifələrini vərəqləməyə məcbur edir. Bu hadisə psixologiyada nostalji adlanır. Nostalji insanları dərindən yaralayır, onları yavaş-yavaş içdən məhv edir.
Mövzu haqqında psixoloq Fəridə Musəvi "İnformator.az"a açıqlamasında bildirib ki, keçmiş insan həyatına ciddi təsir göstərir və ona verilən əhəmiyyət indiki və gələcək həyatımıza birbaşa təsir edir:
"İnsan nə qədər keçmişdə qalırsa, bir o qədər də bugünki psixoloji vəziyyəti həmin xatirələrin təsiri altında olur. Buna görə keçmişlə münasibət şüurlu şəkildə qurulmalı, xüsusilə də, neqativ xatirələr zərərsizləşdirilməlidir. Hər bir insanda müxtəlif duyğular mövcuddur və onların necə yaşanması fərdi xüsusiyyətlərdən asılıdır. Psixoloji baxımdan daha həssas insanlar keçmiş hadisələrin təsirindən çətinliklə ayrılır və bu da depressiyaya meyillilik yarada bilər. Belə hallarda insan təkbaşına bacarmırsa, mütləq mütəxəssisə, psixoloqa müraciət etməlidir ki, keçmişdə yaşanan ağrılı hadisələr onun həyatına zərər verməsin. Nostalji hisslər normaldır və bəzi qoxular, əşyalar və ya görüntülər insanı keçmişə qaytara bilər. Lakin əsas məqsəd insanı incidən xatirələri nəzarət altına almaq və onların emosional yükünü azaltmaqdır ki, keçmiş bugünki həyata mane olmasın".
Mələk Nəsirli
