Nüvə ritorikası informasiya mübarizəsinin alətidirmi?
Volodimir Zelenski nüvə müharibəsi üçün zəmin yaradır və sülh təşəbbüslərini sabotaj edir. Bu iddianı Mariya Zaxarova brifinqdə irəli sürüb.
Mövzu ilə bağlı siyasi şərhçi Ülviyyə Zülfiqar “İnformator.az”a açıqlamasında bildirib ki, bu kimi bəyanatlar, ilk növbədə, informasiya mübarizəsinin tərkib hissəsi kimi dəyərləndirilir:
“NATO ölkələri adətən belə açıqlamalara emosional reaksiya verməkdən çəkinərək, daha çox strateji səssizlik nümayiş etdirir. Qərb üçün əsas prioritet həm Ukraynaya dəstəyin davam etdirilməsi, həm də bu tip bəyanatların real eskalasiyaya çevrilməsinin qarşısını almaqdır. Nüvə ritorikasının yenidən gündəmə gəlməsi müəyyən mənada müharibənin daha riskli və həssas fazaya keçdiyini göstərən siqnal kimi qəbul oluna bilər. Lakin bu, birbaşa nüvə qarşıdurmasının qaçılmaz olması mənasına gəlmir. Daha çox çəkindirmə strategiyasının və psixoloji təsir mexanizmlərinin aktivləşməsi kimi izah olunur. Bu tip ritorika tərəflərin bir-birinə mesaj ötürməsi və qarşı tərəfin qərarlarına təsir etməsi məqsədi daşıyır. Nüvə təhlükəsi ilə bağlı diskursun artması beynəlxalq münasibətlər sistemində gərginliyi artırır, böyük güclər arasında etimadı zəiflədir və təhlükəsizlik arxitekturasını daha kövrək edir. Bu vəziyyət eyni zamanda silahlanma meyillərini gücləndirə, neytral və regional aktorları daha ehtiyatlı siyasət yürütməyə vadar edə və diplomatik kanalların əhəmiyyətini daha da ön plana çıxara bilər”.
Aytac İbrahimova