00:00:00
Yazar
Asiman Vəliyeva
26.02.2026 20:18 73 4 dəq oxuma
Sosial

Novruz süfrəsi bu il neçəyə başa gəlir? Bahalaşmanın pərdəarxası

Novruz süfrəsi bu il neçəyə başa gəlir? Bahalaşmanın pərdəarxası

Novruz bayramı ərəfəsində bazarda qiymət artımları müşahidə olunur. Bu dəyişikliklər əsasən mövsümi tələbin artması, istehsal və logistika xərcləri, eləcə də bazar şərtləri ilə bağlıdır. Bayramdan sonra qiymətlərin dinamikasında sabitləşmə ehtimalı da müzakirə mövzusudur.

 

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, dövlət Azərbaycanda inzibati yollarla hansısa ərzaq məhsulları və qeyri-ərzaq məhsullarına qiymət qoya bilməz:


“Bizdə qiymət bazar iqtisadiyyatı formatında formalaşır, ən azından qaydalarda, qanunlarda belədir. Dövlət ancaq tənzimlənən qiymətlərə təsir göstərə bilər. Bu da Tarif Şurasına aid olan siyahıya aiddir. Tarif Şurasında siyahılar var və onlar əsasən səhiyyəyə aiddir. O ki qaldı,
başqa mexanizmlərə, bəli, digər mexanizmlər mövcuddur. Bu da əsasən gömrük və vergi rüsumlarının, eləcə də vergi dərəcələrinin azaldılması, əlavə dəyər vergisinin azaldılması ola bilər. Bu yolla müəyyən addımlar atıla bilər. Amma hələlik görünən odur ki, bununla bağlı ciddi qərar mexanizmləri formalaşmayıb”.


Həmçinin marketoloq Nicat Hacızadə açıqlamasında bildirib ki, novruz öncəsi qiymət artımını yalnız “süni bahalaşma” kimi qiymətləndirmək düzgün olmaz:


“Təbii ki, bu haldan öz çıxarları üçün istifadə edən bir çox kiçik və orta sahibkar mövcuddur. Bayram dövründə tələb kəskin şəkildə artır. Xüsusilə, sürətli istehlak malları (FMCG), şirniyyat, quru meyvə, hədiyyəlik məhsullar və dekor seqmentində dövriyyə pik həddə çatır. Tələb artımı isə bazar iqtisadiyyatında qiymət elastikliyini dəyişir. Başqa sözlə, istehlakçı bu dövrdə qiymətə daha az həssas olur. Bir çox insan bu qiymət artımının hansı marketinq strategiyası olmasından xəbəri belə olmur, sadəcə düşünür ki, həmin dövrdə alıcılıq qabiliyyəti yüksək olan məhsulları müştəri gəlib alacaq. Yəni insanların yanaşma belədir. Burada əsas diqqət edilməli olan real qiymət stimulu və psixoloji qiymət effektidir.Real qiymət stimulu: Əgər kampaniya həqiqətən marjanın azaldılması hesabına həyata keçirilirsə, bu, istehlakçı üçün real üstünlük yaradır və satış həcmini artıraraq ümumi gəliri kompensasiya edə bilər. Bəzi hallarda əvvəlcə qiymət artırılır, daha sonra “endirim” etiketi ilə təqdim olunur. Bu zaman istehlakçı qənaət etdiyini düşünür, lakin faktiki üstünlük minimal olur. Bu yanaşma qısamüddətli satış artımı versə də, uzunmüddətli brend etibarına risk yarada bilər”.

 
Marketoloqun sözlərinə görə, hazırda bayram satışlarının əsası rəqəmsal kanallardadır:


“Data əsaslı reklam modelləri vasitəsilə istifadəçilərin davranışına uyğun təkliflər təqdim olunur. Bu, konversiya göstəricilərini ciddi şəkildə artırır. Novruz ailə, birlik və ənənə üzərində qurulan bayramdır. Brendlər məhsulu deyil, emosiyanı satır. Uğurlu kampaniyalar funksional faydanı deyil, bayram hissini ön plana çəkir. FOMO və limitli təklif strategiyası: “Məhdud say”, “Son gün”, “Bayrama özəl kolleksiya” kimi mesajlar qərarvermə müddətini qısaldır və impuls alışları artırır. İnfluencer əməkdaşlıqları və istifadəçi rəyləri alış riskini azaldır və etimadı gücləndirir. Yəni bu sadaladıqlarımızdan bir çoxunu brendlər bayram olmayan günlərdə də istifadə edirlər. Ancaq xüsusi günlər alıcılıq qabiliyyətini daha çox tətikləyir”.


Mövzu ilə bağlı danışan bazar işçisi Ramin Əliyev bildirir ki, novruz bayramına təxminən 2-3 həftə qalmış tələb artır və bu da qiymətlərə təsir edir:


“Məsələn, yanvar ayında qozun 1 kiloqramını 14-15 manata satırdıqsa, hazırda qiymət 17-18 manatdır. Fındıq 12 manatdan 15 manata qalxıb. Kişmiş və ərik qurusunda da orta hesabla 2-3 manat artım var.Şəkər tozu və un məmulatlarında isə artım daha azdır təxminən 5-10 %. Amma çərəz və quru meyvələrdə artım 15-25 % arası dəyişir. Bunun səbəbi həm topdansatış qiymətlərinin qalxması, həm də bayramqabağı tələbin çoxalmasıdır. Ötən illə müqayisədə bu il qiymətlər ümumilikdə daha yüksəkdir. Məsələn, keçən il bu vaxtı qoz 13-14 manat idi, indi isə 17-18 manatdır. Alıcı sayı azalmayıb, amma alış miqdarı dəyişib. Əvvəllər 3-4 kilo alan müştəri indi 1-2 kilo alır. İnsanlar daha çox qarışıq çərəz və ya az miqdarda məhsul götürməyə üstünlük verirlər. Ümumilikdə demək olar ki, bayram səbəti ötən illə müqayisədə təxminən 15-20 faiz bahalaşıb”.


Mövzu ilə bağlı danışan Nigar Məmmədova bildirir ki, hazır qiymətlərə baxanda evdə hazırlamaq daha sərfəli görünür, amma məhsulların qiyməti artdığı üçün əvvəlki illər qədər fərq yoxdur:


“Evdə bişirəndə həm daha təbii olur, həm də miqdarına nəzarət etmək mümkündür. Bu il ən münasib məhsullar yerli istehsal olan şirniyyatlar və bəzi mövsümi meyvələr olub. Çərəzlər bahalaşsa da, kampaniya olan yerlərdə münasib qiymət tapmaq mümkündür. Ümumilikdə isə alış-veriş zamanı insanlar daha çox endirimlərə üstünlük verir”.

 

Mələk Hüseynova, Ədilə Hüseynzadə

#yeni #başa #neçəyə #novruz
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər