Növbəti müharibənin şahidi ola bilərik- ŞƏRH
İslamabad şəhərində İran və ABŞ nümayəndə heyətləri arasında keçirilən danışıqlar heç bir razılaşma əldə olunmadan başa çatıb.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə “İnformator.az”a açıqlamasında bildirib ki, baş tutan danışıqlar nəticəsiz olsa da, tərəflər arasında dialoqun davam etdirilməsi ehtimalı var:
“Məlumdur ki, fevralın 28-də ABŞ-İsrail və İran müharibəsi başlayıb. Bu, son bir il ərzində artıq ikinci hərbi eskalasiyadır. Ötən ilin iyununda da 12 günlük hərbi eskalasiya olub. Bu dəfəki müharibə isə 40 günə yaxın çəkməklə əvvəlkindən daha uzun müddəti əhatə edib.Öz miqyasına görə də əvvəlki 12 günlük hərbi əməliyyatlarla müqayisə olunmayacaq dərəcədə gərgin fazada baş tutub və gərginlik hələ də qalmaqdadır. Baxmayaraq ki, iki həftəlik atəşkəs elan olunub, ciddi kataklizmlər baş verməsə, bu dövrün aprelin 21-nə qədər davam etməsi ehtimalı var. Bu müddət ərzində danışıqlara başlanılıb. Müzakirələr Pakistanın vasitəçiliyi ilə İslamabadda keçirilib və hər iki tərəfdən ən yüksək səviyyəli şəxslər iştirak ediblər. İranı parlament sədri Qalibaf 80 nəfərlik nümayəndə heyəti ilə, ABŞ-ni isə vitse-prezident Ceyms Devid Vens və onun nümayəndə heyəti təmsil edirdi. Təəssüflər olsun ki, danışıqlar nəticəsiz başa çatıb, lakin növbəti görüşlərin keçirilmə ehtimalı kifayət qədər yüksəkdir. Məsələ burasındadır ki, nəticə əldə olunmasa da, tərəflər bir-biri haqqında müsbət rəylər bildirib və gələcək dialoq imkanlarını sıfırlamayıblar. Yayılan məlumatlara görə, danışıqların ikinci raundu keçirilə bilər. İkinci raundun da İslamabadda baş tutma ehtimalı var, lakin Avropa İttifaqı da prosesə qoşulmaq iddiasındadır. Bu səbəbdən görüş Avropa ölkələrindən birində də keçirilə bilər. Məlumdur ki, Avropa ölkələri bu prosesdə neytral mövqe tutublar, bəzi hallarda isə ABŞ-yə müqavimət göstərərək qarşılıqlı ittihamlarla müşayiət olunan sərt münasibət sərgiləyiblər”.
Müsahibin sözlərinə görə, tərəflər arasında əsas fikir ayrılıqları səbəbindən prinsipial məsələlər üzrə razılıq əldə olunmadığı üçün danışıqlar nəticəsiz qalıb:
“Danışıqlarda əsas prinsipial narahatlıq və gərginlik doğuran məsələlər daha çox Hörmüz boğazı ilə əlaqədardır. Eyni zamanda İranın uran zənginləşdirmə proqramının tam dayandırılması və bir sıra digər qarşılıqlı tələblər ətrafında razılıq əldə olunmadığı üçün gərgin situasiya yaranıb.
Buna baxmayaraq, hesab edirəm ki, Pakistan uğurlu vasitəçilik missiyasını yerinə yetirib və rəsmi İslamabaddan asılı olan hər şey edilib. Hər iki tərəfin Pakistan rəhbərliyinə təşəkkür etməsi də bunu təsdiqləyir. Yəni danışıqların nəticəsiz qalmasında Pakistanla bağlı heç bir narahatlıq yoxdur. Sadəcə tərəflər əsas məsələlərdə ortaq məxrəcə gələ bilməyiblər. Əgər danışıqların ikinci raundu baş tutarsa, atəşkəs dövrünün bir qədər də uzanma ehtimalı var. Amerika qanunvericiliyinə görə, prezident müharibəni müstəqil şəkildə yalnız 60 gün apara bilər. Bu müddətdən sonra mütləq şəkildə Konqresin və Senatın razılığı tələb olunur. Ona görə də, həmin müddət bitənə qədər, çox böyük ehtimalla, hansısa formada razılıq ifadə olunacaq.
Lakin danışıqlar tamamilə nəticəsiz qalsa, biz növbəti hərbi eskalasiyanın şahidi ola bilərik. Bu prosesdə daha çox İsrail tərəfi maraqlı görünür. Müharibənin dayandırılması İsrailin maraqlarına uyğun deyil və hesab edirəm ki, ABŞ-ni buna daha çox təhrik edən tərəf də məhz odur.
Nəticə etibarilə, Hörmüz boğazı, uran zənginləşdirilməsi, ballistik raketlər və digər prinsipial məsələlərlə bağlı ciddi razılıq əldə olunmazsa, müharibənin davam etməsi və yenidən hərbi fazaya keçməsi qaçılmazdır. Bu istiqamətdə kifayət qədər ciddi risklər mövcuddur”.
Lalə Qurbanlı