"Nüvə təhlükəsizliyi dünyanın ən vacib problemlərindən biridir" - ŞƏRH
Azərbaycan BAEA iclasında nüvə təhlükəsizliyinin əhəmiyyətini qabardıb. Azərbaycan nüvə silahlarının yayılmasına qarşıdır, nüvə enerjisindən dinc məqsədlərlə istifadənin tərəfdarıdır.
Mövzu ilə bağlı ”İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycanın Beynəlxalq Atom Enerjisi Agentliyində nüvə təhlükəsizliyi məsələsini xüsusilə vurğulaması başadüşüləndir:
“Hazırda dünyada kifayət qədər ciddi proseslər gedir və belə bir dövrdə sürətli silahlanma yarışının şahidi oluruq. Bəzi ölkələr nüvə silahlarına malikdir və bu silahlardan istifadə etməklə digər dövlətləri təhdid edirlər”.
Politoloqun sözlərinə görə, nüvə təhlükəsizliyi dünyanın ən vacib problemlərindən biridir:
"1945-ci ildə Yaponiyanın Naqasaki və Xirosima şəhərlərinə atılan atom bombaları həmin coğrafiyaya ağır zərbə vurub və bunun fəsadları bu günə qədər davam edir. Bu baxımdan nüvə təhlükəsizliyi məsələsi xüsusi önəm daşıyır və bəşəriyyətin gələcəyi üçün olduqca vacibdir".
Oqtay Qasımov qeyd edib ki, Azərbaycan nüvə silahlarının yayılmasının əleyhinə olan dövlətlərdəndir:
"Nüvə enerjisindən mülki məqsədlərlə, xüsusilə, enerji istehsalı üçün istifadə edilməsi, əlbəttə, vacibdir. Dünyanın bir çox ölkəsi hazırda nüvə enerjisindən istifadəyə keçir. Azərbaycanın bu məsələdə mövqeyi kifayət qədər konstruktiv və açıqdır".
Nurgün Qənizadə